Məhkəmə qərarları › İş №2(054)-239/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-239/2025

12.06.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-239/2025 12.06.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Oğuz rayon Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və müqavilə əsasında tərtib edilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı Baxışov X6 Elşad Misir oğluna qarşı, Oğuz rayon Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi barədə onunla Cavabdeh arasında Oğuz Rayon Dövlət Notariat Kontorunda xx.xx.2004-cü il tarixdə bağlanmış 030660 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh adına hazırlanmış xx.xx.2006-cı il tarixli, 2144 saylı Qeydiyyat vəsiqəsinin və müvafiq texniki pasportun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2004-cü il tarixdə Oğuz Rayon Dövlət Notariat Kontorunda rəsmi 030660 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamaqla ünvan 1 ünvanında yerləşən, xx.xx.2004-cü il tarixli, 132 nömrəli, forma nömrə 1-ə və 2144 nömrəli qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan iki otaqlı fərdi yaşayış evini ******* (beş milyon) manata Cavabdeh satmağına dair müqaviləyə imza etmişdir. Müqavilədə qeyd edilən məbləği almağına dair imza etməyinə baxmayaraq qeyd edilən məbləği cavabdeh ona ödəməmişdir. Bu səbəbdən satdığı evi tərk etməmişdir. Bu günədək qeyd edilən evdə ailə üzvləri ilə birlikdə qeydiyyatdadır və yaşayır. İşin bu halını cavabdeh özü də etiraf edir. Evin dəyərini cavabdehin ona ödəmədiyi barədə həm cavabdehin, həm də onun digər ailə üzvləri də məlumatlıdırlar. Onunla Cavabdeh arasında bağlanmış xx.xx.2004cü il tarixli 030660 nömrəli müqavilə DƏDR-nə təqdim edilmiş və həmin müqavilə əsasında Cavabdeh adına xx.xx.2006-cı il tarixli, 2144 saylı Qeydiyyat vəsiqəsi və müvafiq texniki pasport hazırlanmışdır. Hazırda Oğuz Rayon Dövlət Notariat Kontorunda xx.xx.2004-cü il tarixdə bağlanmış 030660 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh adına hazırlanmışxx.xx.2006-cı il tarixli, 2144 saylı Qeydiyyat vəsiqəsinin və müvafiq texniki pasportun ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Yaranmış vəziyyətdə həmin sənədlər yalnız məhkəmə qətnaməsi əsasında ləğv edilə bilər. İddiaçı məhkəmə prosesinin gedişində məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək yalnız ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi barədə onunla Cavabdeh arasında Oğuz Rayon Dövlət Notariat Kontorunda xx.xx.2004-cü il tarixdə bağlanmış 030660 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh adına hazırlanmışxx.xx.2006-cı il tarixli, 2144 saylı Qeydiyyat vəsiqəsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə işə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, iddiaçı və cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh evin qiymətini ödəməkdən imtina etdiyinə görə iddiaçı həmin evdən köçməmişdir. Hazırda iddiaçı və onun ailə üzvləri həmin ünvanda qeydiyyatdadırlar və orada yaşayırlar. Cavabdeh də həmin ünvanda qeydiyyatdadır. Lakin ev ünvanlarının dəyişməsi səbəbindən hazırda Oğuz şəhəri, N.Nərimanov küçəsində yerləşən sözügedən evin nömrəsi 34 deyildir. Həmin nömrə başqa şəxslərin mülkiyyətində olan evə aiddir. Eyni zamanda cavabdeh özü də evin müqabilində müqavilə üzrə iddiaçıya verməli olduğu məbləği ödəmədiyini etiraf edir. Cavabdeh alqı-satqı predmeti olan fərdi yaşayış evini iddiaçıya qaytarmağa etiraz etmir, lakin alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün özlərindən asılı olan zəruri sənədləşmə işlərini həyata keçirməkdən imtina edirlər. Hazırki vəziyyətdə qeyd olunan alqı-satqı müqaviləsinin ləğvi yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etdiklərini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, o iddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıya verməli olduğu məbləği ödəmədiyini etiraf edir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi barəsində iddiaçı ilə onun arasında bağlanmış və Oğuz Rayon Dövlət Notariat Kontorunda qeydə alınaraq təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 030660 nömrəli alqı-satqı müqaviləsinin və xx.xx.2006-cı il tarixli, 2144 saylı Qeydiyyat vəsiqəsinin ləğv edilməsinə etiraz etmir və alqısatqı predmeti olan daşınmaz əmlak iddiaçıya qaytarmağa da razıdır. Lakin o müqavilənin ləğv edilməsi üçün Notariat Ofisinə getmək istəmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə prosesinin gedişində cavabdehin arvadı-X5 cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Cavabdeh ilə evlidir. İddiaçı və cavabdeh arasında baş tutumuş alqı-satqı müqaviləsindən və müqavilə şərtlərinin yerinə yetirilməməsindən xəbərdardır. O hazırda müqavilənin ləğv edilməsinə və fərdi yaşayış evinin iddiaçıya qaytarılmasına etiraz etmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Oğuz rayon Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Ərazi İdarəsi məhkəmə hazırlıq və baxış iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq həmin orqanların nümayəndələri heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının həmin üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli 230660 saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında iddiaçıya məxsus olan, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 46.5 kv. metr olan, iki otaqdan ibarət fərdi yaşayış evinin ******* (beş milyon) manata Cavabdeh satılması ilə əlaqədar müqavilə bağlanmış, həmin müqavilə Oğuz Rayon Dövlət Notariat Kontorunda qeydə alınaraq təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş 2144 nömrəli qeydiyyat vəsiqəsinin surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən, iki otaqdan ibarət fərdi yaşayış evi Cavabdeh adına mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsində xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli təklif məktubundan müəyyən edilir ki, iddiaçı Cavabdeh müraciət edərək onlar arasında bağlanmış xx.xx.2004-cü il tarixli 230660 saylı alqı-satqı müqaviləsi üzrə alqı-satqı predmeti olan daşınmaz əmlakların dəyəri olan ******* (beş milyon) manat məbləği almadığını, evin alqı-satqısına dair müqavilənin ləğv edilməsi zərurəti yarandığını bildirmişdir. İddiaçı həmin alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə bağlı razılığa gəlmələrini təklif etmiş, razılaşma ilə bağlı bütün xərcləri öz üzərinə götürmüşdür. İddiaçı həmçinin, alqı-satqı müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv edilməsi üçün xx.xx.2025-ci il tarixdə saat 10:00-da onunla Oğuz rayon Dövlət Notariat Kontorunun yerləşdiyi binanın qarşısında və ya təklifi aldıqdan sonra ona münasib hər hansı vaxtda Oğuz şəhərində başqa bir yerdə görüşərək alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə yeni müqavilə bağlamağı təklif etmişdir. Həmin təklif məktubu cavabdehə imza etdirilməklə onlara rəsmi qaydada verilmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizəsində müəyyən edilir ki, cavabdeh iddianı qəbul edir və iddianın təmin edilməsinə etiraz etmir. Müqavilə üzrə iddiaçıya pul ödəməmişdir və ondan heç bir tələbi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.1990-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə X1 rayon Xaçmaz kənd XDS İK-də xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 74 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Qarayev”, arvada “Qarayeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş, X5 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizəsində müəyyən edilir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış və Oğuz Rayon Dövlət Notariat Kontorunda qeydə alınaraq təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 230660 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı özünə məxsus olan, ünvan 1 ünvanında yerləşən iki otaqdan ibarət fərdi yaşayış evini cavabdehə satmağı, sonuncu isə alqı-satqı müqaviləsində qeyd edilən əmlakları qəbul edərək həmin əmlakların dəyəri kimi ******* (beş milyon) manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı alqı-satqı predmeti olan əmlakı cavabdehin mülkiyyətinə versə də, cavabdeh həmin əmlakın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmişdir. Cavabdeh alqı-satqı predmeti olan əmlakı xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsində öz adına qeydə aldırmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət edərək onlar arasında bağlanmış xx.xx.2004-cü il tarixli 230660 saylı alqı-satqı müqaviləsi üzrə alqı-satqı predmeti olan daşınmaz əmlakların dəyəri olan ******* (beş milyon) manat məbləği almadığını bildirmiş, alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb etmişdir. İddiaçı həmin alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün xx.xx.2025-ci il tarixdə Notariat Ofisinə getmələrini cavabdehə təklif etmişdir. Cavabdeh iddiaçının təklifindən imtina etmiş və Notariat Ofisinə getməmişlər. Hazırda iddiaçı iki otaqdan ibarət fərdi yaşayış evi barədə onunla cavabdeh arasında bağlanmış və Oğuz Rayon Dövlət Notariat Kontorunda qeydə alınaraq təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 230660 saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh adına hazırlanmış xx.xx.2006-cı il tarixli, 2144 saylı Qeydiyyat vəsiqəsinin ləğv edilməsini xahiş edir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs alqı-satqı müqaviləsinin, qeydiyyat vəsiqəsinin ləğv edilməsinə və alqı-satqı predmeti olan daşınmaz əmlakların iddiaçıya qaytarılmasına etiraz etmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh xx.xx.2004-cü il tarixli 230660 saylı alqı-satqı müqaviləsi üzrə alqı-satqı predmeti olan əmlakın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmiş, bununla da alıcı kimi müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Alqı-satqı predmeti olan əmlakların dəyərinin iddiaçıya ödənilmədiyi cavabdehin özü tərəfindən də etiraf edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1.-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2004-cü il tarixli 230660 saylı alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət olunmaqla tərtib edilərək notariat qaydasında təsdiq edilsə də, cavabdeh alqı-satqı müqaviləsi üzrə alıcı kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə, bununla da müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmaqla digər tərəfin qanunla qorunan hüquqlarına və mənafelərinə zərər vurduğuna görə və nəticədə iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etdiyinə, eyni zamanda cavabdeh də hazırda iddianı etiraf etdiyinə görə həmin müqavilə ləğv edilməlidir. Tərəflər müqavilənin ləğv edilməsi barədə razılığa gəlmədiyindən və cavabdeh iddiaçının müqaviləni Notariat Ofisində ləğv etmək təklifindən imtina etdiyindən qeyd olunan alqı-satqı müqaviləsi məhkəmə tərəfindən ləğv edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Cavabdeh adına olan xx.xx.2006-cı il tarixli, 2144 saylı Qeydiyyat vəsiqəsi xx.xx.2004-cü il tarixli 230660 saylı alqı-satqı müqaviləsinin əsasında tərtib olunduğundan və həmin müqavilənin ləğv edilməsi qərara alındığından Qeydiyyat vəsiqəsi özülüyündə hər hansı hüquqi qüvvəyə malik olmayacaqdır. Bu səbəbdən Cavabdeh adına olan xx.xx.2006-cı il tarixli, 2144 saylı Qeydiyyat vəsiqəsi də ləğv edilməlidir. Qeyd olunan hüquq normalarının tələbinə və müəyyən edilmiş hallara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış və Oğuz Rayon Dövlət Notariat Kontorunda qeydə alınaraq təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 230660 saylı alqı-satqı müqaviləsinin və Cavabdeh adına hazırlanan xx.xx.2006-cı il tarixli, 2144 saylı Qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. ünvan 1 ünvanında yerləşən iki otaqdan ibarət fərdi yaşayış evində hazırda da iddiaçı və onun ailə üzvləri qeydiyyatda olmaqla yaşadıqlarından, eyni zamanda, cavabdeh alqı-satqı predmeti olan əmlakın dəyərini iddiaçıya ödəmədiyindən məhkəmə hesab edir ki, xx.xx.2004-cü il tarixli 230660 saylı alqı-satqı müqaviləsi ləğv edildikdən sonra tərəflərin alqısatqı müqaviləsi üzrə aldıqlarının digər tərəfə qaytarılması məsələsinin araşdırılması zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən iki otaqdan ibarət fərdi yaşayış evi barəsində İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Oğuz Rayon Dövlət Notariat Kontorunda qeydə alınaraq təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 230660 saylı alqı-satqı müqaviləsi, eyni zamanda Cavabdeh adına hazırlanan xx.xx.2006-cı il tarixli, 2144 saylı Qeydiyyat vəsiqəsi ləğv edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar