Məhkəmə qərarları › İş №2(054)-268/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-268/2022

06.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-268/2022 06.07.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 200 (iki yüz) manat - cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdə cavabdehlə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2014-cü il tarixdə X2 və xx.xx.2016-cı il tarixdə X3 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, aralarındakı münasibət xx.xx.2021-ci il tarixdən pozulmuş, cavabdehlə birgə yaşadıqları evi tərk edib uşaqları ilə birlikdə Daşkəsən rayonu Quşçu kəndinə, öz valideynlərinin evinə getmişdir. Həmin vaxtdan o, valideynlərinin evində yaşayır və hər iki uşaq onun özünün himayəsindədir. Ötən müddət ərzində cavabdeh uşaqları ilə maraqlanmamış, onların maddi təminatının ödənilməsi üçün heç bir köməklik göstərməmişdir. Ona görə də o, uşaqların saxlanması üçün cavabdehdən aliment tələb etmək qərarına gəlmiş və hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən cavabdehdən hər ay hər uşaq üçün 200 (iki yüz) manat - cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə baxış iclasının iddiaçının iştirakı olmadan keçirilməsini qərara almışdır. İddiaçı iştirak etdiyi məhkəmə hazırlıq iclasında öz iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdeh uşaqların saxlanmaları üçün ona maddi yardım göstərmir. O özü də hazırda heç bir yerdə işləmədiyinə görə uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Cavabdeh uşaqların saxlanmaları üçün aliment ödənilməsi ilə bağlı ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı 2021-ci ilin dekabr ayında onunla birlikdə yaşadığı evi tərk edib uşaqlarla birgə öz valideynlərinin evinə getmişdir. Hazırda da onlar ayrı yaşayırlar və hər iki uşaq iddiaçının özünün himayəsindədir. O, daimi olaraq heç bir yerdə işləmir və sabit gəlir mənbəyi yoxdur. Təsadüfi işlərdə işləyərək xəstə valideynlərinə baxır. Uşaqların saxlanmaları üçün iddiaçıya hər ay hər uşaq üçün 100 (bir yüz) manat - cəmi 200 (iki yüz) manat aliment ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli AZ-İ 938275 nömrəli nikah haqqında şəhadətnamənin, xx.xx.2014-cü il tarixli AZ-İİİ 325830 nömrəli və xx.xx.2022-ci il tarixli AZ-İİİ 742095 nömrəli doğum haqqında şəhadətnamələrin surətləri, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayış ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, iddiaçı və cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə X2 və xx.xx.2016-cı il tarixdə X3 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və onların birgə nikahından anadan olmuş uşaqların hər ikisi hazırda iddiaçının himayəsindədirlər. Cavabdeh uşaqların saxlanmaları üçün aliment ödənilməsi ilə bağlı ilkin mediasiya prosesində də iştirak etməmişdir. İddiaçı uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini, cavabdehin isə uşaqların saxlanması üçün ona maddi yardım etmədiyini bildirərək cavabdehdən hər ay hər uşaq üçün 200 (iki yüz) manat - cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tələb edir. Cavabdeh uşaqların saxlanmaları üçün iddiaçıya hər ay hər uşaq üçün 100 (bir yüz) manat cəmi 200 (iki yüz) manat aliment ödəməyə razıdır. Cavabdehin gəlirlərinin miqdarı və mənbəyi məlum deyildir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki vəziyyətdə cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Ona görə də tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanmaları üçün cavabdehdən tutulan aliment sabit pul məbləğində müəyyən edilməlidir. Tərəfələrin birgə nikahından anadan olmuş uşaqlar iddiaçının himayəsində olduqlarından uşaqlara qulluq, onların sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu iddiaçı ilə birgə nikahından anadan olmuş uşaqları saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir Həmçinin, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin qeyd olunan maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından anadan olmuş azyaşlı uşaqların mənafeyini, cavabdehin uşaqların saxlanması üçün iddiaçıya hazırda heç bir kömək və maddi yardım etmədiyini, eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu, habelə, 2022-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq cavabdehdən hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat - cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq tərəflərin birgə nikahından anadan olmuş uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçıya verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, alimentin tutulması iddiaçının uşaqlar üçün cavabdehdən aliment tutularaq ona ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələb üzrə məhkəməyə müraciət etmək üçün dövlət rüsumunu ödəməkdən azad olan şəxs statusunda olsa da, mediasiya prosesi ilə bağlı 50 manat ödəmiş, cavabdeh isə mediasiya prosesində, ümumiyyətlə, iştirak etməmişdir. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə məhkəmə tərəfindən təyin edilmiş cəmi 240 (iki yüz qırx) manat alimentin miqdarı nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 2880 (iki min səkkiz yüz səksən) manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 48,80 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olan şəxs statusunda olmasa da, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödəniləcəyi və həmin məbləğin cavabdehin alimentə görə ödəməli olduğu 48,80 manat dövlət rüsumunu əhatə etdiyini nəzərə alaraq məhkəmə qərara gəlir ki, aliment alınması ilə bağlı cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat - cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 manat məbləğ Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar