Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-29/2023 10.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı,onun vəkili Vəkil Mayıl oğlunun, cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı cavabdehdən dəymiş ziyana görə 655 manat pulun, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat məbləğin və 67 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (mətndə iddiaçı) cavabdeh X3 (mətndə cavabdeh) qarşı cavabdehdən dəymiş ziyana görə 4655 manat pulun, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat məbləğin və 67 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia həcminin azaldılması barədə ərizə təqdim etdi və izahat verərək bildirdi ki, Oğuz şəhərində yaşayır. Əvvəllər DSMF Oğuz rayon şöbəsində işləyib. 2017-ci ildə şöbə tərəfindən cavabdehə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2019-cu ilin dekabr ayında aparılan yoxlama zamanı cavabdehin pensiyası dayandırılmış, pensiya dayandırılanadək almış olduğu 4655 manat pulun geri ödənilməsi şifahi şəkildə cavabdehdən və əsassız pensiya təyinatı aparan şəxslərdən, yəni ondan və digər əməkdaşlardan tələb edilmiş, əks halda məsuliyyətə cəlb ediləcəkləri bildirilmişdir. Cavabdeh maddi imkanının olmadığını bildirərək ondan həmin məbləği geri qaytarmağı xahiş etmiş, daha sonra həmin məbləği ona verəcəyini vəd etmişdir. Həm özünün məsuliyyətə cəlb edilmək qorxusu, həm də cavabdehi şəxsən tanıdığı və ona inandığı üçün məbləği onun əvəzindən iki dəfəyə fondun hesabına köçürmüşdür. Bundan əlavə pensiya sektorunun müdiri olduğundan məsuliyyət onun üzərində olub, halbuki cavabdehin pensiya işi ilə başqa əməkdaş məşğul olub. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-581/2020 saylı qərarı ilə fondun sərəncamı ləğv edilmiş, cavabdehin pensiyası dayandırıldığı tarixdən tam məbləğdə bərpa edilmiş, adından qaytarılmış 4655 manat pulun onun hesabına ödənilməsi qət edilmiş, həmin məbləğ cavabdehin hesabına köçürülmüşdür. Buna baxmayaraq cavabdeh məbləği qaytarmaqdan imtina etdiyindən məhkəməyə müraciət etmişdir. Məhkəməyə iddia verildikdən sonra cavabdeh məbləğdən 4000 manat pulu ona qaytarmış, bununla bağlı xx.xx.2022-ci il tarixdə qəbz imzalamışdır. Beləliklə, cavabdehin hazırda ona 655 manat borcu qalmışdır. Həmin məbləği güzəştə getmək fikri yoxdur, çünki bu pul onun halal puludur və ona qaytarılmalıdır. İddianın həmin həcmdə təmin edilməsini, 655 manat pulun, 300 manat vəkilə ödədiyi xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün ödədiyi 67 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəmə iclasında əlavə olaraq bildirdi ki, onun vəkil sorğusuna əsasən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin 1 saylı Şəki-Zaqatala Regional filialı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla ona bildirilmişdir ki, 26 noyabr-20 dekabr 2019-cu il tarixlərdə Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Oğuz rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasının araşdırılması ilə bağlı audit tədbirlərinin keçirilməsi nəticəsində X2 əmək pensiyası hüququnun ləğv edilməsi və artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı akt tərtib edilmişdir. Araşdırma nəticəsində xx.xx.2017-xx.xx.2019-cu il tarixə Tariyel İbrahimovun adına ödənilmiş 4655,330 manat artıq ödənilmiş vəsait müəyyən edilmişdir. Məktuba əlavə edilmiş 48607 və 48619 nömrəli “Kapital Bank” ödəniş qəbzləri ilə cavabdeh tərəfindən həmin məbləğin Fonda geri qaytarılması öz əksini tapmışdır. X2 adına artıq ödəmə kimi geri qaytarılmış 4655 manat məbləğ və xx.xx.2019-xx.xx.2021-ci il dövr üzrə alınmamış pensiya məbləği aylara bölünərək xx.xx.2021-ci il tarixdən Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən bərpa olunmuş aylıq pensiya məbləğinə keçmiş dövr ödənişi kimi əlavə edilərək vətəndaşa göndərilmişdir. Ödənilməmiş vəsaitin qalan hissəsi 6623,12 manat 2022-ci ilin dekabr ayı üçün pensiya ödənişi zamanı vətəndaşın hesabına birdəfəlik ödənilmişdir. Cavabdeh onunla bankomatdan 4000 manat pulu çıxarmış və iddiaçıya təqdim etmiş, bu barədə iddiaçının qəbzi ona verilmişdir. Cavabdeh qalan məbləği ödəməmişdir. İddiaçı ilə cavabdeh könüllü razılığa gəlmədiyi halda hesab edir ki, qalan 655 manat pul iddiaçıya verilməlidir. İddianın həmin həcmdə təmin edilməsi, əlavə olaraq 300 manat vəkil xidmət haqqının və 67 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, 2019-cu ildə onun pensiyası kəsilib. Bu da şöbənin təqsiri səbəbli olub. Əgər iddiaçının təqsiri yox idisə, niyə 4655 manatı onun yerinə ödəyirdi. 4000 manat pulu ona qaytarıb. Qalan məbləği qaytarmağa imkanı yoxdur. Pensiyası kəsildikdən sonra məcbur olub iddia ərizəsi ilə müraciət edib, dəfələrlə Şəkiyə məhkəməyə gedib, yol pulu və digər xərcləri olub. İddiaçı qalan 655 manat məbləği güzəştə getsin, əks halda iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə Oğuz rayon Dəymədərə kəndində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, S.Qazıyev küçəsi, ev 25-dir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarının elektron çıxarışından görünür ki, X4 xx.xx.1954-cü ildə Azərbaycan Respublikası Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Xaçmaz kəndidir. Şəki İnzibati Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(116)-581/2020 saylı qərarından çıxarışdan görünür ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Oğuz rayon filialının 671671 saylı pensiya işi üzrə X2 pensiyasının dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamı ləğv edilmiş, cavabdeh ƏƏSMN tabeliyində DSMF PHŞ Oğuz rayon filialının üzərinə təyin olunmuş pensiyanın əsassız dayandırıldığı xx.xx.2019-cu il tarixdən bərpa edilməsi, geri alınmış 4655 manat məbləğində pulun və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin hesablanıb iddiaçı X3 ödənilməsi öhdəliyi qoyulmuşdur. Şəki İnzibati Məhkəməsinin işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(116)-581/2020 saylı qərarından çıxarış icra edilməsi üçün Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin 15 saylı Regional ərazi idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Publik hüquqi şəxsin 1 saylı Şəki-Zaqatala Regional filialının (Qəbələ, Oğuz)Vəkil ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********5 saylı məktubundan görünür ki, 2019-cu ilin 26 noyabr-20 dekabr aylarında Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF Oğuz rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasının araşdırılması ilə bağlı audit tədbirlərinin keçirilməsi nəticəsində X2 əmək pensiyası hüququnun ləğv edilməsi və artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı akt tərtib edilmişdir. Araşdırma nəticəsində xx.xx.2017-xx.xx.2019-cu il tarixə Tariyel İbrahimovun adına ödənilmiş 4655,330 manat artıq ödənilmiş vəsait müəyyən edilmişdir. Məktuba əlavə edilmiş 48607 və 48619 nömrəli “Kapital Bank” ödəniş qəbzləri ilə həmin məbləğin geri qaytarılması öz əksini tapmışdır. X2 adına artıq ödəmə kimi geri qaytarılmış 4655 manat məbləğ və xx.xx.2019-xx.xx.2021-ci il dövr üzrə alınmamış pensiya məbləği aylara bölünərək xx.xx.2021-ci il tarixdən məhkəmənin qərarına əsasən bərpa olunmuş aylıq pensiya məbləğinə keçmiş dövr ödənişi kimi əlavə edilərək vətəndaşa göndərilmişdir. Ödənilməmiş vəsaitin qalan hissəsi 6623,12 manat vəsait 2022-ci ilin dekabr ayı üçün pensiya ödənişi zamanı vətəndaşın hesabına birdəfəlik ödənilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli e-manat qəbzindən görünür ki, həmin tarixdə ödənilmiş 300 manat məbləğ Vəkil Malik oğlunun ******************** saylı kart hesabına köçürülmüşdür. Cavabdeh X4 tərəfindən təqdim olunmuş, işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı cavabdehin ona borclu olduğu 4655 manat puldan 4000 manatını nəqd şəkildə ona ödədiyini, cavabdehin 655 manat borcunun qaldığını bildirmiş və qəbzə imza edərək tarix yazmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə, habelə tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, DSMF Oğuz rayon şöbəsi tərəfindən 2017-ci ildə cavabdehə təyin edilmiş pensiya 2019-cu ilin axırında dayandırılmış, həmin vaxtadək ödənilmiş 4655 manat pulun geri qaytarılması, əks halda həm iddiaçının, həm də cavabdehin məsuliyyət daşıyacağı bildirilmişdir.Cavabdeh maddi imkanının olmadığını bildirdiyindən onun xahişi ilə qaytaılmaq şərtilə iddiaçı tərəfindən həmin məbləğ şöbənin hesabına köçürülmüşdür. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Fondun pensiyanın dayandırılması və ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə sərəncamı ləğv edilmiş, həm 4655 manat pulun, həm də Tariyel İbrahimova verilməli digər pensiya məbləğinin hesablanıb ona qaytarılması qərara alınmış, qərar qanuni qüvvəyə mindikdən sonra icra üçün aidiyyəti orqana göndərilmişdir. İşdə olan sənədlərlə müvafiq məbləğlərin cavabdehə ödənildiyi müəyyən edilmiş, bu, cavabdeh tərəfindən də etiraf edilmişdir. İddia tələbi üzrə 4655 manat puldan 4000 manatı cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.Cavabdeh keçən illər ərzində digər xərclərinin çıxdığını əsas gətirməklə qalan 655 manat pulun ödənilməsindən imtina edir və iddiaçıdan həmin pulun ona güzəştə getməsini tələb edir. Beləliklə göründüyü kimi cavabdeh iddiaçıya tələb etdiyi 4655 manat puldan 4000 manatını ödədiyindən və qalan 655 manat pulun qaytarılması da onun vəzifəsi olduğundan məhkəmə hesab edir ki, iddia tələbi 655 manat pulun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Bundan əlavə iddiaçı hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat məbləğin cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, həmin məbləğ göstərilmiş hüquqi yardım üçün adekvat olmadığından iddia tələbinin həmin hissədə qismən-150 manat məbləğində təmin edilməsi ədalətli və qanunidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.5-ci maddəsinə əsasən nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər və 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq 30 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Cavabdeh X1 655 manat pul, hüquqi yardım üçün vəkilə ödənilmiş 150 manat və 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi hüquqi yardım üçün vəkilə ödənilmiş 150 manat və 37 manat dövlət rüsumu hissəsində təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-29/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-29/2023
10.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver