Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-509/2025 04.09.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından anadan olmuş 07 aprel 2011-ci il təvəllüdlü X3 və 23 may 2012-ci il təvəllüdlü X4 adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 2025-ci il üçün nəzərdə tutulmuş minimum əmək haqqının 0,50 mislində alimentin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2011-ci ildə Qəbələ rayon Nic qəsəbə sakini Cavabdeh ilə nikah bağlayaraq ailə həyatı qurmuşdur. Aralarında rəsmi nikah Oğuz rayon İH Xaçmaz kənd nümayəndəliyində 07 aprel 2011-ci il tarixdə 06 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd edilən nikahdan onların 07 aprel 2011-ci il təvəllüdlü X3 və 23 may 2012-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(054)-203/2023 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Həmin qətnamə ilə azyaşlı uşaqları 07 aprel 2011-ci il təvəllüdlü X3 və 23 may 2012-ci il təvəllüdlü X2 boşanmadan sonra onunla qalmaları qət olunmuşdur. Lakin həmin məhkəmənin gedişində cavabdeh ona uşaqlara baxmaqda köməklik edəcəyinə söz vermiş, daha sonra səhhətində bəzi problemlər olduğunu söyləyərək gəlməmişdir. Bir müddət keçdikdən sonra isə səhhəti yaxşılaşmışdır. O da uşaqlara baxmaqda çətinlik çəkir, ona görə də cavabdehdən aliment tələb etmək qərarına gəlmişdir. Hazırda uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən aliment tələb edir. Hazırki mübahisə üzrə mediasiyadan müvafiq sənəd almışdır və mediasiya sessiyasında iştirak etmək üçün nəzərdə tutulan mediasiya xərcini ödəmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə prosesinin iddiaçının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa oxşar izahat verdi və tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək və həmin ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, o iddia tələbini qəbul etmir. O, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin tələb və xahiş hissəsində aliment tələbi göstərilsə də, iddia ərizəsinin məzmununda yalnız nikahın pozulması və nikah pozulduqdan sonra uşaqların yaşayış yerinin müəyyən olunması və valideynlərdən hansının yanında qalmasından bəhs olunur və yalnız qeyd olunan tələblərə dair maddi hüquq normları sadalanmaqla onlara istinad edilir. İddia ərizəsində göstərilməmişdir ki, o, nəyə görə və hansı qanunun hansı tələbinə görə iddiaçıya aliment ödəməlidir. Göründüyü kimi iddia tələbi ilə iddia ərizəsinin məzmunu arasında uyğunsuzluq vardır. Eyni zamanda o hazırda xəstədir və onun iş qabiliyyəti yoxdur. O uşaqlara görə aliment ödəyə bilməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(054)-203/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 07 aprel 2011-ci il tarixdə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində 11 sayla qeydə alınmış nikah pozulmuş, 07 aprel 2011-ci il tarixdə anadan olmuş X3 və 23 may 2012-ci il tarixdə anadan olmuş X4 cavabdeh İddiaçı himayəsində saxlanılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının Cavabdeh ilə nikahından xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı övladları olmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(054)-203/2023 nömrəli qətnaməsinə əsasən uşaqlar iddiaçının himayəsində saxlanılmış və hazırda da birgə nikahdan anadan olmuş uşaqlar hal-hazırda iddiaçının himayəsindədirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246,0 manat, minumum əmmək haqqı isə 400,0 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: "8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024- cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir)." Məhkəmə bunu da qeyd edir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Məhkəmə iddiaçının aliment tələbinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır: 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir; 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Belə ki, məhkəmə qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, cavabdeh X1 yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşağa 2025-ci il üçün nəzərdə tutulmuş minimum əmək haqqının 0.50 misli həddində, yəni 200,0 manat olmaqla, cəmi 400,0 manat sabit pul məbləğində aliment pulunun tutulması valideyn kimi Cavabdeh gələcəkdə məhkəmə qətnaməsinin icrasından yayınma kimi dəyərləndirilərək onun və uşaqların hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına (alimentin tam həcmdə icra olunmaması uşaqların mənafeyinə ziyan vuracaq, qətnamənin icra olunmaması həm də cavabdeh barəsində məsuliyyət yaradacaq) səbəb olacaqdır. Bu isə onu ehtiva edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın mənafeyinin pozulmamasından ötrü tərəflərin maddi vəziyyəti, işin faktiki halları düzgün dəyərləndirilməli, maddi hüquq normaları düzgün tətbiq və təfsir edilməldir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşağın yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacı və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarları da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız ananın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 200,0 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinin tələblərinə uyğun olmazdı. Çünki, həmin normalarla müəyyən etməyə əsas verir ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Həmçinin iş materiallarından müəyyən olunur ki, cavabdeh hər-hansı əmək fəaliyyəti ilə məşğul olmur. Ona görə də məhkəmə iddianın qismən təmin edilərək tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 72,0 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400 manat olmasının nəzrə aldıqda cavabdehdən 72,0 manat alimentin məbləği minimum əmək haqqı məbləğinin (72:400) 0,18 mislini təşkil edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud tələb ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti aliment tələbinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır (maddə 217.1). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır” (maddə 218.3). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-cı il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,18 misli həddində sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,18 (hər uşaq üzrə ayrı-ayrılıqda) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(054)-509/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-509/2025
04.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver