Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-611/2023 15.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X6 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 1000 manat mənəvi zərərin, 80 manat əsas borcun, 50 manat hüquqi yardım üçün vəkilə ödənilmiş pulun və 32 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə 15 dekabr 2023-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 1000 manat mənəvi zərərin, 80 manat əsas borcun, 50 manat hüquqi yardım üçün vəkilə ödənilmiş pulun və 32 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Oğuz rayon Tayıflı kəndində yaşayır. Təqaüdçüdür, həm də fərdi əməklə məşğul olur. Özünün xüsusi mülkiyyətində olan MTZ 80 markalı traktorla 2022-ci ilin iyul ayında həmkəndlisi, habelə qohumluq əlaqələri olan cavabdehin müraciəti əsasında ona saman bağlamış və traktoruna qoşulmuş lafetlə bir reysdə Padar kəndindən Tayıflı kəndinə 140 ədəd saman bağlaması gətirmişdir. Bu işlərə görə cavabdeh ona 110 manat pul ödəməli olsa da aradan keçən 1 il müddətində öhdəliyindən boyun qaçırmışdır. 4 dəfə əməliyyat olunduğundan 1 ildən sonra ona gəlininin telefonu ilə zəng edib pulu istəyəndə cavabdeh demişdir ki, həmin puldan 30 manatını onun oğluna vermiş, qalan 25 manatını isə onu Şəkiyə aparanda xərcləmişdir. Ondan 80 manatı ödəməsini dedikdə isə onu söyüb təhqir etmişdir. Əvvəl Elmir söyüş söymüş, sonra o da məcbur olub cavabdehə söymüşdür. Onun həmin danışığını diskə köçürmüş və iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh sonra onun qapısına gəlmişdir, lakin o, ailə üzvlərini qapıya çıxmağa qoymamış və 102 xidmətinə zəng etmişdir. Polis gələndə Elmir artıq çıxıb getmişdi. Səs yazısını polisə də təqdim etmişdir. Cavabdehin üzr istəyəcəyini güman etsə də, cavabdeh bunu etməmişdir. Cavabdehin hərəkətlərinə oğlu, gəlini və nəvəsi şahiddir. Cavabdeh ona söyüş söyərək şərəf və ləyaqətini alçaltdığından 1000 manat mənəvi zərər vurmuşdur. Bundan əlavə cavabdehin onu Şəkiyə aparmasına görə 20 manat, oğluna verdiyini söylədiyi 30 manat pulu çıxmaqla 60 manat gördüyü işlə əlaqədar, vəkilə verdiyi 50 manat, 32 manat dövlət rüsumundan ibarət borcu da yaranmışdır. İddianın həmin məbləğdə təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının gördüyü işlə əlaqədar ona 110 manat borcu yaranmışdır. Həmin pulun 30 manatını iddiaçının oğluna vermişdir. Bundan əlavə iddiaçını maşını ilə Şəkiyə aparanda xərci çıxmışdır. Buna görə də ona cəmi 52 manat borcu qalmışdır. Həmin pulu verə bilər. Qalan məbləğləri qəbul etmir. İddiaçı ilə borcunun ödənilməsi ilə bağlı telefonla danışarkən iddiaçı onun ailəsinə söymüş, buna görə hirslənib o da onu söymüşdür. Sonra dəfələrlə zəng etsə də iddiaçı telefonu bağladığından onların qapısına gedib etdiyi hərəkətin səbəbini öyrənmək istəmiş, lakin ona qapı açmamışlar. İddianı ancaq 52 manat borc hissəsində qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş şahid X2 izahat verərək bildirmişdir ki, iddiaçı qaynatasıdır, qaynanası isə cavabdehin bibisidir. Qaynatası traktor işlədir. Cavabdeh 1 ildən artıq müddətdə qaynatasına borclu olduğu 110 manat pulu vermədiyindən onun telefonundan votsap vasitəsilə cavabdehə zəng etmişlər. Elmir qaynatasına demişdir ki, borcdan 30 manat oğluna vermişəm, 25 manata da səni Şəkiyə aparmışam. Qaynatası pulun qalanını istəyəndə onu söymüşdür. Sonra 7 dəfə zəng etmiş, sonuncu zəngdə qaynatası demişdir ki, telefonu aç, onun səsini yazaq. Cavabdeh qaynatasına söyüşlər söymüş, qapıya çıxmağı tələb etmişdir. Elmir söyəndən sonra qaynatası da onu söymüşdür. Telefonda səs yazısı qalmayıb, silinmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş şahid X3 izahat verərək bildirmişdir ki, iddiaçı atası, cavabdeh dayısı oğludur. Əvvəllər problemləri olmayıb. Atası ilə birlikdə Elmirə traktorla iş görmüşlər. Atası həkimə getməli olduğundan Nilufərin telefonu ilə zəng edərək cavabdehdən borclu olduğu 110 manatı istəmiş, Elmir cavabında onun atasını Şəkiyə həkimə apardığını deyərək 25 manatı ona çıxmış, qalan puldan 30 manatını da guya oğluna, yəni ona verdiyini demişdir. Atası da 30 manatı almış kimi qəbul edərək qalan pulun verilməsini tələb edəndə Elmir ona demişdir ki, “sən mənə yox, Elnura inanırsan”. Sonra isə atasını söymüşdür. Elmir sonra 5-6 dəfə zəng etsə də, atası telefonu söndürmüşdür. Sonuncu zəngdə atası cavabdehin səsini yazmağı ondan və Nilufərdən xahiş etmişdir. Elmir onların qapısına gəlsə də onlar qapını açmamış, 102 xidmətinə zəng etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Azərbaycan Respublikası, Vartaşen rayonu, Tayıflı kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Tayıflı kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə olunmuş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1986-cı il tarixdə Oğuz rayonu Tayıflı kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Tayıflı kəndidir. Məhkəmənin sorğusuna cavab olaraq Oğuz RPŞ-dən xx.xx.2023-cü il tarixdə daxil olmuş və işə əlavə olunmuş materialın surətindən görünür ki, Oğuz rayon Tayıflı kənd sakini İddiaçı xx.xx.2023-cü il tarixdə 102 xidmətinə və polis şöbəsinə müraciət edərək Elmir adlı şəxs tərəfindən onun istifadəsində olan mobil nömrəyə zəng edilərək təhqir edildiyini bildirmişdir. Müraciət əsasında araşdırma aparılarkən müraciət müəllifi öz izahatında keçən ilin həmin vaxtında Cavabdeh ot presi bağladığını, Elmirin ona 110 manat borcu qaldığını, daha sonra Elmirin onun oğluna 30 manat pul verdiyini, onunla birlikdə Şəki şəhərinə gedərkən borcundan 25 manat da çıxdığını, yerdə qalan pulu istəyən zaman Elmirin onu təhqir etdiyini, onun yaşadığı ünvana gələrək nalayiq ifadələr işlətdiyini bildirmişdir. Araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, həmkəndlisi Fərhada keçən il ot presi bağladan zaman ona 110 manat borcu qalmış, həmin pulun 30 manatını onun oğluna vermiş, 20 manatını isə İddiaçı Şəki şəhərinə aparan zaman benzin puluna çıxmış, onun Fərhada 60 manat borcu qalmışdır. Sonra Fərhad telefonla danışarkən onu söydüyündən o da əsəbiləşərək söyüş söymüşdür. Əsəbiləşdiyindən Fərhadın yaşadığı ünvana gələrək məsələni dəqiqləşdirmək istəmiş, lakin İddiaçı evdən çıxmadığından qayıdıb getmişdir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 48453 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən vəkil X1 "xxxx" ASC-də olan ******************** saylı hesabına 1410 saylı “e- Manat” ödəniş terminalı vasitəsilə 50 manat vəsait köçürülmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olduğu bildirilən səs yazısının keyfiyyətsiz olduğundan dinlənilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı 2022-ci ilin yay aylarında cavabdehə ot presi bağlamış, nəticədə cavabdehin ona 110 manat borcu qalmışdır. Cavabdeh borcunu ödəmədiyindən iddiaçı ondan pulu tələb etmiş, cavabdeh həmin puldan 30 manatını cavabdehin oğluna verdiyini, 20 manatını isə iddiaçını Şəki şəhərinə apararkən maşınına benzin tökdüyünü, qalan borcun 60 manat olduğunu bildirmişdir. İddia tələbinə görə iddiaçı 80 manat əsas borcun cavabdehdən tutulmasını xahiş etsə də, məhkəmə icraatı zamanı qalıq borcun 60 manat olduğunu qəbul etmiş, cavabdeh isə polis şöbəsində aparılmış araşdırma zamanı verdiyi izahatla həmin məbləği təsdiq etsə də, məhkəmə iclasında qalıq borcun 52 manat təşkil etdiyini bildirmiş və onun qaytarmağa etiraz etməmişdir. Cavabdeh qalıq borcun 52 manat olması ilə bağlı sübutunu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbi 80 manat əsas borc tələbi hissəsində qismən təmin edilməli, görülmüş işə görə 60 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidr. İddia tələbinin 1000 manat mənəvi zərərin cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilmişdir. Şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Haqqında belə məlumatlar yayılmış şəxsin həmin məlumatların təkzibi ilə yanaşı onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s.üsullarla yayıla bilər.Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Həmin Qərarın 6-cı bəndinə əsasən başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Həmin Qərarın 12-ci bəndinə əsasən, iddia təmin edildikdə, məhkəmə… qətnamənin qərar hissəsində həqiqi məlumatların nədən ibarət olmasını, hansı məlumatın təkzib edilməsini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmyayn sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericilin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və.s ), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.) ifadə oluna bilər. Yenə həmin Qərarın 7-ci bəndinə əsasən mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə iclasında müəyyən edildiyi kimi iddiaçı ilə cavabdeh qohumluq münasibətində olmaqla onların arasında mübahisə görülmüş işə görə pulun tam məbləğdə iddiaçıya qaytarılmaması nəticəsində yaranmış, tərəflər mobil telefon vasitəsilə qeyd edilən məsələni müzakirə edərkən qarşılıqlı surətdə söyüşmüş, cavabdeh məsələni aydınlaşdırmaq üçün iddiaçının qapısına getsə də iddiaçı qapını açmamış, 102 xidmətinə və polis şöbəsinə müraciət edərək cavabdehin hərəkətlərinə qiymət verilməsini tələb etmişdir. Təqdim edilən materialdan göründüyü kimi müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapmadığından arayışla materialın şöbənin dəftərxanasında işə tikilməsi məqsədəmüvafiq hesab edilmişdir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının barəsində hər hansı təhqiramiz məlumatın bildirilməsi, həmin məlumatın yayılması, baxılan iş üzrə müəyyən edilməsi lazım olan, yuxarıda qeyd edilən 3 halın məcmu şəklində mövcudluğu müəyyən edilmədiyindən və bu barədə iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən mənəvi zərərin vurulması halı istisna edilməklə iddia tələbi 1000 manat mənəvi zərər hissəsində təmin edilməməlidir. İddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş 50 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. İşə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 48453 saylı qəbzdən göründüyü kimi İddiaçı tərəfindən vəkil X1 "xxxx" ASC-də olan ******************** saylı hesabına 1410 saylı “e-Manat” ödəniş terminalı vasitəsilə 50 manat vəsait köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun qeyd edilən tələbindən yanaşmaqla məhkəmə hesab edir ki, hazırki iş üzrə vəkilə ödənilmiş 50 manat məbləğ ağlabatan hesab edilməklə cavabdehdən tutulub iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 60 manat borc pul, hüquqi yardım üçün vəkilə ödənilmiş 50 manat pul, cəmi 110 (bir yüz on) manat pul və və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi 1000 manat mənəvi zərər, 20 manat borc pul və 2 manat dövlət rüsumu hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-611/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-611/2023
15.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver