Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-624/2024 01.11.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat - cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə tarixdə cavabdehlə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2015-ci il tarixdə X2 və xx.xx.2017-ci il tarixdə X3 adlı iki uşaqları anadan olmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 18 / 2024 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, həmin qətnamə ilə xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 onun himayəsində qalmaları qət olunmuşdur. Lakin həmin məhkəmədə iştirak etmədiyi üçün aliment tələb edə bilməmişdir. Hazırda uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən aliment tələb edir. Qeyd etdiklərinə əsasən cavabdehdən hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat - cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, cavabdehlə aralarındakı nikah pozulduqdan sonra cavabdehlə bir müddət Bakı şəhərində yaşasa da, sonradan cavabdeh Rusiya Federasiyasına getmişdir. O, hazırda Baş Daşağıl kəndində uşaqları ilə birlikdə cavabdehdən ayrı yaşayır. Cavabdeh uşaqların saxlanmaları üçün ona maddi yardım göstərmir. O özü də hazırda heç bir yerdə işləmədiyinə və uşaqların da ehtiyacları artdığına görə uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Cavabdeh uşaqların saxlanmaları üçün aliment ödənilməsi ilə bağlı ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, onun nümayəndəsi və vəkili Nümayəndə işə cavabdehin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə cavabdehin hazırki iddia tələbini qismən qəbul etdiyini bildirdi və məhkəmə baxış iclasında verdiyi izahatında göstərdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 18 / 2024 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh arasında olan nikah pozularkən iddiaçı cavabdehdən aliment tələb etməmişdir. Lakin bundan sonra cavabdeh iddiaçını və uşaqlarını Bakı şəhərinə apararaq orada mənzil kirayələmiş və onların hər ehtiyaclarını ödəmişdir. Cavabdeh hazırda Dağıstan Respublikasındadır və işləyib gəlir əldə etmir. O, tezliklə Azərbaycan Respublikasına qayıdacaq və uşaqlarının maddi ehtiyaclarını ödəyəcəkdir. Eyni zamanda, uşaqların yaşları da hazırda az olmadığından iddiaçı özü də işləyərək qazanc əldə edə bilər. Uşaqların maddi ehtiyaclarını ödəmək hər iki valideynin borcudur. Cavabdeh uşaqların saxlanmaları üçün iddiaçıya hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat - cəmi 260 (iki yüz altmış) manat aliment ödəyə bilər. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 18 / 2024 nömrəli qətnaməsinin, xx.xx.2015-ci il tarixli AZ-İİİ 522042 nömrəli və xx.xx.2017-ci il tarixli AZ-İİİ 892531 nömrəli doğum haqqında şəhadətnamələrin surətləri, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, iddiaçı və cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə X2 və xx.xx.2017-ci il tarixdə X3 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 18 / 2024 nömrəli qətnaməsinə əsasən məhkəmə qaydasında pozulmuş və tərəflərin birgə nikahından anadan olmuş uşaqların boşanmadan sonra iddiaçının yanında qalması müəyyən edilmişdir. Cavabdeh uşaqların saxlanmaları üçün aliment ödənilməsi ilə bağlı ilkin mediasiya prosesində də iştirak etməmişdir. İddiaçı uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini, cavabdehin isə uşaqların saxlanması üçün ona maddi yardım etmədiyini bildirərək cavabdehdən hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat - cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tələb edir. Cavabdeh uşaqların saxlanmaları üçün iddiaçıya hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat - cəmi 260 (iki yüz altmış) manat aliment ödəməyə razıdır. Cavabdehin gəlirlərinin miqdarı və mənbəyi məlum deyildir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki vəziyyətdə cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Ona görə də tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanmaları üçün cavabdehdən tutulan aliment sabit pul məbləğində müəyyən edilməlidir. Tərəflərin birgə nikahından anadan olmuş uşaqlar iddiaçının himayəsində olduqlarından uşaqlara qulluq, onların sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu iddiaçı ilə birgə nikahından anadan olmuş uşaqları saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir Həmçinin, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin qeyd olunan maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından anadan olmuş azyaşlı uşaqların mənafeyini, cavabdehin uşaqların saxlanması üçün iddiaçıya hazırda heç bir kömək və maddi yardım etmədiyini, eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu, habelə, 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq cavabdehdən hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat - cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq tərəflərin birgə nikahından anadan olmuş uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçıya verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, alimentin tutulması iddiaçının uşaqlar üçün cavabdehdən aliment tutularaq ona ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələb üzrə məhkəməyə müraciət etmək üçün dövlət rüsumunu ödəməkdən azad olan şəxs statusunda olsa da, mediasiya prosesi ilə bağlı 60 manat ödəmiş, cavabdeh isə mediasiya prosesində, ümumiyyətlə, iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 60 manat məbləğin onun özünə aid edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə məhkəmə tərəfindən təyin edilmiş cəmi 340 (üç yüz qırx) manat alimentin miqdarı nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 4080 (dörd min səksən) manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 60,80 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qərara gəlir ki, aliment alınması ilə bağlı cavabdehdən 60,80 manat miqdarında dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat - cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. İddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 60 manat məbləğ onun özünə aid edilsin. Cavabdeh 60,80 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 2 saylı “Əlavə”yə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən : Elşən Vəliyev
Məhkəmə qərarları › İş №2(054)-624/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-624/2024
01.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver