Məhkəmə qərarları › İş №2(054)-640/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-640/2024

15.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-640/2024 15.11.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə 15 noyabr 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı övladı-15 may 2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər növ qazancından hər ay 300 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı və cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. İddiaçının nümayəndəsi və vəkilinin iştirakı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının cavabdehlə qeyri-rəsmi nikahından 15 may 2023-cü il tarixdə Aqşin adlı övladı anadan olmuşdur. Uşaq Rusiya Federasiyasınn Krasnoyarsk şəhərində doğulmuş, 31 may 2023-cü il tarixdə həmin şəhərin Sovetsk rayonunun VVAQ şöbəsində uşağın doğumu atalığın müəyyən edilməsi ilə qeydə alınmışdır. Tərəflər keçən ildən faktiki ayrı yaşayırlar. Cavabdeh Rusiya Federasiyasına gedib-gəlir və yüksək gəliri var, belə ki, ticarətlə məşğuldur. O, Oğuz rayonu Qarabulaq kəndində yaşayan valideynlərinə maddi köməklik etsə də, iddiaçıya uşağın saxlanmasında heç bir maddi yardım göstərmir. Cavabdehin mal-qarası, qoyunları var. Buna görə də ondan rəsmi qaydada aliment tələb etmək üçün mediasiya orqanına müraciət edilmişdir. Cavabdeh mediasiya orqanının çağırışına gəlməmişdir. Hazırda iddiaçı cavabdehdən cəmi 300 manat alimentin tutulmasını istəyir. Güzəşt mövqeyindən yanaşmaqla 200 manat aliment tutulması barədə qərarla razılaşmaq olar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Oğuz rayonu, Qarabulaq kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Qarabulaq kəndidir. İşə əlavə edilmiş doğum haqqında İV-BA 808792 saylı şəhadətnamənin surətindən görünür ki, X2 15 may 2023-cü il tarixdə Rusiya Federasiyası Krasnoyarsk diyarı Krasnoyarsk şəhərində anadan olmuş, bu barədə Krasnoyarsk şəhər Sovetsk rayonu VVAA-da 31 may 2023-cü il tarixdə doğum haqqında ********************1 saylı akt tərtib edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında İ-BA 675954 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 15 may 2023-cü il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmiş, bu barədə Krasnoyarsk şəhər Sovetsk rayonu VVAA-da 31 may 2023cü il tarixdə atalığın müəyyən edilməsi haqqında ********************5 saylı akt tərtib edilmişdir. Tərəflərin gəlir məlumatlarına dair “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı işəgötürən (VÖEN **********) X3 işçisi (qara fəhlə) olmaqla aylıq əmək haqqı 350 manatdır. Sistemdə Cavabdeh aylıq gəlirləri ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsində aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyulur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün yaşayış minimumu hər ay 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı və cavabdeh faktiki nikahla ailə qurmuşlar. Həmin nikahdan tərəflərin 15 may 2023-cü il təvəllüdlü övladı vardır. Uşağın doğumu atalığın müəyyən edilməsi ilə qeydə alınmışdır. Hazırda iddiaçı uşağı ilə birgə atasının evində yaşayır. Aylıq gəliri 350 manatdır. Cavabdeh məlumatlı olmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə münasibətini bildirməmişdir. İddiaçı cəmi 300 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etsə də, cavabdehin qazancına dair sübutlarını təqdim etməmiş, onun nümayəndəsi və vəkili məhkəmə iclasında alimentin 200 manat məbləğində müəyyən edilməsi ilə razılaşmanın mümkün olacağını söyləmişdir. Beləliklə, məhkəmə hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduqlarına dair ailə qanunvericiliyinin tələbi, iddiaçının uşağın hər cür ehtiyacları ilə bağlı daha çox zəhmətinin olduğu, tərəflərin maddi vəziyyəti, cavabdehin iş yeri və qazancı barədə məlumatların olmamasının onu övladını saxlamaq vəzifəsindən azad etmədiyi nəzərə alınaraq iddia qismən təmin olunmalı, cavabdehdən hər ay cəmi 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçının xeyrinə verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 41 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 15 may 2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Alimentin bu qaydada tutulması 23 sentyabr 2024-cü il tarixdən hesab edilsin. Cavabdeh 41 manat alınaraq respublika büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar