Məhkəmə qərarları › İş №2(054)-756/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-756/2025

19.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-756/2025 19.12.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X1, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Oğuz Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında olan hazırki mübahisə də onların ailə münasibətlərindən irəli gələn mübahisədir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İş materiallarından görünür ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatı olsa da, cavabdeh Oğuz rayonunda qeydiyyatdadır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etdiyini təsdiq edən sənədi işə əlavə etsə də, həmin sənədin məzmunundan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı isə aidiyyəti üzrə mübahisənin aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına deyil, Qusar 1 saylı Mediasiya təşkilatına müraciət etmşdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, məhkəməyə müraciət edəcək tərəf mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni ərazidə yerləşən mediasiya təşkilatına, qeyd olunan ərazidə mediasiya təşkilatı olmadıqda isə məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın məsafədə yerləşən mediasiya təşkilatına müraciət etməlidir. Hazırki iş üzrə tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədiyindən və mübahisə aidiyyət baxımından cavabdehin yaşadığı yer üzrə Oğuz Rayon Məhkəməsinə aid olduğundan həmin ərazi üzrə mediasiya sessiyası Şəki 1 saylı Mediasiya təşkilatı və ya Qəbələ 1 saylı Mediasiya Təşkilatı tərəfindən aparılmalıdır. Lakin iddiaçı həmin qaydaya riayət etməyərək tərəflər arasında razılıq olmadığı halda, ərazi aidiyyəti üzrə Oğuz Rayon Məhkəməsinə aid mübahisələrlə bağlı mediasiya sessiyasını aparmaq səlahiyyəti olmayan mediasiya təşkilatına müraciət etmiş, bununla da mediasiya prosesində iştirakla bağlı qanunvericilikdə müəyyən edilmiş qaydaların tələbini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.4-1-ci maddələrinin məzmununa görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı ailə münasibətlərindən irəli gələn mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin qanunamüvafiq qaydada ilkin mediasiya sessiyasında iştirak edilməsini təsdiq edən müvafiq sənədi ərizəsinə əlavə etmədiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Eyni zamanda, iddiaçıya izah edilir ki, mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflər qarşılıqlı razılaşma əsasında bir və ya bir neçə mediator seçə, habelə, qarşılıqlı razılaşma olmadıqda mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına müraciət edə bilərlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim : Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar