Məhkəmə qərarları › İş №2(054)-8/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-8/2022

27.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-8/2022 27.01.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Mikayılzadə Əsmər Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9000 (doqquz min) ABŞ dolları, 250 (iki yüz əlli) manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ilin may ayında torpaq sahəsi almaq istədiyi üçün soraqlaşıb bilmişdir ki, Maştağa qəsəbəsi Savalan yaşayış massivi ərazisində münasib qiymətə torpaq sahəsi vardır. Bu məqsədlə o, bacısı Hüsniyyə və oğlu Şükran ilə birlikdə Savalan yaşayış massivinin ərazisinə getmiş və orada məlum olmuşdur ki, həmin torpaq sahələrinin satışı ilə vasitəçi (dəllal) kimi Cavabdeh adlı şəxs məşğul olur. Onlar həmin şəxsin işlədiyi ofisin yerini öyrənib həmin yerə getmiş və orada o, Cavabdeh adlı şəxslə, yəni hazırki iş üzrə cavabdehlə tanış olmuşdur. Cavabdeh münasib qiymətə torpaq sahələri olduğunu demiş və onlar birlikdə həmin torpaq sahələrinə baxmağa getmişlər. Bir neçə torpaq sahəsinə baxdıqdan sonra o, həmin torpaq sahələrindən birini seçmişdir. Cavabdeh həmin torpaq sahəsinə görə ondan beh olaraq 250 manat pul istəmiş, o da bacısının və oğlunun yanında həmin məbləği cavabdehə vermişdir. Bir həftə sonra cavabdeh Həqiqət adlı bir qadınla onun yaşadığı evə gələrək ona satacağı torpaq sahəsinə dair sənəd təqdim etmiş və həmin torpaq sahəsinə görə 9000 ABŞ dolları pul almışdır. Sonradan o, cavabdehin həmin torpaq sahəsini ona təhvil vermədiyini görüb şübhələnmiş və cavabdehin ona verdiyi sənədi müvafiq orqana təqdim etmişdir. Həmin orqanda qeyd olunan sənədin saxta olduğunu ona bildirmişlər. Bundan sonra o, verdiyi pulu cavabdehdən geri tələb etsə də, cavabdeh onun pulunu qaytarmaqdan yayınmışdır. O, cavabdehin barəsində şikayət ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə müraciət etmiş, onun şikayəti əsasında araşdırma aparılaraq cavabdehin əməlində cinayət tərkibi olmaması əsası ilə 05.07.2014-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda izahatı qeyd edilmiş cavabdeh ondan 9000 ABŞ dolları pul aldığını etiraf etsə də, guya sonradan qaytardığını qeyd etmişdir. Cavabdeh ondan aldığı 9000 ABŞ dolları və 250 manat pulu indiyədək qaytarmamışdır. Cavabdehin onu aldatması nəticəsində ona 9000 ABŞ dolları və 250 manat miqdarında maddi zərər dəymişdir. Ona görə də o, həmin maddi zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, 2008-ci ildə torpaq sahəsi almaq niyyəti ilə cavabdehin yanına getməzdən əvvəl onu tanımamış, həmin vaxtadək cavabdehlə hər hansı münasibəti olmamışdır. 2008-ci ildə cavabdeh onun Savalan yaşayış massivinin ərazisində seçib bəyəndiyi 0,03 hektar torpaq sahəsini yerində ölçüb ona göstərdiyinə və bir neçə gün sonra torpaq sahəsinin yerləşmə sxemini də ona təqdim etdiyinə görə cavabdehə inanıb həmin torpaq sahəsinin dəyəri kimi özünün yaşadığı evdə, öz bacısının yanında ona 9000 ABŞ dolları pul vermişdir. 250 manat pulu isə torpaq sahəsinin sənədləşmə işlərini yerinə yetirmək üçün cavabdehə vermişdir. Cavabdeh həmin torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin müəyyən vaxt ərzində hazırlanmalı olduğunu dediyinə görə uzun müddət gözləmiş, ancaq sonradan görmüşdür ki, həmin ərazidə digər şəxslər tikinti işlərinə başlamışlar. O da öz torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün özündə olan, cavabdehin ona verdiyi sxemi müvafiq orqana təqdim edəndə məlum olmuşdur ki, həmin sənədin heç bir hüquqi qüvvəsi yoxdur. Daha sonra o, hüquq-mühafizə orqanlarına müraciət etmiş, həmin orqanlar tərəfindən ona mülki icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bundan sonra da o, pulunu tələb etmək üçün güman etdiyi hər yerdə cavabdehi axtarmış, onun iş yeri olan ofisə, ona məxsus fermaya, faktiki yaşadığı ünvana da getmiş, lakin cavabdeh ondan qaçdığına görə onu tapa bilməmişdir. Cavabdehi tapmaq üçün getdiyi yerlərdə isə rastlaşdığı hər kəs cavabdehin dələduz olduğunu, nahaq yerə ona pul verdiyini və pulunu ala bilməyəcəyini demişlər. O, uzun müddət axtardıqdan sonra cavabdehin Oğuz rayonunda qeydiyyatda olduğunu bilmiş və bundan sonra aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Hazırda o, həmin məbləğləri cavabdehdən tələb edir. Cavabdehin izahatında qeyd etdiyi, ondan aldığı 9000 ABŞ dolları pulu guya sonradan 2008-2009-cu illərdə qaytardığı barədə qeyd etdikləri ilə bağlı bildirir ki, cavabdeh ondan aldığı 9000 ABŞ dolları puldan nə 2008-2009-cu illərdə, nə də ki sonrakı illər ərzində ona hər hansı məbləğ qaytarmamışdır. Əksinə, o, 2014-cü ildə cavabdehin barəsində polisə şikayət edəndə polis idarəsində cavabdehə nə üçün ondan aldığı pula görə verməli olduğu torpaq sahəsini vermədiyini soruşmuşlar. Cavabdeh də polis idarəsində olarkən ona torpaq sahəsi verməkdən imtina etmədiyini demiş və ona başqa bir ərazidə, özünün işlətdiyi kafenin yanında torpaq sahəsi göstərmişdir. Bundan sonra o, həmin torpaq sahəsinə tikinti işləri üçün mişar daşı da aparıb tökdürmüşdür. Ancaq cavabdeh və oğlu sonradan həmin ərazidən daşı yığıb aparmış və qeyd olunan torpaq sahəsini də ona verməmişlər. Əgər cavabdeh onun pulunu 2008-2009-cu illərdə qaytarmışdırsa, onun 2014cü ildə cavabdeh barəsində şikayət etməsi, şikayət edildiyi vaxtda cavabdehin də ona torpaq sahəsi verməyə etirazı olmadığını deməsi və onun da həmin torpaq sahəsinə mişar daşı aparıb tökdürməsi inandırıcı deyildir. Eyni zamanda, cavabdehin izahatında qeyd etdiyi, bir neçə il əvvəl ona 2000 manat borc pul verməsi ilə bağlı qeyd edir ki, həqiqətən də, bir neçə il əvvəl maddi ehtiyacı üçün təcili pul lazım olduğuna görə cavabdehdən 2000 manat borc pul almış, vəd etdiyi vaxtda da borcunu qaytarmışdır. Həmin borcun onunla iddiaçı arasında olan torpaq alqı-satqısı məsələsinə hər hansı aidiyyəti olmamışdır. Həmçinin, o, cavabdehə verdiyi 9000 ABŞ dolları pulun hissə-hissə deyil, bütöv şəkildə geri qaytarılmasını istədiyindən cavabdehdən borc olaraq aldığı 2000 manat pulu həmin 9000 ABŞ dollarının bir hissəsinin müqabili kimi nəzərə almamış və aldığı borcu vaxtında qaytarmışdır. Həm də cavabdeh ona verdiyi 2000 manat borc pulu özgədən alıb verdiyini və vaxtında qaytarılmalı olduğunu ona demişdir. Eyni zamanda, cavabdeh ona torpaq sahəsi tapacağını və yaxud aldığı 9000 ABŞ dollarını bütöv şəkildə ona geri qaytaracağını vəd etmişdir. Lakin cavabdeh ondan aldığı pulları indiyədək də qaytarmamışdır. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Oğuz rayonunda qeydiyyatda olsa da, uzun müddətdir ki, faktiki olaraq Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayır. O, daşınmaz əmlakların alqı-satqısı üzrə vasitəçi kimi fəaliyyət göstərir və iş yeri olaraq Bakı şəhərində ofisi vardır. İddiaçı, həqiqətən də, 2008-ci ildə ona 9000 ABŞ dolları pul vermişdir. Lakin həmin məbləğ Savalan yaşayış massivinin ərazisində torpaq sahəsi almaq niyyəti ilə verilməmişdir. İddiaçı onunla birgə şərik kimi daşınmaz əmlak alqı-satqısı ilə məşğul olmalarını təklif etmiş və 9000 ABŞ dolları pulu da ona bu niyyətlə vermişdir. O özü də 9000 ABŞ dolları pul qoyaraq 18.000 ABŞ dollarına torpaq sahəsi satın almış, bir müddət sonra həmin torpaq sahəsini başqa şəxsə sataraq iddiaçıdan aldığı 9000 ABŞ dollarını qaytarmışdır. Sonradan iddiaçı yaşadığı evin plana düşdüyünü, evin pulunu alıb özünə başqa yerdə ev və obyekt almaq istədiyini ona deyəndə o, iddiaçıya ev tapmaqda kömək edəcəyini demiş, həmçinin özünə məxsus olan, Savalan qəsəbəsində yerləşən obyekti 40.000 ABŞ dollarına satmaq istədiyini demişdir. İddiaçı yaşadığı evin pulunu alan kimi gəlib həmin obyekti alacağını bildirmiş, lakin həmin vaxtdan uzun müddət keçsə də, iddiaçı obyekti almaq üçün gəlməmişdir. Bu müddət ərzində o, iddiaçıya dəfələrlə zəng etmiş, iddiaçı da hər dəfə tezliklə gələcəyini demişdir. Sonradan isə real alıcı olduğuna görə o, obyekti başqasına satmışdır. Onunla iddiaçının münasibətləri əvvəllər yaxşı olsa da, sonralar aralarında narazılıq yaranmış və iddiaçı onun barəsində hüquq-mühafizə orqanlarına müraciət etmişdir. İddiaçı yaşadığı evin plana düşdüyünü bildirərək özünə ev almaq istədiyini ona deyənədə o, iddiaçıya ev tapmaqda kömək edəcəyini demiş, lakin ev və ya həyətyanı torpaq sahəsi üçün iddiaçıdan pul almamışdır. İddiaçıdan aldığı 9000 ABŞ dolları pulu 2008-2009-cu illərdə, dəqiq tarixini xatırlamadığı bir vaxtda, ancaq soyuq və yağışlı bir gündə, özünün işlədiyi ofisin içərisində, hamısını bir dəfəyə iddiaçıya qaytarmışdır. Həmin pulların içərisində həm manat, həm də ABŞ dolları ilə olan pul əskinasları olmuş, manatla olan pulları həmin vaxt ABŞ dollarının manata olan məzənnəsi ilə - 0,78 manat hesabı ilə hesablayıb vermişdir. O, iddiaçıya pulu qaytaranda bu barədə ondan qəbz almamış, ancaq həmin vaxt ofisdə onları tanıyan şəxslərdən 5-6 nəfər olmuşdur. Həmin şəxslərdən Hidayət, Rəşid və Orxan adlı tanışlarını xatırlayır və adı çəkilən şəxslər də onun iddiaçıya olan borcunu qaytardığının şəxsən şahidi olmuşlar. Hazırda onun iddiaçıya hər hansı miqdarda borcu qalmamışdır. Qeyd etdiklərinə əsasən iddiaçının hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir Cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, cavabdeh onun atasının tanışıdır. İddiaçını da cavabdehin işlətdiyi kafedə və onun ofisində görüb tanımışdır. 2008-2009-cu illərdə, dəqiq tarixini xatırlamadığı bir vaxtda atası ona 2500 manat pul verib cavabdehə çatdırmaq lazım olduğunu demişdir. O da həmin pulu aparıb cavabdehin işlədiyi ofisdə ona vermişdir. Pulu cavabdehə verəndə sayıb verməmiş, yalnız demişdir ki, atası göndərmişdir, cavabdeh də pulu saymadan ondan almışdır. O, ofisə daxil olanda içəridə iddiaçı, cavabdeh və başqa bir kişi olmuş, o, içəri daxil olanda həmin kişi çıxmış və onun cavabdehə pul verməsini görməmişdir. Cavabdeh də həmin pulun üzərinə əlavə pul qoyub iddiaçıya vermişdir və o özü bunu şəxsən görmüşdür. Cavabdeh iddiaçıya pul verəndə ofisdə onların üçündən başqa hər hansı şəxs olmamışdır. Təxminən, iki ay sonra cavabdeh ondan aldığı 2500 manat pulu qaytarmışdır. Cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X3 ifadə verərək göstərdi ki, cavabdehlə tanışlıq münasibətləri vardır. Belə ki, cavabdehin sifarişi ilə əvvəlcə ona məxsus fermanın, sonra isə ofisin və ət kəsimi məntəqəsinin tikintisində iştirak etmişdir. İddiaçını da cavabdehin yanında görüb tanımış, onun cavabdehin avtomobili ilə ofisin yanına gəldiyini bir neçə dəfə görmüşdür. Ancaq iddiaçı avtomobillə gəldiyi vaxtlarda avtomobildən düşməmiş, hər dəfə avtomobildə gözləmişdir. 2008-2009-cu illərdə cavabdehə məxsus ofisin yanında olan kafenin tikintisində işlədiyi vaxtlarda, dəqiq tarixini xatırlamadığı bir gündə əvvəllər yerinə yetirdiyi tikinti işlərinə görə cavabdehdən ona və fəhlələrinə çatası əmək haqqını almaq üçün ofisə gələrkən içəridə heç kimin olmadığını görmüş, lakin elektrik çaydanının işlək vəziyyətdə olduğunu görüb cavabdehin ofisə gəldiyini bilmişdir. Ofisdən çıxanda cavabdehin ofisin arxa tərəfindən gəldiyini görmüşdür. Həmin vaxt cavabdehin avtomobili yolun digər tərəfində dayanmış və iddiaçı da cavabdehin avtomobilinin içərisində olmuşdur. O, cavabdehin əlində pul olduğunu və həmin pulları saydığını görmüş və elə zənn etmişdir ki, cavabdeh ona və fəhlələrinə çatası əmək haqqını verəcəkdir. Lakin cavabdeh yolun bir tərəfindən avtomobilin dayandığı digər tərəfinə keçərək iddiaçıya pul vermişdir. İddiaçı yalnız pulu alarkən avtomobildən düşmüşdür. Cavabdeh pulu verərkən bununla da aralarında olan haqq-hesabın bitdiyini, ofisin qarşısında olan şəxslərin də buna şahid olduğunu ona demişdir. Yolun bir tərəfindən digər tərəfinə olan məsafə, təxminən, 6 metr, onunla iddiçı və cavabdehin olduğu yer arasındakı məsafə isə, təxminən, 7-8 metr olmaqla, o özü də yolun digər tərəfində olsa da, cavabdehin idiaçıya deidyi sözləri eşitmişdir. Cavabdehin iddiaçıya verdiyi pulların içərisində həm manat, həm də ABŞ dolları ilə olan pul əskinasları olmuş, o özü də uzaqdan bunu görmüşdür. İddiaçı pulu alandan sonra avtomobildən düşüb, təxminən 60-70 metr irəlidə olan işıqfora tərəf getmiş, cavabdeh isə ofisə qayıtmışdır. Cavabdeh ofisin yanına çatandan sonra əlində olan bütün pulları iddiaçıya olan borcuna verdiyini, onların əmək haqqını sonra verəcəyini demişdir. O, cavabdehin iddiaçıya nə qədər pul verdiyini bilməmiş, ancaq əvvəllər cavabdehin özündən eşitmişdir ki, ona borcu vardır. Həmin gün cavabdeh iddiaçıya pulu zərfə və ya hər hansı kağıza bükülü şəklində deyil, açıq şəkildə vermiş və o özü də bunu şəxsən görmüşdür. Şahidlər məhkəmə iclasında ifadə verdikdən sonra cavabdeh əlavə izahat verərək, yəni şahidlərin ifadələrinə izah verərək qeyd etmişdir ki, iddiaçıya qaytardığı pulun ABŞ dollarından ibarət hissəsi onun özünə məxsus avtomobilin saxlanc yerində olmuşdur. O, ofisdə milli valyuta ilə olan pulu X1 aldıqdan sonra öz avtomobilinə yaxınlaşıb pulun ABŞ dollarından ibarət hissəsini avtomobilin dolabından götürərək həmin pulun üzərinə qoyub avtomobilin yanında iddiaçıya vermişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, şahidlərin ifadələri, həmçinin, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi, 2-ci kvartal 578 saylı torpaq sahəsinin yerləşmə sxemi, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 05.07.2014-cü il tarixli qərarı, həmin qərarın ləğv edilməsi barədə Bakı şəhəri Sabunçu rayon Prokurorluğunun 08.09.2014-cü il tarixli qərarı, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin təhqiatçısının cinayət işinin başlanmasının rədd edilməsi barədə 23.10.2021-ci il tarixli qərarı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin 21.07.2014-cü il tarixli, Bakı şəhəri Sabunçu rayon Prokurorluğunun 08.09.2014-cü il tarixli müraciətə cavab məktubları və 30.09.2021-ci il tarixli ödəniş qəbzi ilə işin halları olaraq müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında pul alınıb verilməsi ilə bağlı şifahi danışıq və razılaşmalar olmuşdur. 2014-cü ildə iddiaçı cavabdehin barəsində şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına və digər instansiyalara müraciət etmiş, həmin müraciətlər əsasında araşdırma aparılaraq cavabdehin əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçıya mülki icraat qaydasında məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş və o, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Hazırda iddiaçı cavabdehdən 9000 (doqquz min) ABŞ dolları, 250 (iki yüz əlli) manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin tutularaq ona ödənilməsini tələb edir. İddiaçı öz iddia tələblərinin əsası kimi cavabdehlə aralarında olan şihafi danışıq və razılaşmalara istinad edir. Cavabdeh iddia tələbini qəbul etmir, 2008-ci ildə iddiaçıdan 9000 ABŞ dolları aldığını inkar etməsə də, həmin məbləği sonradan iddiaçıya qaytardığını bildirir. Cavabdeh iddia tələbinə etiraz olaraq məhkəməyə hər hansı sənəd təqdim etməmiş, ancaq məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələrinə istinad etmişdir. Azərbaycan Respublikası Prezidentinin 29.06.2004-cü il tarixli 713-İİQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.3-cü maddələrinin məzmununa görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi daşınmaz əmlaklar rəsmi reyestrdə qeydə alınmalı olan əmlak növlərinə aiddir və bu növ əmlakların özgəninkiləşdirilməsi, o cümlədən alqı-satqısı yalnız notariat qaydasında qeydə alınaraq təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin alqısatqısı ilə bağlı şifahi razılaşma olsa da, notariat qaydasında qeydə alınaraq təsdiq edilmiş alqı-satqı müqaviləsi mövcud olmamış və iddiaçının satın almaq istədiyi torpaq sahəsi cavabdehin mülkiyyətində də olmamışdır. İddiaçının deməsinə görə cavabdeh həmin torpaq sahəsinin satılması ilə bağlı şifahi danışıq və razılaşmalarda vasitəçi kimi iştirak etmişdir. Göründüyü kmi, iddiaçı yalnız cavabdehlə aralarında olan şifahi danışıq və razılaşmalara əsasən əmlak əldə etmək niyyəti ilə və həmin əmlakın dəyərini ödəmək üçün cavabdehə 9000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh də iddiaçıdan pulu həmin məqsədlə aldığını təsdiq etməsə də, həmin miqdarda pul aldığını inkar etmir. Həmin əsaslara görə məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında olan münasibətlərə mülki qanunvericiliyin əqdlərin etibarsızlığından irəli gələn müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Hazırki iş üzrə tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı əldə edilmiş razılıq etibarsız olmaqla, bu razılaşma əsasında tərəflərin hər biri aldığını digərinə qaytarmalıdır. Qanunvericiliyin tələbinə görə iddiaçı öz iddia tələbinin əsaslarını sübut etməli olduğu kimi, cavabdeh də iddia tələbinə etirazlarının əsaslarını sübut etməlidir. İddiaçı tərəfindən cavabdehə 9000 ABŞ dolları pul verildiyi sübut edilməsinə və cavabdeh də həmin miqdarda pulu iddiaçıdan aldığını inkar etməməsinə baxmayaraq aldığı pulu geri qaytardığını və hazırda iddiaçıya borcu qalmadığı barədə iddia tələbinə etirazlarını sübut edə bilməmişdir. Məhkəmə cavabdehin iddiaçıdan aldığı pulu tam şəkildə qaytardığı, ona borcu qalmadığı barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin xüsusatlar iddiaçının dəlilləri və işin digər faktiki halları ilə təkzib edilmişdir. Cavabdeh iddiaçı ilə aralarında olan şifahi danışıq və razılaşmalara görə ondan 9000 ABŞ dolları pul aldığını təsdiq etmişdir. Bununla da cavabdehin iddiaçı qarşısında həmin pul vəsaitinin verilməsi müqabilində üzərinə götürdüyü öhdəlikləri icra etmək və ya həmin pul vəsaitini qaytarmaq öhdəliyi meydana gəlmiş və bu öhdəliyi icra etmiş olduğunu sübut etmək vəzifəsi də hazırda cavabdehin üzərinə düşür. Cavabdehə verilmiş 9000 ABŞ dolları pul məbləğinin nə vaxt, harada və hansı şəraitdə qaytarıldığını bilavasitə cavabdeh özü sübut etməlidir. Cavabdeh iddiaçının tələbinə etiraz olaraq aldığı pulu iddiaçıya tam şəkildə qaytardığını iddia edir və bununla bağlı şahid ifadələrinə istinad edir. Məhkəmə cavabdehin iddia tələbinə etirazlarının əsası olaraq istinad etdiyi hallar kimi onun öz izahatında göstərdiyi xüsusatlar, həmçinin, özünün vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə bağlı qeyd edir ki, cavabdeh məhkəmə iclasında verdiyi ilk izahatında iddiaçıdan aldığı pulu 2008-2009-cu illərdə öz ofisində ona qaytardığını, pulu qaytararkən onları tanıyan şəxslərdən 5-6 nəfərin də ofisdə onların yanında olduqlarını, həmin şəxslərin də onun iddiaçıya 9000 ABŞ dolları pul verməsinin şəxsən şahidi olduqlarını bildirmişdir. Cavabdehin həmin şəxslərdən biri olduğunu bildirdiyi, onun vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X2 adlı şəxs isə məhkəmə iclasında ifadə verərkən qeyd etmişdir ki, o, cavabdehin işlədiyi ofisə gələndə içəridə iddiaçının, cavabdehin və başqa bir kişinin olduğunu görmüş, o içəri girəndə həmin kişi ofisdən çıxmışdır. Cavabdeh iddiaçıya pul verəndə orada o özü, iddiaçı və cavabdehdən başqa heç kim olmamışdır. Cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş, onun iddiaçıya pul verməsinin şəxsən şahidi olduğunu iddia etdiyi X3 adlı digər şəxs isə məhkəmə iclasında verdiyi ifadəsində qeyd etmişdir ki, həmin gün ofisə gələndə içəridə heç kim olmamış, ofisdən çıxdığı zaman cavabdehin ofisin arxa tərəfindən gəldiyini, onun əlində pul olduğunu görmüşdür. Bu zaman cavabdehin avtomobili yolun digər tərəfində dayanmış və iddiaçı da avtomobilin içərisində olmuşdur. Cavabdeh yolun bir tərəfindən digər tərəfinə keçərək pulu iddiaçıya vermiş, iddiaçı da yalnız bu zaman avtomobildən düşmüş və pulu almışdır. Cavabdeh pulu verəndən sonra iddiaçıya onunla aralarında olan haqq-hesabın bitdiyini demişdir. Bu zaman o özü yolun əks tərəfində olmaqla, aralarında 7-8 metr məsafə olsa da, cavabdehin dediyi sözləri eşitmiş, həmçinin, onun iddiaçıya verdiyi pul əskinaslarının həm manat, həm də ABŞ dollarından ibarət olduğunu görmüşdür. Göründüyü kimi, şahid qismində dindirilmiş şəxslərin ifadələri, pulun iddiaçıya qaytarılması şəraiti və yeri, pulun qaytarılmasında iştirak edən və bunun şahidi olan şəxslərin dairəsi ilə bağlı hissədə bir-birindən kifayət qədər fərqlənməklə, eyni zamanda, cavabdehin izahatında qeyd etdiyi xüsusatlarla da ziddiyyət təşkil edir. Cavabdeh 9000 ABŞ dolları pul məbləğinin bir dəfəyə verildiyini və onun öz vəsatəti əsasında hazırki iş üzrə şahid qismində dindirilmiş şəxslərin də bu faktın şəxsən şahidi olduqlarını dediyi halda, həmin şəxslərin də 2008-2009-cu illərdə, yəni, təxminən 13 il əvvəl baş verdiyi iddia edilən hadisənin təfərrüatlarını detallı şəkildə xırdalıqlarına qədər, lakin bir-birindən əhəmiyyətli dərəcədə fərqli şəkildə izah etmələri də həmin ifadələrin cavabdeh tərəfindən iddiaçıya pul verilməsinin şəxsən şahidi olduqları ilə bağlı hissəsinin həqiqətə uyğun olmadığını və reallığı əks etdirmədiyini deməyə əsas verir. Ona görə də məhkəmə şahidlərin ifadələrini iddia tələbinə etirazların əsasının təsdiq edilməsi üçün mötəbər sübut kimi qəbul etmir və şahidlərin ifadələri arasında, eyni zamanda, qeyd olunan ifadələrlə cavabdehin izahatı arasındakı ziddiyyətin səbəbinin onların həmin hadisənin, ümumiyyətlə, şahidi olmamaları ilə əlaqədar olduğunu qeyd edir və bu səbəbdən cavabdehin izahatının, həmçinin, şahidlərin ifadələrinin iddiaçıya pul verilməsini təsdiq etmələri ilə bağlı hissəsinə tənqidi yanaşır. Cavabdeh isə şahid ifadələrindən başqa məhkəməyə hər hansı sübut da təqdim etməmişdir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçıdan aldığı pulu 2008-2009-cu illərdə ona qaytardığı halda, iddiaçının 2014-cü ildə cavabdehin barəsində şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına və digər instansiyalara müraciət etməsi, bundan sonra həmin şikayətə görə cavadehin iddiaçıya başqa ərazidə torpaq sahəsi göstərməsi və iddiaçının da qeyd olunan əraziyə mişar daşı tökdürməsi ağlabatan və inandırıcı olmayıb işin faktiki hallarına uyğun gəlmir. Həmin xüsusatlara görə məhkəmə cavabdehin dəlillərinə tənqidi yanaşır. İddiaçının cavabdehə verdiyi 9000 ABŞ dolları pulun indiyədək ona qaytarılmaması ilə bağlı iddia tələbində qeyd etdiyi xüsusatlar isə işin faktiki hallarına uyğun olduğundan və o, öz iddia tələbinin əsası kimi istinad etdiyi mümkün olan dəlillərini məhkəməyə təqdim etdiyindən məhkəmə iddiaçının dəlillərini sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə tərəflərin dəlillərinə məcmu halında qiymət verərək qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı əldə etdiyi bütün mümkün sübutlarını məhkəməyə təqdim etdiyindən, cavabdeh isə iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən və onun dəlilləri işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə cavabdehin iddiaçıdan aldığı 9000 ABŞ dolları pulun indiyədək qaytarılmaması faktını sübuta yetirilmiş hesab edir. Qeyd olunan əsaslara görə məhkəmə iddia tələbinin cavabdehdən 9000 (doqquz min) ABŞ dolları miqdarında pul tutulmasına dair hissəsinin təmin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər qətnamədə Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə hesab edir ki, cavabdehdən tutlmalı olan 9000 (doqquz min) ABŞ dolları miqdarında pul məbləğinin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalı olması hazırki qətnamədə göstərilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 250 manat pul tutulmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində 250 manat pulu cavabdehə beh məbləğ kimi verdiyini, məhkəmə iclasında verdiyi izahatında isə həmin məbləği cavabdehə sənədləşmə işlərinə görə verdiyini qeyd edərək tələbin həmin hissəsini ziddiyyətli şəkildə izah etməklə yanaşı, 250 manat pulu cavabdehə hansı məqsədlə, nə vaxt, harada və kimin yanında verdiyini də əsaslandıra bilməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 250 manat pul tutulmasına dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh borc məbləği olaraq qətnamənin icra olunduğu günə ABŞ dollarının AR Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 9000 (doqquz min) ABŞ dolları, həmçinin, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi cavabdehdən 250 (iki yüz əlli) manat pul tutulmasına dair hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar