Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1145/2023 19.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iki azyaşlı övladının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə evlənib ailə həyatı quraraq 18 sentyabr 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 02 fevral 2021-ci il tarixdə X6 və 04 noyabr 2022-ci il tarixdə X5 adlı iki nəfər uşaqları anadan olmuşdur. Cavabdehlə əvvəllər mehriban yaşasalar da, sonradan münasibətləri kəskinləşmişdir. Cavabdehlə aralarında olan ailə münasibətləri pozulmuşdur və hazırda birgə nikahdan doğulmuş uşaqları ilə birgə cavabdehdən ayrı yaşayır. O, uşaqları təkbaşına saxlamaqda əziyyət çəkir və cavabdeh uşaqların saxlanması üçün ona heç bir maddi yardım göstərmir. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh iki azyaşlı övladının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərdi ki, İddiaçı ilə evlənib ailə həyatı quraraq 18 sentyabr 2018-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 02 fevral 2021-ci il tarixdə X6 və 04 noyabr 2022-ci il tarixdə X5 adlı iki nəfər uşaqları anadan olmuşdur. İddiaçı ilə münasibətləri kəskinləşmiş və ailə münasibətləri pozulmuşdur. Lakin o, barışaraq ailəsini bərpa etmək istəyir. İddiaçı hazırda ona qarşı məhkəmədə aliment tələbi ilə bağlı iddia qaldırmışdır. O, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin Saatlı rayon X4 Hissəsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində işləyir və aylıq 653,79 manat əmək haqqı alır. Bundan əlavə əkin sahəsi vardır və yaz-yay mövsümündə 4-5 ay ərzində ümumi 1000 manat gəliri olur. Lakin hazırda kredit borcu olduğu üçün iddiaçının tələb etdiyi məbləğdə deyil, hər uşağa görə 100 manat, cəmi 200 manat aliment ödəyə bilər. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 18 sentyabr 2018-ci il tarixdə Saatlı Rayon Qeydiyyat Şöbəsində bağlanmış 45 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 02 fevral 2021-ci il tarixdə, X5 04 noyabr 2022-ci il tarixdə anadan olmuşlar. Həmin uşaqların atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən yazılı şəkildə imtina etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 29 sentyabr 2023-cü il tarixli 3-18- 263/2-354/2023 saylı məktubdan görünür ki, Cavabdeh 10 noyabr 2016-cı il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidmətinin Saatlı rayon X4 Hissəsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində işləyir və aylıq 653,79 manat əmək haqqı alır. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. 02 fevral 2021-ci il tarixdə anadan olmuş X3 və 04 noyabr 2022-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 02 fevral 2021-ci il təvəllüdlü X3 və 04 noyabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 07 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olduğundan məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. İş materiallarına əlavə edilmiş 31 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 56 manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 02 fevral 2021-ci il təvəllüdlü X3 və 04 noyabr 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 07 sentyabr 2023-cü il tarixdən başlanaraq hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Cavabdeh ödənilmiş 50 (əlli) manat mediasiya xərci alınıb İddiaçı xeyrinə ödənilsin. Əlavə olaraq Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1145/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1145/2023
19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver