Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1158/2023 24.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehlə birgə nikahından anadan olmuş xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment, eləcə də uşağın hər ay müalicə və müayinə olunması üçün 300 manat pulun cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmuşdu və .birgə nikahlarıdan xx.xx.2022-ci il təvəllüdlü Natiq adlı uşaqları anadan olmuşdur. Cavabdehlə artıq uzun müddətdir ayrı yaşayırlar. Lakin rəsmi nikahları pozulmayıb. Cavabdeh uşağına laqeyd yanaşır. Onun qayğısına qalmır. Uşaqla maraqlanmır, nə də onun saxlanılmasına köməklik etmir. Hətta uşaq ilə ünsiyyət qurmur, görüşünə belə gəlmir. Bir ata kimi heç bir vaxt övladına diqqət, ata qayğısı göstərməyib. O, tək qadındır. Uşaq günü-gündən böyüyür, onun ehtiyaclarını qarşılamaq artıq ona çox çətin gəlir. Cavabdehin dəstəyinə ehtiyac vardır. İşləmədiyi üçün bir ana kimi uşağının ehtiyaclarını qarşılaya bilmir. Həmçinin övladı sağlam deyil və autizm xəstəliyinə tutulma ehimalı yüksəkdir. Müalicə və müayinə xərcləri isə həddindən artıq bahadır. Hal-hazırda uşağın müalicəsi ilə ciddi məşğul olmasa da, gələcəkdə uşağın xəstəliyi ilə əlaqədar problemləri çoxalar.Uşaq günü-gündən geriləyir.Həkimlər isə artıq nitq geriliyinin olduğunu bildirir. Bütün bunları nəzərə alaraq uşağın alimentlə təmin olunması üçün məhkəməyə müarciət etmək qərarına gəlmişdir.Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı onun doğma övladı Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X7 adlı bir uşağı anadan olmuşdur. Hazırda iddiaçı ilə cavabdehin münasibətləri pisləşdiyindən onlar ayrılmışlar və Natiq adlı uşaq iddiaçının yanında yaşayır. Cavabdeh hazırda işləmədiyi üçün maddi vəziyyəti pisdir və hər ay 100 manat aliment ödəmək imkanı vardır. İddianın 300 manat əlavə xərc hissəsi ilə razı deyil.Cavabdeh əlavə xərclərə cəlb edildiyi halda aliment öhdəliyini icra edə bilməyəcəkdir. Digər tərəfdən o özü də imkan olduqca uşağın müalicəsinə köməklik edir.Ona görə də, bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 22 noyabr 2018-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış 08 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 02 may 2020-ci il tarixdə anadan olmuşdur və həmin uşağın atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında (Bundan sonra – Qərarda) qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Qərarda göstərilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə bildirir ki, aliment məbləği müəyyən edilərkən yalnız himayəsində uşaq olan valideynin deyil, hər iki tərəfin maddi və ailə vəziyyətinin öyrənilərək nəzərə alınması həm qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsi Plenumunun özündə məcburi göstərişlər ifadə edən Qərarının tələbidir. Bununla yanaşı, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas meyar olaraq qiymətləndirilməlidir. Hazırkı iş üzrə tərəflərin maddi vəziyyətini öyrənən məhkəmə müəyyən edir ki, cavabdehin rəsmi iş yeri və gəliri yoxdur. İddiaçı isə cavabdehin gəlirləri barəsində hər hansı sübut təqdim edə bilmir.İddiaçının özü də heç bir yerdə işləmir, lakin himayəsində olan azyaşlı uşağın saxlanılması baxımından onun üzərinə ağır yük düşür.Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, alimentin miqdarı 150 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsi, yəni cavabdehin əlavə xərclərə cəlb olunması ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-81.3-cü maddələrinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına görə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. İş materiallarından görünür ki, X4 “psixi-nitqi ləngimə” diaqnozu qoyulmuşdur.Lakin məhkəmə cavabdehdən hər ay 300 manat sabit pul məbləğində əlavə xərc tutulması ilə bağlı qeyd edir ki, cavabdehin hər hansı rəsmi iş yeri və gəlirinin olmaması və işaxtaran kimi qeydiyyata alınması, Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq, cavabdehin də maddi vəziyyətinin nəzərə alınaraq onun ödəniş qabiliyyətindən yüksək məbləğdə əlavə xərclərə cəlb edilməsi ədalətli olmayacaqdır və aliment öhdəliklərinin icrasında problemlərə səbəb olacaqdır. Odur ki, məhkəmə əlavə xərcin hər ay 50 (əlli) manat müəyyənləşdirilməsini daha ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 27 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olduğundan məhkəmə hesab edir ki, alimentin alınması həmin tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 02 may 2020-ci il təvəllüdlü Natiq adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 27 iyul 2023-cü il tarixdən başlanaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment və Natiq adlı bir nəfər uşaq sağalanadək hər ay 50 (əlli) manat pul alınıb İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 02 may 2020-ci il təvəllüdlü Natiq adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 27 iyul 2023-cü il tarixdən başlanaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 02 may 2020-ci il təvəllüdlü Natiq adlı bir nəfər uşaq sağalanadək hər ay 50 (əlli) manat pul alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Əlavə xərclərin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. İddia qaldırılarkən ödənilmiş 50(əlli) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdürakim: lətif Saqov çıxarış İş № 2(055)-1158/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 24 oktyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 02 may 2020-ci il təvəllüdlü Natiq adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 27 iyul 2023-cü il tarixdən başlanaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 02 may 2020-ci il təvəllüdlü Natiq adlı bir nəfər uşaq sağalanadək hər ay 50 (əlli) manat pul alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Əlavə xərclərin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. İddia qaldırılarkən ödənilmiş 50(əlli) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1158/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1158/2023
24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver