Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1166/2022 20.12.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və ya dəyərinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı 280 manat dəyərində 1 ədəd qızıl nişan üzüyünün, 2030 manat dəyərində 1 dəst qızıl komplektin (üzük, sırğa, zəncir və qolbaq) və ya sözügedən əşyalar olmadıqda onlarının dəyəri kimi 2310 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə 21 may 2021-ci ildə rəsmi nikaha daxil olub bir yerdə yaşamaqla təsərrüfatı idarə etmişlər. Sonradan ailə daxili münasibətləri kəskinləşmiş və Saatlı Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(055)-768/2022 saylı qətnaməsi ilə aralarındakı nikah qeydi pozulmuş və hazırda ayrı yaşayırlar. Övladları olmadığından iddia ərizəsində göstərdiyi əmlaklardan bir ədəd qızıl nişan üzüyü və komplektə daxil olan bir ədəd qızıl üzüyü müalicə xərclərinin qarşılanması üçün lombarda qoymuş, sonradan həmin qızıl əşyalarını lombarddan götürüb satmış və lombarda olan borcu ödəmişdir. Komplektdə olan zəncir və sırğa isə yenə də müalicə ilə əlaqədar pula ehtiyacları olduğu üçün onun tərəfindən satılmış vəxərclənmişdir.Qızıl qolbaq isə cavabdeh tərəfindən 200 manata satılmış və xərclənmişdir.Qolbağın qiymətinin 200 manat olması ilə razıdır. Hesab edir ki, iddia ərizəsində göstərdiyi əmlakların əksəriyyəti onun tərəfindən satılsa da, həmin əmlaklar ona məxsus olduğundan cavabdeh tərəfindən əvəzi ödənilməlidir. Ona görə də göstərdiklərinin nəzərə alınıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərdi ki, iddiaçı ilə 21 may 2021-ci ildə rəsmi nikaha daxil olub bir yerdə yaşamaqla təsərrüfatı idarə etmişlər. Sonradan ailə daxili münasibətləri kəskinləşmiş və Saatlı Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(055)-768/2022 saylı qətnaməsi ilə aralarındakı nikah qeydi pozulmuş və hazırda ayrı yaşayırlar. İddia ərizəsində göstərilənlərdən təqribi qiyməti 200 manat olan qolbaq onun tərəfindən, digər əşyalar isə müalicə ilə əlaqədar iddiaçı tərəfindən satılmışdır. Ona görə də iddianın qismən, yəni qolbağa aid hissədə təmin olunmasına etirazı yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən edildi ki, iddiaçı cavabdehlə nikah münasibətinə girərkən iddia ərizəsində göstərilən əmlaklar ona hədiyyə edildiyindən onların geri alınmasını tələb edir. Cavabdeh isə məhkəmədə vermiş olduğu izahatında iddia ərizəsində göstərilən əmlakların iddiaçıya hədiyyə olaraq verilməsini etiraf etmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərdiyi əmlakların sonuncuya hədiyyə olaraq verilməsi öz təsdiqini tapmışdır. Lakin iddiaçı izahatında bir ədəd qızıl qolbaqdan başqa digər qızıl zinət əşyalarının müalicə ilə əlaqədar özü tərəfindən satıldığını göstərmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Məhkəmə diqqətə çatdırır ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə qızıl-zinət əşyalarının cavdehdə qalması sübut olunmur. Əksinə, iddiaçının özünün izahatı ilə qızıl qolbaq istisna olmaqla qalan əşyaların iddiaçının özü tərəfindən satılması təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1 ədəd qızıl qolbaq və ya olmadıqda onun dəyəri kimi 200 manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 20 oktyabr 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1 ədəd qızıl qolbaq, olmadıqda isə onun dəyəri kimi 200 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qaldırılarkən ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-1166/2022
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1166/2022
20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver