Məhkəmə qərarları › İş №2(055)-1468/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1468/2024

16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1468/2024 16.12.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi (atası) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 noyabr 2010cu ildə anadan olmuş X1 yetkilik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul miqdarında alimentin və 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 2(055)- 684/2024 saylı qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahlarından 13 noyabr 2010-cu ildə doğulmuş X1 onun yanında saxlanması müəyyən edilmişdir. Hazırda Amin adlı oğlu onun himayəsində yaşayır və Aminin ehtiyaclarını maddi vəziyyəti yaxşı olmadığı üçün ödəməkdə çətinlik çəkir. Müddətsiz İİ qrup əlildir və ona “Sol ağ ciyərin infiltrativ vərəmi, infiltrasiya mərhələsində. TÇ 2-ci dǝrǝcə” diaqnozu qoyulmuşdur. Xəstəliyinə görə bir çox işlərdə işləyə bilmir. Bundan başqa hazırda cavabdehin yanında yaşayan Nuray adlı qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehə aliment ödəyir. Bütün bu səbəblərə görə də yanında yaşayan Amin adlı oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən aliment almaq məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıdan qızı olan cavabdehin xeyirinə 88 manat aliment tutulur. İddiaçı əlavə olaraq 6000 manat ödədiyini deyir. Dedikləri hamısı yalandır. Artıq 100 manat əlavə pul ödəmişdir onuda geri ödəyəcədir. Cavabdeh olan qızı Ləman heç bir yerdə işləmir və gəliri yoxdur. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etməmişdir və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, uşaq isə hazırda İddiaçı ilə birlikdə yaşadığından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ qaydada nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşaqların maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun, həmçinin aliment tutulan valideyni həddən artıq ağır maddi duruma salmasın. Şərh edilənləri nəzərə alaraq məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutulması qənaətinə gəlsə də, hesab edir ki, indiki halda cavabdehdən hər ay 235 manat məbləğində alimentin tutulması onu həddən artıq ağır maddi vəziyyətə sala bilər. Belə ki, iş materiallarında olan cavabdehin gəliri barədə elektron çıxarışdan cavabdehin hazırda rəsmi iş yerinin olmadığı müəyyən olunur. Odur ki, məhkəmə cavabdehin də maddi vəziyyətini nəzərə alaraq cavabdehdən hər ay 50 manat sabit pul məbləğində alimentin tutulmasını daha ağlabatan hesab edir. Digər bir tərəfdən, iddiaçı da cavabdehin əlavə qazanc yerinin olması, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd edilən əsasları, eləcə də, tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği 50 manat müəyyən edilməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi gündən, yəni 14 noyabr 2024-cü il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu” haqqındda Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Cavabdehdən tutulan alimentin 1 illik məcmusunun 600 manat olduğu nəzərə alınarsa, dövlət rüsmunun hesablanması kalkulyatoru ilə hesablanmaqla, cavabdehən tutulan dövlət rüsmunun 30 manat olduğu müəyyən edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13 noyabr 2010-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 14 noyabr 2024-cü il tarixdən başlanaraq hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qaldırılarkən ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar