Məhkəmə qərarları › İş №2(055)-254/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-254/2023

29.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-254/2023 29.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə , İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə faktiki nikahlarından doğulmuş 31 avqust 2015-ci il təvəllüdlü X2 və 11 noyabr 2018-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 220, cəmi 440 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə evlənib ailə həyatı qurmuşdur. Cavabdehlə faktiki nikahlarından 31 avqust 2015-ci il təvəllüdlü X2 və 11 noyabr 2018-ci il təvəllüdlü X3 adlı iki nəfər uşaqları doğulmuşdur. Cavabdeh ilə xasiyyətləri düz gəlmədiyindən xeyli vaxtdır ki, ayrılmışlar. Hər iki uşaq onun himayəsindədir. Ona görə də, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X2 31 avqust 2015-ci ildə, X3 11 noyabr 2018-ci ildə anadan olmuşlar və həmin uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqlarıonlara əsas qayğı obyektidir. İddiaçı iddia tələbində alimentin məbləğinin uşaqlar üçün yaşayış minimumu əsas götürülərək hər uşağa görə 220 manat, cəmi 440 manat müəyyən edilməsini tələb edir. Məhkəmə diqqətə çatdırır ki, əvvəla, yaşayış minimumu özlüyündə alimentin məbləğini müəyyən etmək üçün əsas deyil. İkincisi, alimentin məbləği yaşayış minimumunun məbləğindən artıq da ola bilər, eləcə də aşağı olması da istisna deyil. Bu, yuxarıda qeyd olunduğu kimi bir sıra faktorlardan, yəni uşağın əvvəlki təminatı, uşaqların sayı, aliment ödəməli olan şəxsin maddi vəziyyəti və digər faktorlardan asıldır. Respublika üzrə təsdiq olunmuş “yaşayış minimumu”nun aliment münasibətlərinə tətbiq edilməsi hüquqi məntiqə ziddir və ailə qanunvericiliyinin tələblərinin pozulmasına səbəb ola bilər. Eyni zamanda onu da nəzərdən qaçırmaq olmaz ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir. Odur ki, 31 avqust 2015-ci il təvəllüdlü X2 və 11 noyabr 2018-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq tərəflərin birgə faktiki nikahından anadan olmuş 31 avqust 2015-ci il təvəllüdlü X2 və 11 noyabr 2018-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilməli və iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması 08 fevral 2023-cü il tarixdən başlanmaqla dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 31 avqust 2015-ci il təvəllüdlü X2 və 11 noyabr 2018-ci il təvəllüdlü X3 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 08 fevral 2023-cü il tarixdən başlanaraq hər ay hər bir uşaq üçün 140 manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar