Məhkəmə qərarları › İş №2(055)-273/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-273/2024

04.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-273/2024 04.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından 08 oktyabr 2007-ci il tarixdə anadan olmuş X3, 20 sentyabr 2009-cu il tarixdə anadan olmuş X2, 23 fevral 2013-cü il tarixdə anadan olmuş X4 və 23 fevral 2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa görə 235 manat, cəmi 940 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə evlənib ailə həyatı quraraq 27 may 2013-cü il tarixdə Saatlı rayon Soltanabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 08 oktyabr 2007-ci il tarixdə X7, 20 sentyabr 2009-cu il tarixdə X6, 23 fevral 2013-cü il tarixdə X8 və 23 fevral 2013-cü il tarixdə X9 adlı dörd nəfər uşaqları anadan olmuşlar. Cavabdehlə əvvəllər mehriban yaşasalar da, sonradan münasibətləri kəskinləşmiş və Saatlı Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(055)-813/2022 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. Hazırda birgə nikahdan doğulmuş uşaqları ilə birgə yaşayır. O, işsizdir və uşaqları təkbaşına saxlamaqda əziyyət çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onların maddi tələbatlarını ödəmək onun üçün çətindir və cavabdeh uşaqların saxlanması üçün ona heç bir maddi yardım göstərmir. Ona görə də göstərdiklərini nəzərə alaraq cavabdehlə birgə nikahlarından 08 oktyabr 2007-ci il tarixdə anadan olmuş X3, 20 sentyabr 2009-cu il tarixdə anadan olmuş X2, 23 fevral 2013-cü il tarixdə anadan olmuş X4 və 23 fevral 2013cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşağa görə 235 manat, cəmi 940 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı həmçinin izahatında göstərdi ki, cavabdehin qaraciyər serrozundan və hepatit virusundan əziyyət çəkməsi, bacısıgilin evində yaşaması ona məlumdur. Cavabdehin maddi imkanının yaxşı olmamasını və xəstə olmasını nəzərə alaraq alimentin hər bir uşağa görə 25 manat, cəmi 100 manat məbləğində təyin edilməsinə etirazı yoxdur. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərdi ki, İddiaçı ilə evlənib ailə həyatı quraraq 27 may 2013-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 08 oktyabr 2007-ci il tarixdə X7, 20 sentyabr 2009-cu il tarixdə X6, 23 fevral 2013-cü il tarixdə X8 və 23 fevral 2013-cü il tarixdə X9 adlı dörd nəfər uşaqları anadan olmuşlar. İddiaçı ilə aralarında olan nikah qeydi pozulmuşdur və uşaqlar iddiaçının yanında qalırlar. Hazırda iddiaçı ona qarşı məhkəmədə aliment tələbi ilə bağlı iddia qaldırmışdır. O, qaraciyər serrozundan və hepatit virusundan əziyyət çəkir. Hər il altı aydan bir mütəmadi olaraq müalicə alır. Hazırda Bakı şəhərində, bacısıgildə qalır və onun xərclərini bacısı ödəyir. Xəstəliyinə görə heç bir yerdə işləmir. İddiaçının tələb etdiyi məbləğdə deyil, bacısının köməkliyi ilə hər uşağa görə 25 manat, cəmi 100 manat aliment ödəyə bilər. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli 2(055)-813/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 27 may 2013-cü il tarixdə Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı rayon Soltanabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 13 saylı nikah qeydinin pozulması və iddiaçı ilə cavabdehin birgə nikahından anadan olmuş 08 oktyabr 2007-ci il təvəllüdlü X3, 20 sentyabr 2009-cu il təvəllüdlü X2, 23 fevral 2013-cü il təvəllüdlü X4 və 23 fevral 2013-cü il təvəllüdlü X5 İddiaçı yanında qalmalarınnı müəyyən edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah qeydi Saatlı Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və onlar arasında olan nikaha 25 oktyabr 2022-ci il tarixdə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X7 08 oktyabr 2007-ci il tarixdə, X6 20 sentyabr 2009-cu il tarixdə, X8 23 fevral 2013-cü il tarixdə və X9 23 fevral 2013-cü il tarixdə anadan olmuşlar. Həmin uşaqların atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 12 dekabr 2023-cü il tarixli MŞS/MT 023/2023- 02788 saylı arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirməyə razılıq vermədilər. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. 08 oktyabr 2007-ci il tarixdə anadan olmuş X3, 20 sentyabr 2009-cu il tarixdə anadan olmuş X2, 23 fevral 2013-cü il tarixdə anadan olmuş X4 və 23 fevral 2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 08 oktyabr 2007-ci il təvəllüdlü X3, 20 sentyabr 2009-cu il təvəllüdlü X2, 23 fevral 2013-cü il təvəllüdlü X4 və 23 fevral 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 25 manat, cəmi 100 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 19 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 32 manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 08 oktyabr 2007-ci il təvəllüdlü X3, 20 sentyabr 2009-cu il təvəllüdlü X2, 23 fevral 2013-cü il təvəllüdlü X4 və 23 fevral 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 19 yanvar 2024-cü il tarixdən başlanaraq hər ay hər uşağa görə 25 (iyirmi beş) manat, cəmi 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Əlavə olaraq Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar