Məhkəmə qərarları › İş №2(055)-838/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-838/2025

30.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-838/2025 30.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14 dekabr 2007-ci ildə anadan olmuş X1, 05 iyun 2009-cu ildə anadan olmuş X3, 26 may 2010-cu ildə anadan olmuş X8 və 26 iyun 2012-ci ildə anadan olmuş X6 yetkilik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşaq üçün minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində alimentin cavabdeh X2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə nikahlarını 29 may 2009-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 14 dekabr 2007ci ildə X7, 05 iyun 2009-cu ildə X9, 26 may 2010-cu ildə X8 və 26 iyun 2012-ci ildə X11 anadan olmuşdur. Cavabdehlə əvvəllər mehriban yaşasaq da sonradan xasiyyətləri düz gəlməmişdir. Saatlı Rayon Məhkəməsinin 03 sentyabr 2014-cü il tarixli, 2(055)-398/2014 saylı qətnaməsi ilə nikah qeydipozulmuş və qətnaməyə əsasən uşaqların onun yanında qalması müyyən edilmişdir. Əvvəllər maddi imkanı olduğu üçün cavabdehdən aliment tələb etməmişdir. Hal-hazırda maddi imkanı yoxdur və uşaqların saxlanması üçün məsrəfləri artmışdır. Odur ki, iddiamın təmin edilməsini xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh X10 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etməmişdir və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə hesab edir ki, cavabdeh X10 yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan, uşaqlar isə hazırda İddiaçı ilə birlikdə yaşadığından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-1-ci yarımbəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ qaydada nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşaqların maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun, həmçinin aliment tutulan valideyni həddən artıq ağır maddi duruma salmasın. Şərh edilənləri nəzərə alaraq məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən alimentin tutulması qənaətinə gəlsə də, hesab edir ki, indiki halda cavabdehdən hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində alimentin tutulması onu həddən artıq ağır maddi vəziyyətə sala bilər. Belə ki, iş materiallarında olan cavabdehin gəliri barədə elektron çıxarışdan cavabdehin hazırda rəsmi iş yerinin olmadığı müəyyən olunur. Odur ki, məhkəmə cavabdehin də maddi vəziyyətini nəzərə alaraq cavabdehdən hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,075 misli həddində sabit pul məbləğində alimentin tutulmasını daha ağlabatan hesab edir. Digər bir tərəfdən, iddiaçı da cavabdehin əlavə qazanc yerinin olması, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd edilən əsasları, eləcə də, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,075 misli həddində müəyyən edilməlidir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi gündən, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu” haqqındda Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Cavabdehdən tutulan alimentin 1 illik məcmusunun 1440 manat olduğu nəzərə alınarsa, dövlət rüsmunun hesablanması kalkulyatoru ilə hesablanmaqla, cavabdehən tutulan dövlət rüsmunun 34,40 manat olduğu müəyyən edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X2 14 dekabr 2007-ci ildə anadan olmuş X1, 05 iyun 2009-cu ildə anadan olmuş X3, 26 may 2010-cu ildə anadan olmuş X8 və 26 iyun 2012-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 15 may 2025-ci il tarixdən başlanaraq hər ay hər bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,075 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia qaldırılarkən ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdeh X2 alınaraq İddiaçı ödənilsin. X2 34,40 (otuz dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair olan hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.l

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar