Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-889/2025 25.06.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 noyabr 2008-ci ildə doğulmuş X3 və 11 may 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2006-cı ildə evlənib ailə həyatı qurmuşlar, rəsmi nikahları isə 24 noyabr 2008-ci ildə qeyd edilmişdir. Onların bu nikahdan 01 noyabr 2008-ci ildə Əkbər və 11 may 2012-ci ildə Yenigül adlı iki nəfər uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan münasibət pisləşdiyindən Saatlı Rayon Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli, 2(055)-1310/2015 saylı qətnaməsi ilə nikahları pozulmuş, Əkbər adlı uşaq Mansurun, Yenigül adlı uşaq isə onun yanında saxlanılmışdır. 10 sentyabr 2022-ci ildə Cavabdeh notarial qaydada təsdiq olunmuş ərizə ilə yanında qalan Əkbər adlı uşağı onun yanında qalmasına etirazı olmadığını bildirmiş, 19 may 2025-ci ildə Sabirabad 1 saylı Mediasiya təşkilatında 01 noyabr 2008-ci ildə doğulmuş X3 onun yanında qalması barədə Cavabdeh ilə onun arasında barışıq sazişi bağlanmışdır. O, uşaqların maddi ehtiyacını ödəməkdə əziyyət çəkir, cavabdeh də uşaqların saxlanması üçün ona heç bir maddi yardım göstərmir. Bununla bağlı mediasiya şurasına ərizə ilə müraciət etmiş, lakin uşaqların saxlanılmasında alimnetin məbləği ilə bağlı cavabdehlə razılığa gələ bilmədiyindən mediasiya şurası tərəfindən ona mediasiya prosesinə xitam verilməsi barədə protokol verilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq 01 noyabr 2008-ci ildə doğulmuş X3 və 11 may 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 01 noyabr 2008-ci ildə, X4 11 may 2012-ci ildə doğulmuşlar. Həmin uşaqların atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli, 2(055)-1310/2015 saylı qətnaməsinin surətindən görünür ki, Ağalarova (Həziyeva) Zümrüd Mirələkbər qızı ilə Cavabdeh Sahıb oğlu arasında 24 noyabr 2008-ci il tarixdə Saatlı rayon Dədə Qorqud kənd İƏD üzrə nümayəndəlikdə bağlanmış 25 saylı nikah qeydi pozulmuş, onların birgə nikahdan 01 noyabr 2008-ci ildə anadan olmuş X3 atası Cavabdeh Sahıb oğlunun, 11 may 2012-ci ildə anadan olmuş X1 anası Ağalarova (Həziyeva) Zümrüd Mirələkbər qızının yanında qalmaları müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sabirabad 1 saylı Mediasiya təşkilatının 19 may 2025-ci il tarixli MŞS/MT 023/2025-00521 saylı barışıq sazişindən və mediasiya prosesinə xitam verilməsi barədə protokolundan görünür ki, birinci tərəf İddiaçı ilə ikinci tərəf Cavabdeh Sahıb oğlu arasında olan mübahisə uşağın atadan alınıb anaya verilməsi və aliment tələbi olmuşdur. Tərəflər 01 noyabr 2008-ci ildə doğulmuş X3 İddiaçı yanında qalmasına razılaşmışlar. Tərəflər həmçinin də 01 noyabr 2008-ci ildə doğulmuş X3 və 11 may 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulmasının məhkəmə qaydasında həll edilməsinə razılaşmışlar. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin araşdırılan halları və iddiaçının izahatı ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 2006-cı ildə evlənib ailə həyatı qurmuşlar, rəsmi nikah qeydindən 24 noyabr 2008-ci ildə keçmişlər. Tərəflərin nikahından 01 noyabr 2008-ci ildə Əkbər və 11 may 2012-ci ildə Yenigül adlı iki nəfər uşaqları doğulmuşdur. Saatlı Rayon Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli, 2(055)-1310/2015 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, Əkbər adlı uşaq atası Mansurun, Yenigül adlı uşaq isə anası Zümrüdün yanında saxlanılmışdır. 10 sentyabr 2022-ci ildə Cavabdeh yanında qalan Əkbər adlı uşağını İddiaçı yanında qalmasına notarial qaydada təsdiq olunmuş ərizə ilə etiraz etməmiş, 19 may 2025-ci ildə isə Sabirabad 1 saylı Mediasiya təşkilatında 01 noyabr 2008-ci ildə doğulmuş X3 İddiaçı yanında qalması barədə tərəflər arasında barışıq sazişi bağlanmışdır. İddiaçı uşaqların maddi ehtiyacını ödəməkdə çətinlik çəkdiyi üçün aliment tələbi ilə bağlı mediasiya şurasına ərizə ilə müraciət etmiş, lakin tərəflər uşaqların saxlanılmasında alimentin məbləği ilə bağlı razılığa gələ bilmədiyindən mediasiya şurası tərəfindən iddiaçıya mediasiya prosesinə xitam verilməsi barədə protokol verilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 noyabr 2008-ci ildə doğulmuş X3 və 11 may 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi tələb edir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən qərarın tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Belə olan halda 01 noyabr 2008ci ildə doğulmuş X3 və 11 may 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müəyyən misli ilə tutulmasını məqsədəmüqvafiq hesab edir. Azərbaycan Respublikasının 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025ci il yanvar ayının 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 400 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 01 noyabr 2008-ci ildə doğulmuş X3 və 11 may 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sonrakı artımlar da nəzərə alınmaqla sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 21 may 2025-ci il tarixdə məhkəməyə daxil olduğundan məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. İş materiallarında olan Sabirabad 1 saylı Mediasiya təşkilatının 19 may 2025-ci il tarixli MŞS/MT 023/2025-00521 saylı mediasiya prosesinə xitam verilməsi barədə protokolundan görünür ki, İddiaçı tərəfindən mediasiyaya xərci olaraq ümumilikdə 100 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərcinin yarısı, yəni 50 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir, Cavabdeh əlavə olaraq 44 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 01 noyabr 2008-ci ildə doğulmuş X3 və 11 may 2012-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sonrakı artımlar da nəzərə alınmaqla sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq İddiaçı xeyrinə ödənilsin Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-889/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-889/2025
25.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver