Məhkəmə qərarları › İş №2(056)-1161/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1161/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1161/2023 11.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X24 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Baxriddinovanın nümayəndəsi və vəkili Vəkil və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X16 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Baxriddinovanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Baxriddinova - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12-4/1 nömrəli qərarına əsasən Torpağa mülkiyyət hüququna dair 90904018 kod nömrəli Dövlət Aktı ilə Günəş Usmanova və onun ailə üzvləri olaraq onlara kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş 8.88 hektar torpaq sahəsinə dair Sabirabad rayon Ağammədli kəndi sakini Cavabdeh1 ilə Sabirabad rayon Bala-Həşimxanlı kənd sakini Cavabdeh2 arasında X26 Xidmət Mərkəzində bağlanılmış xx.xx.2022-ci il tarixli, reyestrdə 4Ə-304 nömrə ilə qeydə alınmış alqı-salqı müqaviləsinin və həmin torpaq sahəsinə dair Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabirabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12-4/1 nömrəli qərarı ilə Günəş Usmanova və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 8.88 hektar torpaq sahəsi verilmişdir. Qərara uyğun olaraq Günəş Usmanovanın adına Torpağa mülkiyyət hüququna dair 90904018 kod nömrəli Dövlət Aktı verilmişdir. Günəş Usmanova 2012-ci il tarixində vəfat etmişdir. 2010-cu ildə ailəvi olaraq Türkiyə Respublikasına köçmüşlər və köçərkən də adı çəkilən 8.88 hektar torpaq sahəsini müvəqqəti istifadə etmək məqsədi ilə Sabirabad rayon Ağammədli kəndi sakini iş üzrə Cavabdeh1 vermişlər. Qarşılıqlı razılaşmaya uyğun olaraq həmin torpağın müvəqqəti istifadəsinə görə Cavabdeh1 3600 manat məbləğində pul almışlar. Bununla bağlı xx.xx.2010-cu il tarixli qəbz tərtib olunmuşdur. Cavabdeh1 torpaq sahəsini aldıqdan 4 il sonra Sabirabad rayon Bala-Həşimxanlı kənd sakini X13 5800 (beş min səkkiz yüz) manata qeyrirəsmi qaydada satmışdır. Torpaq sahəsi 4 nəfər kənd sakinlərinin şahidliyi ilə satılmışdır. Həmin sahə 2014-cü ildən X7 istifadəsindədir. Bununla bağlı onların və hər hansı bir şəxsin etirazı olmamışdır. Bu fakt bütün kənd sakinləri və Ərazi İH. Nümayəndəliyi tərəfindən təsdiq oluna bilər. O, 2022-ci ildə Türkiyə Respublikasından qayıtdıqdan sonra mübahisəli torpaq sahəsi ilə bağlı X17 ilə alqı-satqı müqaviləsi bağlamaqdan ötrü Sabirabad rayon Asan Xidmət Mərkəzinə müraciət etmişdir. Müraciət edərkən məlum olmuşdur ki, adı çəkilən torpaq sahəsi ilə bağlı Sabirabad rayon Ağammədli kəndi sakini Cavabdeh1 ilə Sabirabad rayon Bala- Həşimxanlı kənd sakini Cavabdeh2 arasında X26 Xidmət Mərkəzində xx.xx.2022-ci il tarixli, reyestrdə 40-304 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdeh2 da torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə dəfələrlə cəhd etmişdir. Lakin cavabdehin günahı ucbatından mübahisələri hal-hazırda da davam edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçılardan İddiaçı5 izahat verərək bildirdi ki, iddiaçılardan Baxriddin atası, Xuriya anası, Nazokat və Xanifa isə bacılarıdır. Onlar uzun illərdir ki, cavabdehlərdən İnqilab ilə uzun illərdir ki, qonşudurlar. 2010-cu ildə atası X3 birdəfəlik yaşamaq üçün gedərkən hazırda mübahisə predmeti olan torpaq sahəsini 3800 manat pul qarşılığında İnqilaba vermişdir. O, bacısı Xanifa və qardaşı Mikayıl İnqilaba etibarnamə vermişdir. İnqlab onlara demişdir ki, etibarnamə torpağa subsidiya alması üçün lazımdır. İnqilab torpağı özü istifadə etməsi üçün almışdı. Lakin sonradan İnqilab torpağı 5800 manat qarşılığında Elxana satmışdır. Buna atasının və onların hər hansı etirazı olmamışdır. Lakin İnqilab həmin torpaq sahəsi ilə bağlı Cavabdeh2la aralarında alqı-satqı müqaviləsi bağlamışdır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişlər. Hazırda o, məhkəmədən iddialarının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Baxriddinovanın nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X25 iddia tələbinə etiraz edərək bildirdi ki, mənafeyini müdafiə etdiyi şəxslərdən Cavabdeh1 mübahisə predmeti olan torpaq sahəsini 2011-ci ildə 3600 manat pul ödəməklə satın almış, bu barədə sadə xx.xx.2010-cu ildə sadə yazılı qəbz tərtib edib Baxriddinə vermişdir ki, həmin torpaq sahəsinin (6 ha) pulunu 2011-ci ilin dekabrından ödəyəcəyinə vəd vermişdir. İnqilab həmin pulu ödəmişdir ki, aradan keçən bu müddət ərzində Baxriddin hər hansı mübahisələndirmə aparmamışdır. Hətta torpaq sahəsinə dair dövlət aktının əsli də bu günə kimi İnqilabdadır. İddiaçılardan Firuzə də məhkəmə iclası zamanı qeyd edilən torpaq sahəsinin atası tərəfindən satıldığını etiraf etmişdir. İşin əsas mahiyyəti ondan ibarətdir ki, Usmanov İddiaçı1 Xuriya Raximovna, İddiaçı4 Baxriddinova, X14, İddiaçı3 və İddiaçı5 Baxriddin qızı xx.xx.2011-ci ildə Cavabdeh1 DT və XK-nin Sabirabad rayon Torpaq Şöbəsinin xx.xx.1998-ci il tarixli 10087 qeydiyyat nömrəli JN:233 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ünvan 1ində yerləşən 8.88 ha torpaq sahəsinin onlara məxsus olan hissəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, zəruri sənədləşmə işləri aparmağı, DƏDRX-dən müvafiq sənədləri almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adlarından ərizə verməsi və digər hərəkətlər etməyi 99 il müddətinə, yəni xx.xx.2110-cu ilədək Cavabdeh1 etibar etmişlər. xx.xx.2021-ci ildə isə X8 eyni səlahiyyətlərlə qeyd torpaq sahəsinin onun payına düşən hissəsini 10 il müddətinə, yəni xx.xx.2031-ci ilədək Cavabdeh1 etibar etmişdir. Daha sonra İsmiyev X6 Baxriddin Abuzaroviç, İddiaçı2, İddiaçı4, X14, İddiaçı3 və İddiaçı5 tərəfindən ona ötürülmüş səlahiyyətlər çərçivəsində Cavabdeh2 özünə verilmiş səlahiyyət müddəti həddində, yəni xx.xx.2110-cu ilədək etibarnamə vermişdir. İddiaçı1 və ailə üzvlərinin paylı mülkiyyətində olan 8.88 18 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixində paylar üzrə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixində isə İsmiyev X6 Mikayıl Baxriddin oğlu tərəfindən ona ötürülmüş səlahiyyətlər çərçivəsində Cavabdeh2 özünə verilmiş səlahiyyət müddəti həddində, yəni xx.xx.2031-ci ilədək etibarnamə vermişdir. Həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixində iddiaçıların, yəni İddiaçı1 (2/9 hissə), İddiaçı2 (1/9 hissə), İddiaçı4 (1/9 hissə), X4 (1/9 hissə), İddiaçı3 (1/9 hissə), İddiaçı5 (1/9 hissə) və X2 (1/9 hissə) adından 8.8818 ha torpaq sahəsinin adları çəkilən şəxslərə məxsus hissəsi üzrə səlahiyyətli şəxs qismində Cavabdeh2 5200 manat qarşılığında Cavabdeh1 AN-İ No ******* nömrəli alqısatqı müqaviləsi əsasında satmışdır. Verilmiş etibarnamələrin də məzmunundan göründüyü kimi, iddiaçılar adıçəkilən torpaq sahəsinin onlara düşən payları ilə bağlı alqı-satqının həyata keçirilməsi niyyətlərini ifadə etmişlər. Əgər iddiaçıların özlərin düşən torpaq paylarını satmaq niyyətləri olmasa idi aradan keçən 10 ildən artıq müddət ərzində İnqilaba qarşı hər hansı tələblə çıxış etmiş olarlardı. Hazırkı tələblə məhkəməyə müraciət etməsinin əsasını əslində torpaq sahəsinin qaytarılması deyil, cavabdehlərdən əlavə pul əldə etmək, bu alınmadıqda torpaq sahəsini Elxan adlı şəxsə satmaqla bir torpaq sahəsinə görə 2-ci dəfə gəlir əldə etmək niyyəti təşkil edir. Alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və müqavilənin etibarsızlığına əsas verəcək hər hansı qanun pozuntusuna yol verilməmişdir. Ona görə də o, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, 10 il əvvəl xalasıoğlu Akif dedi ki, Cavabdeh1 torpaq satır. O, həmin vaxt İnqilabla danışmış, İddiaçı1 və ailə üzvlərinə ayrılmış çıxarışı olmayan torpaq sahəsinə görə İnqilaba 5800 manat pul ödəmişdir. Pulu verərkən o, İnqilabdan sənədləşmənin hansı qaydada həyata keçiriləcəyini soruşmuş, İnqilab ona torpaq sahibinin Türkiyədə olduğunu, özünün sənədləşməni həllə edə bilirsə etməsini bildirdi. 2022-ci ildə o, həmin torpaq sahəsinin sahibi ilə danışmış, torpağa görə subsidiya ala bilmədiyini bildirmiş, ona etibarnamə verməsini xahiş etmişdir. Baxriddin ona qızıgilə Azərbaycan Respublikasına gəldiyi zaman ona etibarnamə verə biləcəyini bildirdi. O, 5800 manat pulu İnqilaba 5 nəfər şəxsin yanında vermişdir. 10 ildir ki, torpaq sahəsini müntəzəm istifadə edir. Bu gün də torpaq onun istifadəsindədir. Bu günə kimi ona kimsə irad bildirməmişdir. Yalnız iddia verilməmişdən 5 ay bundan əvvəl İnqilabı qardaşı olan kənd icra nümayəndəsi işləyən Fəxrəddin ona onu həmin torpaq sahəsindən çıxaracağını bildirmiş, o, Fəxrəddinə torpaq sahəsini qardaşı İnqilabdan aldığını, ondan almadığını bildirmişdir. Torpaq sahəsinə dair sənədinin əslini isə o, İnqilabdan almamışdır. İnqilab onu aldadıb torpaq sahəsinə dair dövlət aktının əslini ona verməmişdir. Məhkəmə iclası zamanı suallar verilərkən şahid Elxan Qasımov gah torpaq sahəsini İnqilabdan icrayə götürdüyünü, gah satın aldığını, həmçinin torpaq sahəsini İnqilabdan alarkən torpaq sahəsinə dair sənədlərin Baxriddinin olduğunu bildiyini, Baxriddini kənd sakini kimi əvvəllərdən tanıdığını, bununla belə 5800 manat pulu İnqilaba ödədiyini, Baxriddinlə torpağa dair ona etibarnamə verməsi ilə bağlı danışdığını, Baxriddinin Azərbaycan Respublikasına gəldiyi zaman ona etibarnamə verəcəyi ilə bağlı razılıq ifadə etdiyini, lakin Baxriddinin Azərbaycan Respublikasına gəldikdən sonra ona deyil, onun qardaşına etibarnamə verdiyini bildirdi. İŞ ÜZƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: JN:233 seriyalı 90904018 kod nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı»nın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Sabirabad rayon Aqrar İslahat Komissiyasının 15 aprel 1998-ci il tarixli 12-4/1 saylı qərarı ilə Usmanov Günəş, İddiaçı1 Abuzar oğlu, İddiaçı2 Rəhim qızı, X15, X9, X5, X10, X11 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 8,88 ha. torpaq sahəsinin ayrılması barədə dövlət aktı tərtib edilmişdir. Sabirabad Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2083 saylı məktubun surətindən görünür ki, Sabirabad ASAN xidmət mərkəzində fəaliyyət göstərən notariat ofisinə Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil xx.xx.2022-ci il tarixli, 1-194/2022 nömrəli sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı4, X14 və İddiaçı3 adından Sabirabad rayon DNK-nun xx.xx.2011-ci il tarixli, 7E-3313 reyestrli etibarnaməsinə əsasən səlahiyyətləri ötürülmüş Sabirabad ASAN xidmət mərkəzində NO-nin xx.xx.2022-ci il tarixli, 7E-2420 reyestrli etibarnaməsi ilə, eləcə də və X2 adından X26 xidmət mərkəzində NO-nin xx.xx.2021-ci il tarixli, 7E-2167 reyestrli etibarnaməsinə əsasən səlahiyyətləri ötürülmüş Sabirabad ASAN xidmət mərkəzində NO-nin xx.xx.2022-ci il tarixli, 7E-2419 reyestrli etibarnaməsi ilə səlahiyyətli nümayəndələri Cavabdeh2 tərəfindən paylı mülkiyyətlərində olan ünvan 1i ünvanında yerləşən 8.8818 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən öz paylarında düşən hissəni X26 xidmət mərkəzində fəaliyyət göstərən notariat ofisində xx.xx.2022-ci il tarixində reyestrdə 4Ə-304 nömrə ilə qeyd edilmiş Cavabdeh1 adına alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. İddiaçı1 adından etibarnamə üzrə səlahiyyətli nümayəndəsi xx.xx.2022-ci il tarixində Usmanova Qumas-dan miras qalmış ünvan 1ində yerləşən 8.8818 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona aid olan hissəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Məhkəmənin sorğusuna əsasən Sabirabad Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən məhkəməyə ünvanlanmış sorğuya xx.xx.2023-cü il tarixli cavab olaraq göndərilmiş sənədlərdən görünür ki, Usmanov İddiaçı1 Xuriya Raximovna, İddiaçı4 Baxriddinova, X14, İddiaçı3 və İddiaçı5 Baxriddin qızı xx.xx.2011-ci ildə Cavabdeh1 DT və XK-nin Sabirabad rayon Torpaq Şöbəsinin xx.xx.1998-ci il tarixli 10087 qeydiyyat nömrəli JN:233 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ünvan 1ində yerləşən 8.88 ha torpaq sahəsinin onlara məxsus olan hissəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, zəruri sənədləşmə işləri aparmağı, DƏDRX-dən müvafiq sənədləri almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adlarından ərizə verməsi və digər hərəkətlər etməyi 99 il müddətinə, yəni xx.xx.2110-cu ilədək Cavabdeh1 etibar etmişlər. xx.xx.2021-ci ildə isə X8 eyni səlahiyyətlərlə qeyd torpaq sahəsinin onun payına düşən hissəsini 10 il müddətinə, yəni xx.xx.2031-ci ilədək Cavabdeh1 etibar etmişdir. Daha sonra İsmiyev X6 Baxriddin Abuzaroviç, İddiaçı2, İddiaçı4, X14, İddiaçı3 və İddiaçı5 tərəfindən ona ötürülmüş səlahiyyətlər çərçivəsində Cavabdeh2 özünə verilmiş səlahiyyət müddəti həddində, yəni xx.xx.2110-cu ilədək etibarnamə vermişdir. İddiaçı1 və ailə üzvlərinin paylı mülkiyyətində olan 8.8818 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixində paylar üzrə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixində isə İsmiyev X6 Mikayıl Baxriddin oğlu tərəfindən ona ötürülmüş səlahiyyətlər çərçivəsində Cavabdeh2 özünə verilmiş səlahiyyət müddəti həddində, yəni xx.xx.2031-ci ilədək etibarnamə vermişdir. Həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixində iddiaçıların, yəni İddiaçı1 (2/9 hissə), İddiaçı2 (1/9 hissə), İddiaçı4 (1/9 hissə), X4 (1/9 hissə), İddiaçı3 (1/9 hissə), İddiaçı5 (1/9 hissə) və X2 (1/9 hissə) adından 8.8818 ha torpaq sahəsinin adları çəkilən şəxslərə məxsus hissəsi üzrə səlahiyyətli şəxs qismində Cavabdeh2 5200 manat qarşılığında Cavabdeh1 AN-İ No ******* nömrəli alqı-satqı müqaviləsi əsasında satmışdır. Alqı-satqı müqaviləsi üzrə alqı-satqı dəyəri depozit hesaba köçürülmüş, müvafiq dövlət rüsumları ödənilmişdir. Məhkəmə izahatları və şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edib və toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağalayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tətibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.7-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Qeyd edilən normalar kontekstində iş materiallarında olan sübutlara qarşılıqlı surətdə mübahisəyə yanaşdıqda məlum olur ki, iddiaçı tərəf onların paylı mülkiyyətində olan 8.8818 ha torpaq sahəsinin hər birinə məxsus payı üzrə xx.xx.2011-ci ildə Cavabdeh1 DT və XK-nin Sabirabad rayon Torpaq Şöbəsinin xx.xx.1998-ci il tarixli 10087 qeydiyyat nömrəli JN:233 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ünvan 1ində yerləşən 8.88 ha torpaq sahəsinin onlara məxsus olan hissəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, zəruri sənədləşmə işləri aparmağı, DƏDRX-dən müvafiq sənədləri almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adlarından ərizə verməsi və digər hərəkətlər etməyi özündə əks etdirən səlahiyyətlərlə 99 il müddətinə, yəni xx.xx.2110-cu ilədək etibarnamə vermişlər. Həmin səlahiyyətlər çərçivəsində də Cavabdeh1 Cavabdeh2 eyni səlahiyyət müddəti daxilində xx.xx.2022-ci il tarixində etibarnamə vermiş, həmin etibarnamə əsasında da Cavabdeh2 iddiaçılarının mülkiyyətində olan torpaq sahəsini Cavabdeh1 5200 manata satmışdır. İşin hallarından göründüyü kimi, iddiaçılar əslində 2011-ci ildə 3600 manat dəyərini ödəməklə torpaq sahəsini Cavabdeh1 satmış, bu barədə Cavabdeh1 sadə yazılı qəbz tərtib edib təqdim etmişdir. İddiaçılar isə xx.xx.2011-ci ildə Cavabdeh1 torpaq sahəsinə dair Çıxarış əldə edilmədiyindən, yəni torpaq sahəsi müvafiq dövlət qeydiyyatına alınmadığından yuxarıda qeyd edilən səlahiyyətlər daxilində etibarnamə vermiş, torpaq sahəsini Cavabdeh1 satdıqlarından 2011-ci ildən keçən müddət ərzində Cavabdeh1 hər hansı pretenziya ünvanlamamışlar. Hətta şahid qismində dindirilmiş Elxan Qasımov da torpaq sahəsinin İnqilab tərəfindən satıldığını eşidib onunla bu barədə söhbət etdiyini bildirməklə həmin torpaq sahəsinin Baxriddin və ailə üzvləri tərəfindən İnqilaba satılmış olduğundan hali olduğunu göstərmişdir. Hətta məhkəmə iclasında iştirak edən iddiaçılardan İddiaçı5 da məhkəmə iclasında onlara məxsus torpağın atası Baxriddinin Türkiyəyə gedərkən İnqilaba satdığını bildiyini etiraf etmişdir. Göründüyü kimi, iddiaçıların paylı mülkiyyətində olan torpaq sahəsinin onlara düşən hissəsi reallıqda Cavabdeh1 etibarnamə verilməklə satılmış, hətta həmin torpaq sahəsinə dair dövlət aktının əsli də Cavabdeh1 təqdim edilmiş, 2022-ci ildə qeyd edilən torpaq sahəsi dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış verilmiş, Mülki qanunvericilik təmsilçilik üzrə təmsilçinin öz mənafeyi üçün hərəkətlər etməsini məhdudlaşdırdığından Cavabdeh1 Cavabdeh2 etibarnamə verib bundan sonra iddiaçılarının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı alqısatqı müqaviləsi bağlamışdır. Alqı-satqı müqaviləsi bağlanarkən isə mülki qanunvericiliiyin daşınmaz əmlaklın alqı-satqısı ilə bağlı normalarının tələbləri gözlənilmiş, hər hansı pozuntuya yol verilməmişdir. Qeyd edilən alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddiaçı tərəfin yanaşmasına gəlikdə isə bildirilməlidir ki, məhkəmə araşdırması nəticəsində iddiaçıların aldadılması və ya vacib əhəmiyyətli yanılmaya məruz qalması müəyyən edilməməkdədir. İddiaçılar bu barədə mövqelərini sözlə ifadə etsələr də, hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Şahid ifadəsinin mötəbərliyinə gəldikdə isə qeyd edilməlidir ki, yuxarıda göstərildiyi kimi, şahid Elxan Qasımov ona suallar verilərkən göstərilən torpaq sahəsinin gah 10 il müddətinə ona İnqilab tərəfindən icarəyə verildiyini, gah satın aldığını, torpaq sahəsinin sahibi Baxriddinlə ona etibarnamə verilməsi barədə razılıq əldə etdiyini, ancaq etibarnamənin ona deyil qardaşına verildiyini bildirməklə ziddiyyətli ifadə vermiş, etibarnamənin ona niyə deyil, qardaşına verilməsinin səbəbini əsaslandıra bilməmiş, həmçinin müqavilənin etibarsızlığının əsasının nədə ifadə olunması barədə fikir ifadə edə bilməmişdir. Odur ki, şahid ifadəsi mötəbər sübut kimi nəzərə alına və qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı5 və İddiaçı4 Baxriddinovanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi» barədə iddia tələbi təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar