Məhkəmə qərarları › İş №2(056)-1497/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1497/2024

10.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1497/2024 10.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manatdan az olmamaq şərti ilə sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki nikaha daxil olmuş, onların faktiki nikahından xx.xx.2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdeh onları atıb getmiş, həmin vaxtdan heç bir maddi köməklik göstərməmişdir. Uşağı təkbaşına saxlamaq onun üçün çətindir. Özü heç yerdə işləmir, maddi vəziyyəti pisdir, anasının yanında yaşayır və anası onları saxlamaqda çətinlik çəkir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehin evlərdə usta işlədiyini, normal qazanca malik olduğunu bildirib iddia tələbini müdafiə edərək iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, iddiaçıdan əvvəl ailəli olmuş, həmin nikahdan onun 2 qız övladı vardır. İddiaçı onun ikinci ailəsi olmuşdur. Onların əslində iki uşağı olmuş, uşaqlardan birini iddiaçı qardaşına övladlığa vermişdir. Hazırda bu uşaq üçün də aliment istəməkdədir. Onun ailəsinin dağılma səbəbi iddiaçının xalasıdır. Özü iş olanda evlərdə usta işləyir. Hazırda bu uşağı da istəmir. İddiaçı özü öz uşağını saxlasın. Onun uşağa ehtiyacı yoxdur. Buna görə də aliment ödəməyəcəkdir. Odur ki, o, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: Atalığın müəyyən edilməsi haqqında AZ-İ No 437530 seriyalı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə izahatları dinləyib, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırki iş üzrə tərəflər faktiki nikaha daxil olmuş, onların faktiki nikahından xx.xx.2022-ci il təvəllüdlü X3 olmuş, bu hal atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə öz təsdiqini tapmışdır. Hazırda tərəflərdən İddiaçı uşağı ilə birlikdə yaşayır. İddiaçı azyaşlı uşağının tələbatlarını təkbaşına qarşılaya bilmədiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə valideynlər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay tutulacaq alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Göründüyü kimi valideynlər arasında ödəniləcək alimentin miqdarı barədə razılıq əldə olunmamışdır. Belə ki, iddiaçı sabit pul məbləğində hər ay 250 manatdan az olmamaqla alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə alimentin tutulmasına etiraz etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən normalar konktekstində məhkəmə hesab edir ki, cavabdeh azyaşlı uşağının saxlanması üçün ondan alimentin tutulmasına etiraz etmiş olsa belə, qanunvericiliyin tələbinə əsasən onun övladının saxlanması üçün aliment ödəməsi vəzifəsi olaraq müəyyən edilmişdir. Odur ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan alimentin məbləği uşağın qayğısına qalmağın hər iki valideynin borcu olması, ananın uşağın saxlanmasında əziyyətləri və uşağın maddi tələbatları ilə bağlı hüquq və mənafeləri (mövcud yaş durumu, bu yaş durumunda olan tələbatları) nəzərə alınmaqla hər ay üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndində uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsi kimi müəyyən olunub. «Uşaq hüquqları haqqında Qanun»-un 19-cu maddəsinin birinci abzasında isə göstərilmişdir ki, valideynlər uşağı saxlamalı, böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Orada xüsusilə qeyd edilmişdir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göründüyü kimi valideynlərin uşağını saxlamaq vəzifəsi nəinki hüquqi, habelə sosial əhəmiyyət kəsb edir. Bu vəzifənin məzmunu qanunvericilikdə müəyyən edilməsə də, belə hesab edilir ki, valideynlərin uşaqlarını saxlamaq vəzifəsinə yemək, geyim, müalicə, təhsil və s. sahələrdə zəruri ehtiyaclar daxildir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumumun «Nigahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016cı il tarixli qərarının tövsiyəsini və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının göstərişini (Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.) də nəzərə alır. Məhkəmə alimentin tutulmağa başlanması vaxtının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşdən göründüyü kimi, iddiaçı hazırki tələblə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Odur ki, alimentin tutulmağa başlama tarixi olaraq göstərilən tarix müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehl Qafil oğlundan hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdehl Qafil oğlundan hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qaydada tutulması xx.xx.2024-cü il tarixdən hesablansın və qətnamə dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar