Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1678/2023 02.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan xx.xx.2007-ci ildə anadan olmuş X1 və xx.xx.2010-cu ildə anadan olmuş X2 xeyrinə məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh himayəsində olan xx.xx.2007-ci ildə anadan olmuş X5 və xx.xx.2010-cu ildə anadan olmuş X6 adlı uşaqların saxlanması ücün hər ay hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(056)-954/2014 saylı qətnaməsi qəbul edilmişdir. Uşaqlar onun himayəsindədir. Cavabdehin hər ay 150 manat ödəniş olan pensiya kartı bu günə kimidir və qət edilmiş aliment məbləğini hər ay həmin kartdan çıxarıb istifadə etmişdir. Lakin alimentin tutulması qət edildiyi zamandan 9 ilə yaxın müddət keçmişdir ki, bu müddətdə uşaqlar böyümüş və onların tələbatları da artmışdır. Hazırda qət edilmiş məbləğlə uşaqlarının tələbatlarını qarşılaya bilmir. Uşaqların maddi tələbatları artmışdır. Uşaqlar üçün zəruri olan istehlak malların qiyməti dəfələrlə artmışdır. Cavabdehin yaşayış minimumdan dəfələrlə çox miqdarda aliment ödəməyə imkanı vardır. Cavabdehin obyektləri var. Xarici ölkələrə gedib gəlir. Xaricdə yaşamaqla orada da işləyir. Beləliklə o, məhkəmədən iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(056)-954/2014 saylı qətnaməsi ilə xx.xx.2007-ci il ildə anadan olmuş Elgiz və xx.xx.2010-cu ildə anadan olmuş Elgün adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün Cavabdeh 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd olunan normalar kontekstində iddia tələbinə münasibətdə qeyd edir ki, işdən də göründüyü kimi, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsindən artıq 9 ilə yaxın vaxt keçmişdir. Bu müddətdə ölkə ərazisində həm iqtisadi artım, həm inkişaf səviyyəsi, həm gündəlik, həm də vaxtaşırı tələbatların qiymətlərində artım baş vermişdir ki, 9 il bundan əvvəl müəyyən edilmiş aliment məbləği ilə hazırki vaxtda azyaşlıların artan tələbatlarının ödənməsi qeyri-mümkündür. Belə olan halda Sabirabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(056)-954/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi zərurəti yaranmışdır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərkən (artırılarkən) azyaşlı uşaqları saxlamağın hər iki valideynin borcu olması halı nəzərə alınmalı, bu xüsusda iddia tələbi qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(056)-954/2014 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan alimentin həcmi artırılaraq xx.xx.2007-ci il il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hazırki qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmaqla hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(056)-954/2014 saylı qətnaməsi əsasında Cavabdeh hər ay tutulmalı olan alimentin həcmi artırılaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1678/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1678/2023
02.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver