Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-169/2025 14.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2023-cü ildə anadan olmuş uşaqları, X1 yetikinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 ( iki yüz əlli) manat məbləğdə alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı ( bundan sonra iddiaçı) iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh (bundan sonra cavabdeh) ilə 2022-ci ildə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Birgə nikahlarından X2 adlı övladları anadan olmuşdur. Bir müddət normal münasibətləri olsa da, sonradan cavabdehlə münasibətləri pozulmuş və ayrılmaq həddinə çatmışdır. Hazırda onlar ayrı yaşayırlar. İddiaçı izahatında onu da qeyd etmişdir ki, cavabdehlə faktiki ayrıldıqdan sonra, ata evində uşağı ilə birlikdə yaşayır. O, işləsə də, 450 manat əmək haqqı ilə uşağı tək başına saxlamaqda çətinlik çəkdiyini, cavabdehin isə uşağın saxlanması üçün heç bir maddi yardım göstərmədiyini bildirmişdir. Maddi çətinliyinin olduğunu bildirən iddiaçı buna görə də birgə nikahdan xx.xx.2023-cü ildə anadan olmuş və hazırda onunla qalan uşağın ehtiyaclarını qarşılamaq üçün cavabdehdən hər ay 250 manat məbləğdə alimentin alınaraq ona verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərdi ki, İddiaçı ilə 2022-ci ildə qeyri rəsmi evlənərək ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2023-cü ildə Ayan adlı uşaqları anadan olmuşdur. Sonradan ailə münasibətləri pisləşdiyindən iddiaçıdan ayrı yaşadığını bildirən cavabdeh, uşağın iddiaçının yanında olduğunu, buna etirazının olmadığını, lakin iddiaçının tələb etdiyi aliment məbləğinin çox olduğunu bildirdi. İddia ərizəsi ilə tanış olduğunu bildirən cavabdeh izahatında əlavə olaraq qeyd etdi ki, anası 1-ci qrup əlildir və hazırda anasına o baxır. Rəsmi olaraq heç bir yerdə işləmədiyini bildirən cavabdeh 100 manat məbləğdə aliment ödəmək imkanında olduğunu və məhkəmədən qətnamə qəbul edərkən bunu nəzərə almasını xahiş edir. İşdə olan atalığın müəyyən edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 06 saylı şəhadətnamənin və xx.xx.2024-cü il tarixli, AZ-İV 937530 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 21 iyul 2023-cü ildə anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 8.4-1-ci bəndində qeyd olunur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İşdən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü ildə daxil olmuşdur. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2023-cü il tarixli sərəncamına əsasən, ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Bütün bu qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsinin verildiyi tarixdən yəni - xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2023-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh, İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulmalı və qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2023-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh, İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(056)-169/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-169/2025
14.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver