Məhkəmə qərarları › İş №2(056)-2105/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2105/2024

06.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2105/2024 06.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 sentyabr 2015-ci ildə anadan olmuş X2 və 28 avqust 2018-ci ildə anadan olmuş X3 adlı iki nəfər uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin və ödənilmiş mediasiya xərcinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə el adəti ilə evlənərək 27 dekabr 2015-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 24 sentyabr 2015-ci ildə Ləman və 28 avqust 2018-ci ildə Fidan adlı iki nəfər uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pisləşdiyindən ötən ildən etibarən uşaqları ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Cavabdeh övladlarının saxlanılması üçün ona köməklik göstərmədiyindən alimentin tutulması ilə əlaqədar mediasiyaya müraciət etmişdir. Cavabdeh mediasiya prosesində iştirak etmədiyindən prosesin keçirilməsindən imtina olunmuşdur. Heç bir yerdə işləmədiyindən, gəliri olmadığından uşaqlarının saxlanılmasında çox çətinlik çəkir, valideynlərinin köməyi ilə uşaqlarını saxlayır. Ona görə də göstərdiklərini nəzərə alaraq 24 sentyabr 2015-ci ildə anadan olmuş Ləman və 28 avqust 2018-ci ildə anadan olmuş Fidan adlı iki nəfər uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin və ödənilmiş mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdehdehin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, İddiaçı ilə onun oğlu Cavabdeh el adəti ilə evlənərək 27 dekabr 2015-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 24 sentyabr 2015-ci ildə Ləman və 28 avqust 2018-ci ildə Fidan adlı iki nəfər uşaqları anadan olmuşdur. İddia ərizəsi şdg tanış olmuşdur, lakin iddianı qəbul etmir. İddiaçı ər evinə qayıdaraq onun oğlu Cavabdeh ilə birgə yaşamasını iddiaçıya təklif edir. Lakin onun təklifini iddiaçı qəbul etmirsə oğlunun hər uşağa görə hər ay cəmi 50 manat ödəmək imkanı vardır. Hazırda oğlu Rusiya Federasiyasının Dağıstan Respublikasının Maxaçkala şəhərində tikintidə günü təxminən 20 manata fəhlə işləyir. Ona görə də oğlunun iddiaçının iddia etdiyi aliment məbləğinin ödəmək imkanı yoxdur. Qətnamə çıxarılarkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 27 dekabr 2015-ci il tarixdə Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 746 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X2 24 sentyabr 2015-ci ildə və X3 28 avqust 2018-ci ildə anadan olmuşlar, onların atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. 24 sentyabr 2015-ci ildə anadan olmuş X2 və 28 avqust 2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək 24 sentyabr 2015-ci ildə anadan olmuş X2 və 28 avqust 2018-ci ildə anadan olmuş X3 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 22 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Belə olan halda məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 100 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. 24 sentyabr 2015-ci ildə anadan olmuş X2 və 28 avqust 2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment 22 iyul 2024-cü il tarixdən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Əlavə olaraq Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət nəfinə ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar