Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2182/2025 22.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment, kirayə xərcinin aliment tərkibinə daxil edilməsi, uşağın sağlamlıq vəziyyəti ilə bağlı xərclərin tutulması və ödənilməmiş aliment borcunun hesablanaraq tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. 3 saylı Bakı “Asan Xidmət Mərkəzi” Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 490908 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 28 yanvar 2022-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 465 nömrə ilə qeydiyyat aparılmışdır.
2. Doğum haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, tərəflərin birgə nikahından 1 övladı olmuşdur: xx.xx.2022-ci il təvəllüdlü Nümayəndə2 Nurlan oğlu.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, Cavabdeh Adil oğlundan azyaşlı övladı Adil üçün 600 manat sabit məbləğdə alimentin tutulması, kirayə xərcinin uşaqla bağlı hissəsinin nəzərə alınaraq əlavə 200 manat məbləğində aliment tərkibinə daxil edilməsi, uşağın sağlamlıq vəziyyəti ilə bağlı (loqoped, nevroloji, fizioterapiya, ortopedik avadanlıqlar və.s) müalicə və reabilitasiya xərclərinin 300 manat məbləğində cavabdehdən ayrıca tutulması, 2023-cü ildən bu günədək cavabdeh tərəfindən ödənilməmiş aliment borcunun hesablanaraq ümumi borc kimi ondan tutulması və yol xərclərinin cavabdeh tərəfindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddianın əsaslarına görə, Cavabdeh Adil oğlu ilə birgə nikahdan olan, 20 aprel 2022-ci il tarixində dünyaya gəlmiş azyaşlı oğlu Adil Nurlan oğlu ilə hal-hazırda birgə yaşamı davam etdirir. Cavabdeh isə 2023-cü ildən etibarən onlarla birgə yaşamır və valideynlik öhdəliklərindən yayınır. O,atalıq statusunu yalnız formal olaraq saxlayır və az yaşlının tərbiyəsi, sağlamlığı və maddi təminatı ilə maraqlanmır. Öz vəsaiti hesabına uşağın bütün gündəlik, tibbi və inkişaf yönümlü ehtiyaclarını qarşılayır. Hal-hazırda kirayədə yaşayır və aylıq 500 (beş yüz) manat məbləğində kirayə haqqı ödəyir. Daimi gəlir yoxdu, cavabdeh yalnız bəzi aylarda müəyyən miqdarda pul göndərmiş lakin ardıcıl və davamlı ödəniş etməmişdir. Övladı nevroloji problemlərlə əlaqədar müalicə alır, loqoped seanslarına qatılır, həkim təyinatı ilə ortopedik ayaqqabılardan istifadə etməli və masajlar olunmalıdır. Bu xərclərin hamısı onun üzərindədir və uşağın atası bu istiqamətdə heç bir dəstək göstərmir. Biganə yanaşır. Cavabdeh yalnız sosial şəbəkələrdə və dost tanış arasında ata obrazı yaratmaq məqsədilə övladının doğum günündə iştirak edib, şəkil çəkdirib, lakin real həyatda nə ona, nə də azyaşlıya heç bir mənəvi və maddi qayğı göstərməmişdir. Bundan əlavə cavabdeh və onun atası uşağın babası eyni münasibəti sərgiləyir. Cavabdeh övladının saxlanılması üçün müntəzəm maddi dəstək göstərmir, bəzi aylarla heç bir vəsait göndərmir. Nəticədə uşağın bütün maddi ehtiyaclarını təkbaşına qarşılayır. Azyaşlı oğlu hal-hazırda bir sıra sağlamlıq problemləri ilə üzləşdiyi üçün ailənin hər ay hesabla 300-400 manat əlavə tibbi xərci yaranır. Cavabdeh və onun atası yəni uşağın babası məsuliyyətdən yayınmaq məqsədilə ona qarşı təzyiq və psixoloji təsir göstərməyə çalışırlar. Onlar açıq şəkildə bildirirlər ki, Sabirabad rayonunda tanışları var, hakimlər "öz yerliləridir" və bu səbəbdən alimentin məbləğini minumum həddə təyin olunmasına nail olacaqlar. Bu cür yanaşma davranış məhkəmə sisteminə hörmətsizlik sistemin nüfuzuna kölgə salmağa cəhd kimi qiymətləndirilməlidir, həm də azyaşlının hüquqlarının kobud şəkildə pozulmasıdır. Uşağın atası və babası azyaşlı uşağın mənafeyini nəzərə almadan onu maddi çətinlik içində böyütmək üçün hər vasitəyə əl atmağa çalışırlar. Onların bu məsuliyyətsiz və vicdansız davranışları nəticəsində uşağın təhsil, sağlamlıq və ümumi həyat şəraitinə təsir göstərir.
b) iddiaya qarşı etiraz
5. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya qismən etiraz edərək, iddianın yalnız aliment hissədə qismən təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutulur; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir; Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; Maddə 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
9. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
10. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ... uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin.
11. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2024-cü il tarixli Sərəncamı: “…
1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.”
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “... 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).”
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.
Məhkəmə baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
15. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
16. Belə ki, iddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
17. Məhkəmə iddia tələblərinin bir neçə hissədən ibarət olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbinin hər bir hissəsinə ayrı-ayrılıqda hüquqi qiymət verilməlidir.
18. İddia tələbinin məzmunundan görünür ki, iddiaçı iddia tələbində cavabdehdən uşağın saxlanması üçün hər ay hər uşaq üçün 600 manat aliment tutulmasını, kirayə xərcinin uşaqla bağlı hissəsinin nəzərə alınaraq əlavə 200 manat məbləğində aliment tərkibinə daxil edilməsi, uşağın sağlamlıq vəziyyəti ilə bağlı (loqoped, nevroloji, fizioterapiya, ortopedik avadanlıqlar və.s) müalicə və reabilitasiya xərclərinin 300 manat məbləğində cavabdehdən ayrıca tutulması, 2023-cü ildən bu günədək cavabdeh tərəfindən ödənilməmiş aliment borcunun hesablanaraq ümumi borc kimi ondan tutulması və yol xərclərinin cavabdeh tərəfindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə iddia tələbinin alimentlə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
20. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əsasən: “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.”
23. İşdə olan ərizədən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü Nümayəndə2 Nurlan oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 600 manat alimentin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir.
24. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış nikah pozulmamış, lakin faktiki olaraq ayrı yaşayırlar. Uşaq hazırda iddiaçının himayəsindədir. Bu hal isə alimentin tutulmasına əsas verir. Belə ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.
25. Məhkəmə aliment məbləğinin həcmini müəyyən edərkən uşağın və iddiaçının mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alaraq qeyd edir ki, 2025-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
26. Qanunvericiliyin tələbi baxımından valideynlər hər biri birgə nikahında doğulmuş uşağı saxlamağa borcludurlar. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Belə ki, Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
27. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, 2025-ci il üçün minimum əmək haqqı 400 manat olduğundan cavabdehdən, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində alimentin tutulması, həm cavabdehin maddi vəziyyətinə, həm də uşağın əvvəlki təminat səviyyəsinə uyğun olmaqla ədalətlidir.
28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
29. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixində daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır.
30. Məhkəmə iddia tələbinin kirayə xərcinin uşaqla bağlı hissəsinin nəzərə alınaraq əlavə 200 manat məbləğində aliment tərkibinə daxil edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı öz seçimi ilə kirayədə yaşamağı seçmiş, həmçinin iddia tələbinin qeyd edilən hissəsində qanuni əsası (həmçinin tərəflər arasında kirayə xərclərinin tutulması barədə hər hansı müqavilə) mövcud deyil. Eyni zamanda qanunvericilikdə alimentin tutulmasını yalnız uşağın saxlanılması üçün nəzərdə tutulmuşdur. Qeyd edilən xərclərin isə uşağın saxlanılması ilə birbaşa bağlı olmadığından cavabdehdən kirayə xərclərinin tutulması qanuni və əsaslı hesab edilə bilməz.
31. Məhkəmə iddia tələbinin uşağın sağlamlıq vəziyyəti ilə bağlı (loqoped, nevroloji, fizioterapiya, ortopedik avadanlıqlar və.s) müalicə və reabilitasiya xərclərinin 300 manat məbləğində cavabdehdən ayrıca tutulması hissəsi ilə bağlı isə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 81.2-ci maddəsinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Hazırkı halda isə iddiaçı tərəfindən uşağın saxlanılması üçün əlavə xərclərin çəkilməsinə dair hər hansı sübut təqdim edilməmiş, həmçinin bu hal məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir.
32. Məhkəmə iddia tələbinin 2023-cü ildən bu günədək ödənilməmiş aliment borcunun hesablanaraq ümumi borc kimi ondan tutulması və yol xərclərinin cavabdehdən tutulması hissəsi ilə bağlı isə qeyd edir ki, iddia tələbi həmin hissələrdə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı keçmiş dövr üçün alimenti yalnız o halda tələb edə bilər ki, iddiaçı sübut etsin ki, qeyd edilən dövr ərizində iddiaçı cavabdehdən aliment tələb etmiş, lakin cavabdeh ödəməkdən boyun qaçırmışdır. Belə ki, Aliə Məcəlləsinin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Hazırkı halda isə iddiaçı bu halı təsdiq edəcək hər hansı sübutu təqdim edə bilməmişdir. Halbu ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 08 iyul 2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü Nümayəndə2 Nurlan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalı, qətnamə dərhal icra olunmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. 08 iyul 2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü Nümayəndə2 Nurlan oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM : Cavid Cəfərov