Məhkəmə qərarları › İş №2(056)-2918/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2918/2025

01.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2918/2025 01.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il təvəllüdlü X1 üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.60 misli həddində alimentin və 60 (altmış) manat mediasiya xərcinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2024-cü ildə qeyri-rsəmi ailə həyatı qurmuş, bu qeyri-rəsmi nikahdan xx.xx.2025-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Əvvəl mehriban yaşasalar da, sonradan cavabdehlə olan münasibətləri kəskin dəyişdiyi üçün uzun müddətdir ki, ayrı yaşayırlar. Hazırda o, azyaşlı övladı ilə birgə ayrı yaşayır. Cavabdeh övladı ilə maraqlanmır. Özü hazırda heç yerdə işləmir və azyaşlı uşağını təkbaşına saxlamaqda çətinlik çəkir. Gündəlik tələbatlar çox olduğu üçün cavabdehin maddi yardımına ehtiyacı vardır. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və əlavə olaraq bildirdi ki, o, azyaşlı övladları ilə birgə kirayədə yaşayır. Övladı körpə Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, aliment ödəmək hər bir valideynin borcudur. Ona görə də o da aliment ödəməkdən imtina etmir. Lakin o, avtoyuma məntəqəsində fəhlə işləyir və günlük qazancı 10-15 manat olur. Tələb edilən həddə aliment ödəməyə imkanı yoxdur. O, övladının saxlanması üçün maksimum hər ay 150 manat aliment ödəyə bilər. Bundan əlavə o, iki digər övladının da saxlanması üçün hər ay cəmi 250 manat aliment ödəyir. Ona görə də o, məhkəmədən iddia tələbinin özünün göstərdiyi həddə təmin edilməsini xahiş edir. İddiaçı Cavabdeh izahatına münasibətdə bildirdi ki, o, 150 manatla razı deyildir. Özü işləmək imkanında deyildir. Cavabdehin göstərdiyi iki uşaq üzrə dekabr ayında birinin 18 yaşı tamam olur və ödəniş bitir. O, iddiasının tam təmin edilməsini xahiş edir. İddia ərizəsinə əlavə olunmuş: Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2025-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə izahatları dinləyib, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırki iş üzrə tərəflər faktiki ailə həyatı qurmuş, onların faktiki nikahlarından xx.xx.2025-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Tərəflər ayrı yaşayırlar və azyaşlı uşaq iddiaçı olan anasının himayəsindədir. İddiaçı heç yerdə işləmir, cavabdeh isə fərdi əməklə məşğul olur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə valideynlər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay tutulacaq alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi valideynlər arasında ödəniləcək alimentin miqdarı barədə razılıq əldə olunmamışdır. Belə ki, iddiaçı sabit pul məbləğində hər ay hər uşaq üçün 246 manat alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə hər uşağa görə 150 manat aliment ödəyə biləcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndində uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsi kimi müəyyən olunub. «Uşaq hüquqları haqqında Qanun»-un 19-cu maddəsinin birinci abzasında isə göstərilmişdir ki, valideynlər uşağı saxlamalı, böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Orada xüsusilə qeyd edilmişdir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göründüyü kimi valideynlərin uşağını saxlamaq vəzifəsi nəinki hüquqi, habelə sosial əhəmiyyət kəsb edir. Bu vəzifənin məzmunu qanunvericilikdə müəyyən edilməsə də, belə hesab edilir ki, valideynlərin uşaqlarını saxlamaq vəzifəsinə yemək, geyim, müalicə, təhsil və s. sahələrdə zəruri ehtiyaclar daxildir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumumun «Nigahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarının tövsiyəsini və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının göstərişini (Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.) də nəzərə alır. Qeyd edilən normalar konktekstində məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan alimentin məbləği uşağın qayğısına qalmağın hər iki valideynin borcu olması, uşağın maddi tələbatları ilə bağlı hüquq və mənafeləri (mövcud yaş durumu, bu yaş durumunda olan tələbatları), tərəflərin maddi, ailə vəziyyətləri və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarının tələbləri nəzərə alınmaqla sonrakı artımlar nəzərə alınmaqla, hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli miqdarında sabit pul məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə alimentin tutulmağa başlanması vaxtının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşdən göründüyü kimi, iddiaçı hazırki tələblə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Odur ki, Ailə Məcəlləsinin tələbləri nəzərə alınmaqla qətnamə üzrə təyin edilmiş alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yekun olaraq iddia tələbinin ödənilmiş mediasiya xərcinin cavabdehdən alınaraq idiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia qismən təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 40 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə grə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixindən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli miqdarında sabit pul məbləğində aliment və məhkəmə xərclərinə aid edilən ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 40 manat tutularaq İddiaçı verilməlidir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixindən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli miqdarında sabit pul məbləğində aliment və məhkəmə xərclərinə aid edilən ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 40 manat tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar