Məhkəmə qərarları › İş №2(056)-3194/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3194/2025

07.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3194/2025 07.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Doğum haqqında şəhadətnamələrə əsasən xx.xx.2017-ci il tarixdə doğulmuş X1 və xx.xx.2019-cu il tarixdə doğulmuş X2 ataları Cavabdeh, anası İddiaçıdır.

2. Sabirabad regional “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 489543 nömrəli, 02 oktyabr 2025-ci il tarixli və AZ-İ seriyalı, 489544 nömrəli, 02 oktyabr 2025-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrə əsasən vətəndaş Cavabdeh 16 avqust 2017-ci il və 23 avqust 2019-cu il tarixlərdə vətəndaş İddiaçı doğulmuş X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş X2 ataları hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 06 dekabr 2018-ci il və 02 oktyabr 2020-ci tarixlərdə 582 və 498 nömrələr ilə qeyd edilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci ildə anadan olmuş X3, xx.xx.2019-cu ildə anadan olmuş X2 xeyrinə Cavabdeh uşaqlar yetkinlik yaşına çatanadək sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqımn 0,75 misli- cəmi 1,5 misli (məsələn hazırda 400 x 0,75 = 300 manat, cəmi 400 x 1,5 - 600 manat) miqdarında (gələcəkdə Ailə MəcəUəsinin 110-cu maddəsinə əsasən indeksasiya nəzərə alınmaqla) sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddianın əsaslarına görə, o, Cavabdehla xx.xx.2013-cü ildə faktik nikah münasibətinə daxil olmuşlar. Bu nikahdan xx.xx.2017-ci ildə X3 və xx.xx.2019-cu ildə X4 anadan olmuşdur. Uşaqların atalığı qarşılıqlı razılıq əsasında Sabirabad regional «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsində müəyyən edilərək müvafiq şəhadətnamələr verilmişdir. Cavabdehlə nikah münasibətləri onun istəməməsi nəticəsində rəsmi qeydə alınmamışdır. Cavabdeh tərəfindən təhqirlərə, işgəncəyə məruz qaldığından xx.xx.2024cü ildə faktik olaraq ayrılmışlar. Uşaqlar onun himayəsində yaşayırlar. Uşaqlarla birlikdə Narlıq kəndində atası evində yaşayır. Uşaqların bütün maddi və mənəvi çətinlikləri onun üzərindədir. Uşaqlar böyüyür və minimum tələbləri artır. Bu səbəblərdən cavabdehdən aliment tələb etməyə məcburdur. Cavabdeh Rusiya ilə əlaqədar işləyir. Tez-tez Rusiyada olaraq bizneslə məşğul olur. Bundan başqa kənddə nar bağları və torpaq sahələri vardır. Aylıq qazancı sabit deyildir.

b) iddiaya qarşı etiraz

5. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın qismən təmin olunmasına etiraz etmədiyini bildirərək, maddi vəziyyətinin aşağı olmasının nəzərə alınmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutulur; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir; Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; Maddə 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

9. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

10. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2026-cı il üçün yaşayış minimumu ... uşaqlar üçün 260 manat məbləğində müəyyən edilsin.

11. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2024-cü il tarixli Sərəncamı: “…

1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.”

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “... 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).”

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

Məhkəmə baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

15. İşin faktiki hallarından görünür ki, doğum haqqında və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrə əsasən vətəndaş Cavabdeh 16 avqust 2017-ci il və 23 avqust 2019-cu il tarixlərdə vətəndaş İddiaçı doğulmuş X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş X2 ataları hesab edilmişdir. Hazırda isə iddiaçı cavabdehdən uşaqların saxlanması üçün hər uşaq üçün hər ay 300 manat məbləğdə aliment tutulmasını xahiş edir.

16. Məhkəmə alimentin tutulması ilə bağlı iddia tələbinin əsaslı olduğu qənaətinə gəlir.

17. Belə ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.

18. Uşağa görə 2026-cı il üçün yaşayış minimumu 260 manat müəyyən edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatla cavabdehin hər hansı rəsmi iş yeri və ya qazancı müəyyən edilmir.

19. Məhkəmə bu qənaətə gəlir ki, hər uşaq üçün 180 manat məbləğdə alimentin tutulması, həm cavabdehin maddi vəziyyətinə, həm də uşaqların əvvəlki təminat səviyyəsinə uyğundur.

20. Məhkəmə təcrübəsini müəyyən edən Ali Məhkəmənin məhkəmələrə tövsiyəsi ondan ibarət olmuşdur ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

21. 2026-cı il üçün minimum əmək haqqı 400 manat olduğundan tutulmalı olan alimentin miqdarı minimum əmək haqqının 0,45 misli həddində müəyyən edilməlidir.

22. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün sonrakı artımlar nəzərə alınmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin hesablanması ərizə ilə məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixdən aparılmalı, qətnamə dərhal icra olunmalıdır.

23. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. 06 noyabr 2025-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün sonrakı artımlar nəzərə alınmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM : Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar