Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3248/2025 16.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmənin iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi və alimentin azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi və alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X8ölu, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün yaranmış 2784 manat aliment borcunun silinməsi və xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,30 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahlarından 3 övladları - gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X8ölu, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-290/2025 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahlarından anadan olmuş gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 anasının himayəsində saxlanılmışdır. Həmçinin ondan xx.xx.2007-ci il təvəllüdlü X8ölu, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Onlar ailə olaraq 2024-cü ilin noyabr ayının sonunadək birlikdə yaşamışlar. Ailənin bütün maddi ehtiyacları onun tərəfindən qarşılanmışdır. Onların Xırdalan şəhərində bir yerdə yaşamalarını sübut edən video görüntülər və digər sübutlar vardır ki, həmin sübutları da məhkəməyə təqdim edəcəkdir. Aliment ödənişləri onun tərəfindən mütəmadi olaraq ödənilmişdir. Özü rəsmi olaraq heç yerdə işləmir. Kirayədə yaşayır. Günəmuzd fəhlə işləyərək dolanır. Ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 mislində sabit pul məbləğində alimentin tutulması həddən artıq çoxdur. Həmin məbləği ödəməkdə çətinlik çəkir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-290/2025 saylı qətnaməsinin alimenti tutulması hissəsində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət versə də, apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Audio-video yazı formatında xx.xx.2026-ci il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh bildirdi ki, o, iddia tələbini qismən qəbul və etiraf edir. Belə ki, iddiaçınnı iddia tələbində göstərdiyi kimi onlar həqiqətən də 2025-ci ilin noyabr ayının sonlarınadək birgə yaşamışlar. Ona görə də o, həmin dövrə qədər yaranmış aliment borcunun silinməsinə razıdır. İddia tələbinin ödənilməli olan aylıq aliment məbləğinin azaldılması hissəsinə gəldikdə isə o, bu hissədə iddianı qəbul etmir. Belə ki, övladlarından biri artıq yetkinlik yaşına çatmış, digər övladı Fidan da 9 gün sonra yetkinlik yaşına çatacaqdır. İddiaçı bundan sonra bir uşağa görə aliment ödəməli olacaqdır. Özü heç yerdə işləmir və uşağının tələbatını qarşılamaq imkanında deyildir. Ona görə də o, iddia tələbinin alimentin azaldılması hissəsində təmin edilməməsini xahiş edir. İş materiallarına əlavə edilmiş: Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-290/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın ananın himayəsində qalması və aliment” tələbinə dair iddiası qismən təmin edilərək, tərəflər arasında olan nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 anasının himayəsində saxlanılması, qeyd edilən uşaqların yetkinlik yaşıan çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)- 951/2025 saylı qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-290/2025 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 290/2025 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarına əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. İlk öncə qeyd edilməlidir ki, iddia tələbinin mahiyyətindən göründüyü kimi, iddia tələbi 2 hissədə - yaranmış aliment borcunun silinməsi və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılması hissəsindən ibarətdir. Məhkəmə iddia tələbinin ilk hissəsi olan yaranmış aliment borcunun silinməsi hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin iddia tələbini bu hissədə etiraf və qəbul etməsi nəzərə alınmaqla iddia tələbi bu hissədə əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hazırkı iş üzrə iddianın cavabdeh tərəfindən etiraf edilməsini Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən qanunazidd hesab etmir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəlir və bu səbəbdən cavabdehin iddianı etiraf etməsini qəbul edir və hesab edir ki, iddia tələbi bu hissədə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsi olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin azaldılması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Hazırki mübahisəyə qeyd edilən normalar kontekstində yanaşdıqda məlum olur ki, istər daxili qanunvericilik, istər beynəlxalq Konvensiyalar uşaqların mənafeyi ilə qərar qəbul edərkən uşaqların mənafeyinin daha üstün tutulmalı, onların hüquqlarının təmin olunmasına şərait yaradılmalı olduğunu vurğulamışdır. İşdən görünən hal ondan ibarətdir ki, tərəflərin birgə nikahından anadan olmuş 3 uşaqdan ikisi artıq yetkinlik yaşına çatmışdır. İddiaçı bundan sonra 1 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment ödəməli olacaqdır ki, həmin ödənilməli alimentin məbləği də bir azyaşlı uşağın ölkə üzrə müəyyən olunmuş dolanacaq xərcindən bir qədər azdır. Həmçinin o da qeyd edilməlidir ki, hazırki işin halları alimentin azaldılmasının maddi əsasını təşkil edən Azərbaycan Respublikasının MPM-nin 112.1-ci maddəsi ilə uzlaşmayan hal kimi nəzərə alınmalıdır. Belə ki, qanunvericiliyin tələbindən də aydın olduğu kimi, alimentin məbləğinin dəyişdirilməsi ilə bağlı iddia, məsələn alimentin miqdarının azaldılması ilə bağlı iddia aliment ödəyən tərəfin maddi vəziyyətinin əvvəllər aliment ödədiyi dövrə münasibətdə pisləşməsi halında və ya ailə vəziyyətində dəyişdiklik baş verdiyi halda qadırılır ki, iddiaçının göstərdiklərindən də aydın olur ki, onun uşağının tələbatlarını qarşılamaq üçün maddi vəziyyətində, həmçinin ailə vəziyyətində dəyişiklik baş verməmişdir. Son olaraq alimentin miqdarının dəyişdirilməsi əsaslarını müəyyən edən Ailə Məcəlləsinin 112-ci maddəsinə münasibətdə qeyd edilməlidir ki, həmin norma qanunvericilikdə imperativ norma kimi müəyyən edilməmiş, məhkəməyə həmin normada sadalanmış hallarda birinin mövcudluğu halında uşağın üstün hüquq və mənafeləri nəzərə alınmaqla qənaətə gəlinməsi imkanını müəyyən etmişdir. Beləliklə məhkəmə iddia tələbinin göstərilən hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-290/2025 saylı qətnaməsi əsasında İddiaçı 2025-ci ilin noyabr ayının sonunadək yaranmış olan 2784 (iki min yedi yüz səksən dörd) manat aliment borcu silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3248/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3248/2025
16.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver