Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-573/2023 06.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «Aliment tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən hər uşaq üçün 200 manat, cəmi 400 manat məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2004-cü ilin noyabr ayında faktik nikaha daxil olmaqla ailə qurmuşlar. Bu nikahdan xx.xx.2005-ci ildə X5, xx.xx.2006-cı ildə X1 və xx.xx.2011-ci ildə isə X4 anadan olmuşdur. Hal-hazırda uşaqlar onun himayəsindədirlər. xx.xx.2005-ci il təvəllüdlü X5 ailə qurmuş və ailəsi ilə birlikdə yaşayır. O, heç bir yerdə işləmir və heç bir yerdən gəliri yoxdur. O, uşaqlarla birlikdə valideyinlərinin himayəsində yaşayır. Cavabdehlə bir müddətdir ki, ailə münasibətləri tamamilə kəsilmişdir. Ümumiyyətlə uşaqlar faktik olaraq cavabdehlə ayrı yaşadıqları gündən onun himayəsindədirlər. Cavabdeh uşaqların saxlanılması üçün heç bir köməklik göstərmir. Cavabdeh könüllü olaraq uşaqların yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün ona aliment ödəmir və heç bir maddi yardım göstərmir. Uşaqlar böyüdükcə, onların məsrəfləri də yetərincə artır. Cavabdeh uşaqları ilə maraqlanmır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində göstərilənləri təkrar edərək iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək xəstə olmasını, gəlirlərini az olmasını, uşaqlarına gücü çatan qədər köməklik göstərəcəyini qeyd edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2005-ci ildə X5, xx.xx.2006-cı ildə X1 və xx.xx.2011-ci ildə isə X4 adlı uşaqları doğulmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə faktik nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nigahlarından xx.xx.2005-ci ildə X5, xx.xx.2006-cı ildə X1 və xx.xx.2011-ci ildə isə X4 anadan olmuşdur. Tərəflər faktiki olaraq ayrılmışlar. Cavabdeh uşaqların saxlanılmasında iştirak etməmiş, onların maddi tələbatlarının ödilənilməsində köməklik göstərməmişdir. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı uşaqların saxlanması üçün hər ay cavabdehdən hər uşaq üçün 200 manat, cəmi 400 manat aliment tələb edir, cavabdeh isə aliment ödəmək imkanı olmadığından iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə valideynlər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay tutulacaq alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Göründüyü kimi valideylər arasında ödəniləcək alimentin miqdarı barədə razılıq əldə olunmamışdır. Belə ki, iddiaçı hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir, cavabdeh isə imkanı olmadığı üçün aliment ödəmək imkanı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hazırkı iş üzrə alimentin miqdarını müəyyən edərkən qeyd olunanlarla bərabər aşağıdakı əsasları və halları da nəzərə almağı zəruri sayır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndində uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsi kimi müəyyən olunub. «Uşaq hüquqları haqqında Qanun»-un 19-cu maddəsinin birinci abzasında isə göstərilmişdir ki, valideynlər uşağı saxlamalı, böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Orada xüsusilə qeyd edilmişdir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göründüyü kimi valideynlərin uşaqlarını saxlamaq vəzifəsi nəinki hüquqi, habelə sosial əhəmiyyət kəsb edir. Bu vəzifənin məzmunu qanunvericilikdə müəyyən edilməsə də, belə hesab edilir ki, valideynlərin uşaqlarını saxlamaq vəzifəsinə yemək, geyim, müalicə, təhsil və s. sahələrdə zəruri ehtiyaclar daxildir. Məhkəmə iddiaçının tələb etdiyi alimentin miqdarını çox hesab etməklə, uşaqların ananın himayəsində olduğunu, uşaqlara ananın qulluq etməsini və bu səbəbdən onun işləməsi və gəlir əldə etməsi və qazanması imkanının uşaqların atasına nisbətən məhdud olmasını nəzərə alıb, iddiaçının aliment tələbi ilə müraciət etdiyi vaxt qüvvədə olan «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasını Qanunu»nun 1-ci maddəsinə əsasən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumun daha böyük hissəsinin ayrı yaşayan valideyndən (atadan) tutulmasını ədalətli sayır. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumumun «Nigahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarının tövsiyəsini və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının göstərişini (Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.) də nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsi ilə bir illik ödəmənin məcmusu ilə müəyyən olunmuş iddia qiyməti iddiaçı bu xərcdən azad olunduğuna görə cavabdehdən tutulub dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qaydada tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HAKİM: FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №2(056)-573/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-573/2023
06.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver