Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-668/2023 10.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «Aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «Aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qeyri-rəsmi nikahdan dünyaya gəlmiş xx.xx.2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2018-ci ildə faktiki ailə qurmaqla evlənmişdir. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Cavabdeh birgə yaşadıqları dövrdə, həmçinin hal-hazırda uşağın tələbatları ilə maraqlanmır və heç bir maddi köməklik göstərmir. Özü heç yerdə işləmir. Uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyi üçün cavabdehdən aliment tutulması zəruridir. TƏRƏFİN İZAHATİ: İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində göstərilənləri təkrar edərək iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirdi ki, həqiqətən də o, iddiaçı ilə faktiki nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Onlar əvvəllər mehriban yaşasalar da, sonradan qardaşı evində yaşadıqları üçün söz-söhbətlər yaranmış, iddiaçının qardaşı iddiaçını uşağı ilə birgə öz evinə aparmışdır. O, torpaq sahəsi satın almışdır və orada ev tikmək niyyətindədir. Bundan sonra ailəsini öz evinə qaytarmaq istəyir. Özü Şirvan şəhərində fəhlə bazarına gedib iş olanda fəhlə kimi işləyir və aylıq qazancı iş olanda 200 manata yaxın olur. Qazancı stabil deyildir. O, uşağını saxlamaqdan imtina etmir. İddiaçının evinə qayıtmasını istəyir. Əgər ailəsinin evinə qayıtması alınmırsa o, uşağınnı saxlanması üçün iddiaçıya hər ay 80 manat aliment ödəyə bilər. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV 231337 nömrəli «Doğum haqqında şəhadətnamə»nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 xx.xx.2019-cu ildə Şirvan şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 298 sayla qeyd edilmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırki iş üzrə tərəflər 2018-ci ildə faktiki nikaha daxil olaraq evlənmişlər. Birgə nikahlarından xx.xx.2019-cu ildə X2 adlı uşaqları doğulmuşdur. Hazırda tərəflər faktiki olaraq ayrı olmaqla, iddiaçı azyaşlı övladı ilə birgə qardaşı evində yaşayır, iddiaçı heç yerdə işləmir və azyaşlı uşağının tələbatını təkbaşına qarşılamaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə valideynlər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay tutulacaq alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi valideynlər arasında ödəniləcək alimentin miqdarı barədə razılıq əldə olunmamışdır. Belə ki, iddiaçı sabit pul məbləğində hər ay 200 manat həddində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə hər ay 80 manat aliment ödəmək imkanı olduğunu bildirmişdir. Qeyd edilən normalar konktekstində məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan alimentin məbləği uşağın qayğısına qalmağın hər iki valideynin borcu olması, həmçinin də ananın uşağın saxlanmasında əziyyətləri və uşağın maddi tələbatları ilə bağlı hüquq və mənafeləri nəzərə alınmaqla cavabdehdən uşağın saxlanması üçün iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 100 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndində uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsi kimi müəyyən olunub. «Uşaq hüquqları haqqında Qanun»-un 19-cu maddəsinin birinci abzasında isə göstərilmişdir ki, valideynlər uşağı saxlamalı, böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Orada xüsusilə qeyd edilmişdir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göründüyü kimi valideynlərin uşağını saxlamaq vəzifəsi nəinki hüquqi, habelə sosial əhəmiyyət kəsb edir. Bu vəzifənin məzmunu qanunvericilikdə müəyyən edilməsə də, belə hesab edilir ki, valideynlərin uşaqlarını saxlamaq vəzifəsinə yemək, geyim, müalicə, təhsil və s. sahələrdə zəruri ehtiyaclar daxildir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumumun «Nigahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016cı il tarixli qərarının tövsiyəsini və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının göstərişini (Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.) də nəzərə alır. Məhkəmə alimentin tutulmağa başlanması vaxtının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşdən göründüyü kimi, iddiaçı hazırki tələblə məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Odur ki, alimentin tutulmağa başlama tarixi olaraq göstərilən tarix müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qaydada tutulması xx.xx.2023-cü il tarixdən hesablansın və qətnamə dərhal icraya yönəldilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-668/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-668/2023
10.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver