Məhkəmə qərarları › İş №2(056)-853/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-853/2023

30.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-853/2023 30.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı, onun vəkili X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, himayəsində olan xx.xx.2018-ci ildə anadan olmuş X2 xeyrinə məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh himayəsində olan xx.xx.2018-ci ildə anadan olmuş X5 adlı uşağın saxlanması ücün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə Saatlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(055)-773/2019 saylı qətnaməsi qəbul edilmişdir. Uşaq onun himayəsindədir. Qətnamə çıxan vaxtdan cavabdeh aliment verir. O, isə uşağı saxlamağa maddi cəhətdən çətinlik çəkir. Cavabdeh yaşayış minimumundan dəfələrlə az miqdarda aliment ödəyir. Uşağı həmçinin xəstədir. Cavabdeh uşağının müalicəsi üçün də ona köməklik göstərmir. O, ödəniş etmək imkanı olmadığını bildirsə də, kifayət qədər imkanı vardır. İmkanı olmayan şəxsin avtomobili də olmazdı. Uşaqlar üçün zəruri olan istehlak malların qiyməti dəfələrlə artmışdır. Beləliklə o, məhkəmədən iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X3 mənafeyini müdafiə etdiyi şəxsin izahatına uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək işsiz olduğunu, işsiz qismində Məşğulluq Mərkəzində qeydiyyatda olduğunu, azyaşlı uşağının saxlanması üçün ondan alimentin tutulmağa başlandığı zamandan əmlak və gəlir vəziyyətində hər hansı dəyişiklik baş vermədiyini bildirərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(055)- 773/2019 saylı qətnaməsi ilə xx.xx.2018-ci il ildə anadan olmuş Şəbnəm adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd olunan normalar kontekstində iddia tələbinə münasibətdə qeyd edir ki, işdən də göründüyü kimi, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsindən artıq 3 ildən artıq vaxt keçmişdir. Bu müddətdə ölkə ərazisində həm iqtisadi artım, həm inkişaf səviyyəsi, həm gündəlik, həm də vaxtaşırı tələbatların qiymətlərində artım baş vermişdir ki, 3 il bundan əvvəl müəyyən edilmiş aliment məbləği ilə hazırki vaxtda azyaşlıların artan tələbatlarının ödənməsi qeyri-mümkündür. Belə olan halda Saatlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(055)-773/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi zərurəti yaranmışdır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilərkən (artırılarkən) azyaşlı uşağı saxlamağın hər iki valideynin borcu olması, həmçinin iddiaçının cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməməsi da nəzərə alınmalı, həm yuxarıda qeyd edilmiş xüsusda, həm də hazırki xüsusda iddia tələbi qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(055)-773/2019 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan alimentin həcmi artırılmalı, xx.xx.2018-ci il il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hazırki qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmaqla hər ay üçün 140 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunmuş alimentin alınması haqqında iddianın qiyməti cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Saatlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(055)-773/2019 saylı qətnaməsi əsasında Cavabdeh hər ay tutulmalı olan alimentin həcmi artırılaraq hər ay üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin. xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 36,80 (otuz altı manat səksən qəpik) AZN dövlət rüsumu alınıb dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar