Məhkəmə qərarları › İş №2(056)-878/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-878/2023

13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-878/2023 13.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu ildə faktiki xx.xx.2011-ci il tarixdə isə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Onlar arasında olan rəsmi nikah Sabirabad rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuş və uşağın onun yanında qalması müəyyən olunmuşdur. Cavabdeh birgə yaşadıqları, həmçinin hal-hazırki dövrdə cavabdeh uşağın tələbatları ilə maraqlanmır və heç bir maddi köməklik göstərmir. Uşağıın saxlanılmasına maddi cəhətdən çətinlik çəkdiyi üçün, cavabdehdən aliment tutulması zəruridir TƏRƏFİN İZAHATİ: İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsində göstərilənləri təkrar edərək iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini qismən qəbul edərək, cavabdehin hazırda Hepatit B xəstəliyindən əziyyət çəkməsini, heç yerdə işləməməsini, oğlunun müalicəsini özünün pensiyası ilə həyata keçirdiyini, oğlunun digər nikahdan da 1 nəfər azyaşlı uşağının olmasını, həmin uşağın saxlanması üçün də hazırda özünün aliment ödədiyini qeyd edərək hər ay Əsma adlı uşağın saxlanılması üçün 100 manat aliment ödəmək iqtidarında olduğunu bildirdi. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2011-ci ildə doğulmuş X7 adlı uşağı vardır. İş materiallarında olan AZ-İ No 320275 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan nikah ləğv edilmiş, bu barədə xx.xx.2019-cu ildə 108 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra arvada Talıbova soyadı verilmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırki iş üzrə tərəflər ailə qurmaqla nikahlarını xx.xx.2011-ci ildə rəsmi qeyd etdirmişlər. Birgə nikahklarından xx.xx.2011-ci ildə X7 adlı uşaqları doğulmuşdur. Onların nikahı Sabirabad rayon Məhkəməsinin qətnaməsi əsasında pozulmuş və uşağın ananın yanında qalması müəyyən edilmişdir. Hazırda tərəflərdən İddiaçı uşağı ilə birlikdə Sabirabad rayonunda yaşayır. İddiaçı azyaşlı uşağının tələbatlarını təkbaşına qarşılaya bilmədiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə valideynlər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay tutulacaq alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Göründüyü kimi valideynlər arasında ödəniləcək alimentin miqdarı barədə razılıq əldə olunmamışdır. Belə ki, iddiaçı sabit pul məbləğində hər ay 220 manat həddində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir, cavabdeh tərəf isə hər ay 100 manat aliment ödəmək imkanı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən normalar konktekstində məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan alimentin məbləği uşağın qayğısına qalmağın hər iki valideynin borcu olması, həmçinin də ananın uşaqların saxlanmasında əziyyətləri və uşağın maddi tələbatları (məktəbli olaraq) ilə bağlı hüquq və mənafeləri nəzərə alınmaqla uşağın saxlanması üçün hər aya görə 145 manat sabit pul məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndində uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsi kimi müəyyən olunub. «Uşaq hüquqları haqqında Qanun»-un 19-cu maddəsinin birinci abzasında isə göstərilmişdir ki, valideynlər uşağı saxlamalı, böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Orada xüsusilə qeyd edilmişdir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göründüyü kimi valideynlərin uşağını saxlamaq vəzifəsi nəinki hüquqi, habelə sosial əhəmiyyət kəsb edir. Bu vəzifənin məzmunu qanunvericilikdə müəyyən edilməsə də, belə hesab edilir ki, valideynlərin uşaqlarını saxlamaq vəzifəsinə yemək, geyim, müalicə, təhsil və s. sahələrdə zəruri ehtiyaclar daxildir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumumun «Nigahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarının tövsiyəsini və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının göstərişini (Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.) də nəzərə alır. Məhkəmə alimentin tutulmağa başlanması vaxtının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşdən göründüyü kimi, iddiaçı hazırki tələblə məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Odur ki, alimentin tutulmağa başlama tarixi olaraq göstərilən tarix müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 145 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 145 (bir yüz qırx beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qaydada tutulması xx.xx.2023-cü il tarixdən hesablansın və qətnamə dərhal icraya yönəldilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar