Məhkəmə qərarları › İş №2(056)-902/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-902/2025

01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-902/2025 01.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün 300 manat olmaqla, ümumilikdə 900 manat alimentin tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X8 anadan olmuşdur. Cavabdeh ailənin saxlanmasından özünü təcrid edərək uzun müddət Rusiya ərazisində yaşamışdır. Orada yaşaması üçün çətinlik yarandığından Azərbaycana qayıtmış və Bakı şəhərində yaşamağa başlamışdır. Bakı şəhərində yaşadığı halda cavabdeh 3 aya yaxın müddətdə vərəm dispanserində yatan oğullarını bir dəfə də olsun yoxlamağa gəlməmişdir. Özü hazırda uşaqları ilə birlikdə valideynlərinin evində yaşayır. Uşaqlarından Seyidağa ağ ciyər xəstəsidir və Bakı şəhərində dispanserdə müalicə alır. Onun sağlamlığına qovuşması üçün bundan sonra uzun müddət müalicəyə ehtiyacı vardır. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və əlavə olaraq bildirdi ki, cavabdeh birgə yaşadıqları vaxtı lift işində işləyirdi və aylıq 1600 manat qazancı olurdu. Kənara gedəndə isə əlavə də qazancı olurdu. Cavabdehin aylıq qazancı təxminən 2000 manat təşkil edirdi. Cavabdeh hazırda başqa qadın saxlayır, həmin qadının anasını müalicə edir və kreditlərini ödəyir. Uşaqları ilə maraqlanmır. Özü iki uşağı ilə atası evində yaşayır. Övladı Seyidrəsul isə cavabdehin yanına getmiş, sonra qayıtmaq istəmişdir. Hazırda da cavabdehi yanındadır. Digər övladı Seyidağa vərəm xəstəsidir. 20 günə yaxın dispanserdə yatdı, lakin cavabdeh ata olaraq maraqlanmadı. Özü heç yerdə işləmir. Uşaqlarının tələbatlarını təkbaşına qarşılamaqda çətinlik çəkir. Uşağınnı müalicəsini də çətinliklə qarşılayır. Hazırda o, heç olmasa onun yanında yaşayan uşaqların hər birinə görə 246 manat aliment tutulmasını istəyir ki, tələbatlarını qarşılaya, müalicəni davam etdirə bilsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, övladlarından Seyidrəsul hazırda onun yanında yaşayır. Digər övladlarına da iddiaçı baxa bilmirsə ona versin və o, baxar. Özü iddiaçının dediyi məbləğdə qazanc əldə etmir. O, günü 30 manata fəhlə işləyir. Sadəcə əlavə olaraq da iş yerində nahar verilir. O, uşaqlarının saxlanmasına görə hər uşaq üçün 100 manat iddiaçıya aliment verə bilər. Ona görə də o, iddianın göstərdiklərinə uyğun təmin edilməsinə etiraz etmir. İddia ərizəsinə əlavə olunmuş: Nikah haqqında arayışdan görünür ki, Mehtiyev X3 Zeyvə Fail qızı ilə xx.xx.2013-cü il tarixində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X8 anadan olmuşdur. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə izahatları dinləyib, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırki iş üzrə tərəflər xx.xx.2013cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar. Tərəflərin bildirməsinə görə, birgə nikahdan doğulmuş uşaqlardan xx.xx.2013-cü il təvəllüdlü X4 cavabdeh olan atası Cavabdeh, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X8 isə iddiaçı olan anası İddiaçı yanında yaşayırlar. Birgə nikahdan doğulmuş uşaqlardan xx.xx.2016-cı il təvəllüdlü X6 vərəm xəstəliyindən əziyyət çəkir. İddiaçı heç yerdə işləmədiyindən və uşaqların tələbat və müalicə xərclərini təkbaşına qarşılamaqda çətinlik çəkdiyindən hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə valideynlər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay tutulacaq alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi valideynlər arasında ödəniləcək alimentin miqdarı barədə razılıq əldə olunmamışdır. Belə ki, iddiaçı sabit pul məbləğində hər ay hər uşağa görə 246 manat alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə hər uşağa görə 100 manat aliment ödəyə biləcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndində uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsi kimi müəyyən olunub. «Uşaq hüquqları haqqında Qanun»-un 19-cu maddəsinin birinci abzasında isə göstərilmişdir ki, valideynlər uşağı saxlamalı, böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Orada xüsusilə qeyd edilmişdir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Göründüyü kimi valideynlərin uşağını saxlamaq vəzifəsi nəinki hüquqi, habelə sosial əhəmiyyət kəsb edir. Bu vəzifənin məzmunu qanunvericilikdə müəyyən edilməsə də, belə hesab edilir ki, valideynlərin uşaqlarını saxlamaq vəzifəsinə yemək, geyim, müalicə, təhsil və s. sahələrdə zəruri ehtiyaclar daxildir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumumun «Nigahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016cı il tarixli qərarının tövsiyəsini və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının göstərişini (Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.) də nəzərə alır. Qeyd edilən normalar konktekstində məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan alimentin məbləği uşaqların qayğısına qalmağın hər iki valideynin borcu olması, uşaqların maddi tələbatları ilə bağlı hüquq və mənafeləri (mövcud yaş durumu, bu yaş durumunda olan tələbatları, həmçinin Seyidağa adlı uşağın uzun müddət müalicəyə ehtiyacının olması), tərəflərin maddi vəziyyətləri və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarının tələbləri nəzərə alınmaqla sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli miqdarında sabit pul məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə alimentin tutulmağa başlanması vaxtının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşdən göründüyü kimi, iddiaçı hazırki tələblə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Odur ki, Ailə Məcəlləsinin tələbləri nəzərə alınmaqla qətnamə üzrə təyin edilmiş alimentin tutulmasının başlanma xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixindən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixindən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar