Məhkəmə qərarları › İş №2(057)-1077/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1077/2025

17.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1077/2025 17.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən yayılmış məlumatların eyni üsulla təkzib edilməsi, mənəvi ziyanın və məhkəmə xərcinin ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya ünvanladığı ərizədən görünür ki, “Sizə bildirirəm ki, İddiaçı yoldaşı X1 uşaq barəsində 1-ci məhkəməsidir, fevralın 11-nə məhkəməsidir. Yazıb sizə demək istəyirəm ki, İddiaçı balaca körpəsinin yanında əxlaqsız hərəkətlər edir, hətta belə uşağın və anasının yanında güləgülə cinsi orqanını göstərir, hamamdan lüt şəkildə çıxır və körpə uşağın yanında elə gəzir. Dövlət uşaq üçün 2 saat kəsib, həmin iki saatıda aparıb göstərirəm. Uşağı aparanda belə uşağa başqa şeylər öyrədir. Uşaq evə gələndə görürəm ki,ona öyrədib ki, biz pisik. Hələ ağlı kəsmir İddiaçı iddia qaldırıb ki, saatı çoxaltsın. Mən 2 saatda gözümü bundan çəkmirəm, onun xəstəliyi haqqında hər yerə xəbərdarlıq etmişəm. Bu məhkəmələrə nə verir bilmirəm.Onun xəstəliyini, şəklini belə vermişəm. Xahiş edirəm kömək edin mənə. Körpəyə yazığınız gəlsin, uşağa gözüm kimi baxıram. Baxçaya qoymuşam özüm ona şeirlər öyrədirəm. O qədər ağıllı uşaqdır. Onların əlinə düşsə, o uşaq bitər. U.ağın adı X3r. Xahiş edirəm saatın uzanmasına izn verməyin. Artıq dərəcədə xahişim budur ki, fevralın 11-də məhkəmədi, zatən 2 saatı göstərirəm. İddiaçı əsgər getməyib, ruhi xəstəliyi olduğu üçün bu tərəfdən də onun evdə etdikləri özüdə lap pis şəkli var. Həmin şəkili burda olan şəxsə, yəni ərizə alana göstərdim”. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin Salyan şəhəri, Ə.Hüseynov küçəsi, ev 181-də yaşayan İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Sizi söyüb təhqir etməsi barədə xx.xx.2025-ci il tarixdə Salyan rayon Polis Şöbəsinə etdiyiniz müraciətə tərəflərindən baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, müraciətində qeyd etdiyi xüsusatlar cinayət təqibinin xüsusi ittiham növünə və məhkəmə səlahiyyətinə aiddir. Qeyd olunanları nəzərə alaraq bildirmişlər ki, müraciətlərində qeyd edilən xüsusatlarla bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 294 nömrəli Arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı xx.xx.2025-ci il tarixdə Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Hal-hazırda psixi xəstəliklər aşkar edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Kespertizası Mərkəzinin 2(057)-1077/2025 nömrəli mülki iş üzrə 20 iyun 2025-ci il tarixli 4/950 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya tədqim olunmuş 2(057)-1077/2025 nömrəli mülki iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradovaya ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə İddiaçı barəsində verilmiş məlumatlar onun barəsində mənfi rəy yaratdığından böhtan olduğu təqdirdə İddiaçı şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirə bilən və ləkələyən məlumatlar hesab edilir. Təqdim edilmiş materiallardakı verilmiş məlumatların doğru olub-olmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən linqvis-ekspert səlahiyyətinə aid deyildir. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı Cavabdeh qarşı “cavabdeh tərəfindən yayılmış məlumatların eyni üsulla təkzib edilməsi, mənəvi ziyanın və məhkəmə xərcinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradovaya ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə qeyd olunan "İddiaçı balaca körpəsinin yanında əxlaqsız hərəkətlər edir, hətta belə uşağın və anasının yanında gülə-gülə cinsi orqanın göstərir, hamamdan lüt çıxır, körpə uşağın yanında elə gəzir. İddiaçı əsgər getməyib ruhi xəstəliyi olduğu üçün." ifadələri iddiaçının şərəfini, ləyaqətini ləkələyən və işgüzar nüfuzuna xələl gətirən məlumatlar kimi tanınmasını və Cavabdeh tərəfindən təkzib edilməsini, təkzib etmək vəzifəsinin yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra 1 ay ərzində cavabdehə həvalə edilməsini, ifadələrin təkzib edilməsinə dair yazının cavabdeh tərəfindən eyni qaydada (ərizə formasında) Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradovaya göndərilməsini və aidiyyəti icra qurumu tərəfindən təkzib yazısının göndərilib-göndərilmədiyi yoxlanılmasını, Cavabdeh İddiaçı qarşı işlətdiyi "oğraş" "ay camaat burda şərəfsiz var" ifadələrinin və iddiaçının üzünə tüpürməsini iddiaçının şərəf və ləyaqətini alçaldan ifadələr və hərəkətlər hesab edilməsini, cavabdehdən mənəvi ziyanın əvəzi olaraq 8.000 manat məbləğində pul və 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Zülfiyyə Cəbiyevanın ona qarşı törətdiyi cinayət əməlinə görə Salyan Rayon Məhkəməsində hüquqi qiymət verilərək, məhkəmənin 1(057)-132/2024 saylı, xx.xx.2024-cü il tarixli Hökmü ilə, X2 Azərbaycan Respublikasının CM-nin 156.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Zülfiyyə Cəbiyevanın həmin cinayət əməlin görə məhkum olması onun ailə üzvü olan anası Cavabdeh qisas hissini yaratmış və nəticədə o, ona qarşı 07 yanvar 2025-ci il tarixdə əxlaqsız ifadələr işlədərək şərəf və ləyaqətini alçaltmışdır. Bununla kifayətlənməmiş, barəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə yalan olan məlumatları özündə əks etdirən ərizə ünvanlamışdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş video görüntülərdən də görünür ki, Cavabdeh ona qarşı "oğraş" "ay camaat burda şərəfsiz var” ifadələrini işlətmiş, daha sonra üzünə tüpürmüş və bunu özüdə təsdiqləmişdir. Cavabdeh video görüntüdə qeyd etdiyi digər əxlaqsız ifadələri isə ərizədə göstərməsi isə mümkünsüz hal olmuşdur. Baş vermiş hadisə ilə bağlı, Salyan Rayon Polis Şöbəsinə müraciət edərək qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Lakin, Salyan Rayon Polis Şöbəsi tərəfindən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd edir ki, Salyan Rayon Polis Şöbəsində izahatı alınmış Cavabdeh öz izahatında onu söyməsinə dair faktı təsdiq etmişdir. Bununla yanaşı, Cavabdeh Salyan Rayon Məhkəməsində uşaqla ünsiyyətinə dair davam edən məhkəmə prosesinə təsir göstərməkdən ötrü, barəsində yalan olan məlumatları Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradovaya xx.xx.2025-ci il tarixdə ünvanlamışdır. Həmin ərizədə qeyd olunur: "Yazıb sizə bildirirəm ki, İddiaçı yoldaşı X1 uşaq barəsində 1-ci məhkəməsidi. O fevralın 11-idə məhkəməsidi. Yazıb sizə demək istəyirəm ki, İddiaçı balaca körpəsinin yanında əxlaqsız hərəkətlər edir, hətta belə uşağın və anasının yanında gülə gülə cinsi orqanın göstərir, hamamdan lüt çıxır, körpə uşağın yanında elə gəzir. Dövlət uşaq üçün 2 saatı kəsib, o 2 saatıda aparıb göstərir. Uşağı aparanda belə uşağa başqa şeylər öyrədir. Uşaq evə gələndə görür ki, o pisdi. Hələ ağlı kəsmir İddiaçı iddia qaldırıb ki, saatı çoxaltsın, o 2 saatda gözünü bundan çəkmir, onun xəstəliyi haqqında hər yerə xəbərdar etmişdir. Bu məhkəmələrə nə verir bilmir. Onun xəstəliyin, şəkili belə hamısını vermişdir. Xahiş edir ki, kömək edin mənə o körpəyə yazığınız həlsin, o uşağa mən gözüm kimi baxıram, baxçaya qoymuşam, özüm ona şeirlər öyrədirəm. O qədər ağıllı uşaqdı. Oların əlinə düşsə, o uşaq bitər. Uşağın adı X4. Xahiş edirəm saatın uzanmasına izn verməyin. Artıq dərəcədə xahiş budu fevralın 11də məhkəmədi, zatən 2 saatı göstərirəm. İddiaçı Əsgər getməyib ruhi xəstəliyi olduğu üçün. Bu tərəfdəndə onun evdəki hərəkətləri özüdə lap pis. Burda o şəkili burdakı yəni ərzə alana göstərdim. Cavabdeh ərizəsində qeyd etdiyi faktlar həqiqəti əks etdirməyən yalan məlumatlardır. Belə ki, həmin ifadələr mənim şərəf və ləyaqətimi alçaldan, işgüzar nüfuzumu ləkələyən hallardır. Özü də ərizəsində qeyd etdiyi kimi, 3-cü şəxslərə mənim qeyri-etik formada olan foto şəkilimi göstərərək mənim şərəf və ləyaqətimi alçaltmışdır. Cavabdeh ərizəsində qeyd etdiyi, "İddiaçı balaca körpəsinin yanında əxlaqsız hərəkətlər edir, hətta belə uşağın və anasının yanında gülə gülə cinsi orqanın göstərir, hamamdan lüt çıxır, körpə uşağın yanında elə gəzir. İddiaçı Əsgər getməyib ruhi xəstəliyi olduğu üçün." ifadələr yalan məlumatlar hesab edilməli, eyni qaydada təkzib edilmək öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmənin diqqətinə çatdırıram ki, cavabdeh tərəfindən bu formada hərəkətlər mütamadi olaraq mənə qarşı törədilər, bu səbəbdən yüksək məbləğdə təzminat verilməsi bu halları sonlandırmaqla yanaşı, mənim də cavabdehin qanunsuz hərəkətləri nəticəsində hər hansı hüquqpozma törətməyimin qarşısını alacaqdır. Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə də məni təhqir edərək bıçaq ilə xəsarət yetirmiş, nəticədə onun barəsində İXM-nin 157-ci maddəsinə uyğun olaraq tədbir görülmüşdür. Həmin hadisədən sonra məndə yaranan mənəvi iztirab ve sarsıntıların hələ keçməməsinə baxmayaraq Cavabdeh tərəfindən hüquqlarımın pozulması davam edilməkdədir. Həmin hadisənin video görüntüsünü və Salyan RPŞ-nin xx.xx.2023-cü il tarixli qərarını iddia ərizəsinə əlavə edirəm. Cavabdeh tərəfindən mənim barəmdə qeyd edilmiş "oğraş" "ay camaat burda şərəfsiz var" ifadəsi və mənim üzümə tüpürməsi mənim şərəf və ləyaqətimi alçaldan ifadə və hərəkətdir. Həmin ifadələr və hərəkətlər, eyni zamanda mənə qarşı inzibati hüquqpozma törətməsi mənim mənəvi zərərə məruz qalmağıma səbəb olmuşdur. Odur ki, hesab edirəm ki, yuxarıda qeyd edilənlərə görə 8.000 (səkkiz min) manat mənəvi ziyanın əvəzi cavabdehdən alınaraq, iddiaçıya ödənilməli və barəmdə ünvanlanmış yalan məlumatlar isə təkzib edilməlidir. Qanunvericiliklə nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumu ödənilmiş və ona dair qəbz iddia ərizəsinə əlavə edilmişdir. Barəsində şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna zərər vuran, açıq-aşkar təhqir edən, şəxsiyyətini aşağılayan yalan məlumatların yayılması həm iş kollektivi arasında hörmətinin azalmasına, həm də peşəkarlığına kölgə salmışdır. b) iddiaya etiraz İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermişdir. İzahatının sonunda məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmənin keçirilən xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh və nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixinə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və adında olan nömrəyə AZEMİS vasitəsi ilə SMS bildiriş təkrar göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclas katibi ilə telefonoqram vasitəsi ilə əlaqə yaradaraq, başqa məhkəmədə iştirak etməsi səbəbindən hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərərk, məhkəmədən bu halı üzrlü səbəb hesab etməsini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş onların gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” 14 may 1999-cu il tarixli, 7 saylı Qərarı: Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatın doğru olmaması; bu məlumatın yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsində bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı : Mülki Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli Qərarı: Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı : Məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın: 41-ci maddəsinə əsasən, əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə” 2009-cu il 18 sentyabr tarixli Qərarı: Mənəvi zərər şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyətidir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Maksimov Rusiyaya qarşı iş üzrə” 2010-cu il 18 mart tarixli Qərarı: Kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını və işin faktiki halları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan hallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradovaya (mülki iş materiallarının 14-15-ci səhifələri) müraciətlər ünvanlanaraq müraciətlərdə göstərilmişdir ki, Sizə bildirirəm ki, İddiaçı yoldaşı X1 uşaq barəsində 1-ci məhkəməsidir, fevralın 11-nə məhkəməsidir. Yazıb sizə demək istəyirəm ki, İddiaçı balaca körpəsinin yanında əxlaqsız hərəkətlər edir, hətta belə uşağın və anasının yanında gülə-gülə cinsi orqanını göstərir, hamamdan lüt şəkildə çıxır və körpə uşağın yanında elə gəzir. Dövlət uşaq üçün 2 saat kəsib, həmin iki saatıda aparıb göstərirəm. Uşağı aparanda belə uşağa başqa şeylər öyrədir. Uşaq evə gələndə görürəm ki,ona öyrədib ki, biz pisik. Hələ ağlı kəsmir İddiaçı iddia qaldırıb ki, saatı çoxaltsın. Mən 2 saatda gözümü bundan çəkmirəm, onun xəstəliyi haqqında hər yerə xəbərdarlıq etmişəm. Bu məhkəmələrə nə verir bilmirəm.Onun xəstəliyini, şəklini belə vermişəm. Xahiş edirəm kömək edin mənə. Körpəyə yazığınız gəlsin, uşağa gözüm kimi baxıram. Baxçaya qoymuşam özüm ona şeirlər öyrədirəm. O qədər ağıllı uşaqdır. Onların əlinə düşsə, o uşaq bitər. U.ağın adı X3r. Xahiş edirəm saatın uzanmasına izn verməyin. Artıq dərəcədə xahişim budur ki, fevralın 11-də məhkəmədi, zatən 2 saatı göstərirəm. İddiaçı əsgər getməyib, ruhi xəstəliyi olduğu üçün bu tərəfdən də onun evdə etdikləri özüdə lap pis şəkli var. Həmin şəkili burda olan şəxsə, yəni ərizə alana göstərdim. İddia tələbində qeyd olunan müraciətlərdə şəxslərin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən söz və ifadələr olub-olmadığını müəyyən etmək məqsədilə Salyan Rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2(057)-1077/2025 saylı qərardadına əsasən məhkəmə-linqvistik ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 20 iyun 2025-ci il tarixli 4/950 saylı rəy təqdim edilmişdir. Məhkəmə linqvistik ekspertizasının həmin rəyindən görünür ki, mülki iş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Kespertizası Mərkəzinin 2(057)-1077/2025 nömrəli mülki iş üzrə 20 iyun 2025-ci il tarixli 4/950 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya tədqim olunmuş 2(057)-1077/2025 nömrəli mülki iş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradovaya ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədə İddiaçı barəsində verilmiş məlumatlar onun barəsində mənfi rəy yaratdığından böhtan olduğu təqdirdə İddiaçı şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirə bilən və ləkələyən məlumatlar hesab edilir. Həmçinin məhkəmə İddiaçı iddia tələbində irəli sürdüyü digər halla bağlı da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan cd-disk mılumat daşıyıcısında olan videogörüntülərdən də görünür ki, cavabdeh tərəfindən ictimai yerdə, yəni ətrafda insanların olduğu və onların eşidə biləcəyi ərazidə iddiaçının ünvanına qarşı "oğraş" "ay camaat burda şərəfsiz var” ifadələrini işlətmiş, daha sonra üzünə tüpürmək kimi hərəkətlər edərək onun barəsində mənfi fikirin formalaşmasına və nüfuzdan düşməsi ilə nəticələnir. Bu barədə cavabdeh tərəfindən Salyan RPŞ-nın təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar” da ona qarşı bu məzmunlu sözləri işlətməsini və ona qarşı əxlaqi prinsiplərdən kənar hərəkətlər etməsini özü təsdiqləmişdir. (Mülki iş materiallarının 8-ci səhifəsi) Cavabdeh tərəfindən qeyd olunan hərəkətlərin edilməsinin təsdiq olunması iddiaçını bu barədə sübutetmə yükündən azad etmiş hesab olunur. Məhkəmə ilk öncə qeyd edir ki, mülki qanunvericiliyə görə, şərəf, ləyaqət və işgüzar nüfuz şəxsi xarakterli qeyri-əmlak hüquqları hesab edilir. Onlar səlahiyyəti şəxsin, yəni həmin hüquq sahibinin, hüquq daşıyıcısının şəxsiyyətini fərqləndirməyə yönəlir. Şərəf və ləyaqət hüquqları, bir qayda olaraq, onunla xarakterizə olunur ki, həmin hüquqlar şəxsiyyətin özündən ayrılmaz olur, özgəninkiləşdirilmir. Şərəf dedikdə - şəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Deməli, şərəf şəxsiyyətə verilən müsbət ictimai qiyməti ifadə edir və şərəf, şəxsin obyektiv ictimai xüsusiyyətidir. O, cəmiyyətin şəxsə olan münasibətini müəyyənləşdirir. Şəxsin ictimai-mənəvi və ictimai-əxlaqi statusu məhz onunla müəyyən edilir. Şərəf şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir. O, hər bir halda şəxsin cəmiyyətdə tutduğu mövqeyə təsir göstərir. Ləyaqət isə şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Ləyaqət, şərəflə sıx surətdə bağlı olan kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir. Şərəf və ləyaqət biri-biri ilə qarşılıqlı bağlı olan elə meyarlardır ki, bu meyarlar əsasında şəxsin şəxsiyyətinə mənəvi qiymət verilir. Fərq yalnız ondadır ki, şərəf mənəvi qiymətləndirmənin xarici, ləyaqət isə daxili meyarlarını özündə ehtiva edir. Məhz Konstitusiyanın 46-cı maddəsində şəxsiyyətin şərəf və ləyaqətinin dövlət tərəfindən qorunmasına dair ümumi norma vardır və həmin normaya görə heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Yəni, hər bir şəxsin şərəf və ləyaqət hüquqlarını, əgər həmin hüquqlar pozularsa, müdafiə etmək hüququ vardır. Müdafiə hüququ dedikdə- hüquq sahibinə (hüquq daşıyıcısına, səlahiyyətli şəxsə) öz pozulmuş şərəf və ləyaqət hüquqlarını bərpa etmək məqsədilə hüquqqoruyucu xarakterli tədbirlər tətbiq olunması üçün verilən imkan başa düşülür. Mülki Məcəllənin 23-cü maddəsində şərəf və ləyaqət hüquqlarının müdafiəsinin aşağıdakı üsulların köməyi ilə qorunması və müdafiə olunması nəzərdə tutulub: zərərin əvəzinin ödənilməsi; mənəvi zərərin kompensasiyası; hüquqları pozan hərəkətlərin qarşısının alınması; təkzibetmə; yayılmış məlumatların məhkəmə tərəfindən yalan məlumat kimi tanınması; cavabı dərc etmə və sair. Nəzərə almaq lazımdır ki, şəxs barəsində məlumatların yayılması faktı-şərəf və ləyaqətin müdafiə şərtlərindən biridir. Başqa sözlə, şərəf və ləyaqətin müdafiəsi barədə iddianın təmin edilməsi üçün şəxs barədə məlumatlar yayılmış olmalıdır. Məlumatın yayılması dedikdə-onların üçüncü şəxslərin nəzərinə çatdırılması və həmin şəxslərə bildirilməsi başa düşülür. Burada söhbət şəxsin şərəf və ləyaqətini pozan məlumatların bir neçə şəxsə və ya çoxsaylı şəxslərə bildirilməsindən gedir. Məlumatın heç olmazsa, hər hansı üçüncü şəxsə çatdırılması məlumatın yayılması sayılır. Ona görə də məlumatın bir nəfər şəxsə bildirilməsi onun yayılmayacağını istisna etmir. Daha sonra, şərəf və ləyaqətin müdafiəsi barədə iddialara baxılarkən ilk növbədə müəyyənləşdirməlidir ki, yayılmış məlumatlar şəxsin şərəf və ləyaqətini ləkələyirmi və yayılmış məlumatlar ləkələyici xarakterə malikdirmi. Ləkələyici məlumatlar dedikdə məlumatı yaymış şəxs tərəfindən qüvvədə olan qanunvericiliyin və ya əxlaqi-mənəvi prinsiplərin pozulması barədə elə informasiya başa düşülür ki, həmin informasiya şəxsin şərəf və ləyaqətini alçaldır, şəxsi nüfuzdan salır. Bundan başqa, şərəf və ləyaqətin müdafiə olunmasının üçüncü şərti - yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmamasından, yəni onların doğru olmamasından ibarətdir. Həm də yayılmış ləkələyici məlumatlar əsassız, uydurma və yalan xarakterə malik olmalıdır. Yalnız bu şərt mövcud olduqda şərəf və ləyaqət alçalır, pozulur və onlara zərər dəyir. Yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmaması dedikdə-ilk növbədə ümumiyyətlə, mövcud olmayan hallar (faktlar) barəsində yayılan informasiya başa düşülür. İşin araşdırılan hallarından görünür ki, cavabdeh iddiaçı barəsində müxtəlif dövlət orqanlara müraciətlər ünvanlayaraq “balaca körpəsinin yanında əxlaqsız hərəkətlər edir, hətta belə uşağın və anasının yanında gülə-gülə cinsi orqanını göstərir, hamamdan lüt şəkildə çıxır və körpə uşağın yanında elə gəzir.” və s. bu kimi onun barəsində məlumatlar yaymış, ekspert rəyi ilə qeyd olunan ifadələrin şərəf və ləyaqəti ləkələyən, işgüzar nüfuza xələl gətirən məlumatlar olduğu müəyyən edilmişdir. Göründüyü kimi, qeyd olunan ifadələr şərəf və ləyaqəti ləkələyən, işgüzar nüfuza xələl gətirən ifadələr olmaqla cavabdeh tərəfindən yayılmışdır. Mülki hüquqi məsuliyyətin yaranması üçün iki şərt ödənilmişdir. Şərəf və ləyaqətin müdafiə olunmasının üçüncü şərti - yayılmış ləkələyici məlumatların həqiqətə uyğun olmamasından, yəni onların doğru olmamasından ibarətdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli, 4 №-li qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Lakin, cavabdeh tərəfindən mübahisə predmeti olan və ekspert rəyinə əsasən iddiaçıların şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən (alçaldan) söz və ifadələrin doğruluğu, həqiqiliyi ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamış, əksinə müraciətlərdə qeyd edilən məsələlərın həqiqəti əks etdirməməsi ilə bağlı iddiaçı tərəfindən sübutlar iş materiallarına əlavə olunmuşdur. İddia üzrə iddiaçıların şərəf və ləyaqətinin, işgüzar nüfuzunun alçaldılmasına və ləkələnməsinə səbəb olan məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ iddiaçıda saxlanıldığı halda, keçirdikləri sarsıntı və iztirabları sübut etmək vəzifəsi də məhz onun üzərinə düşür. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 4 saylı qərarının 6-cı bəndinə əsasən, belə bir vəzifə iddiaçıya həvalə edilmişdir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərildiyi kimi, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Vətəndaşların şərəfi, ləyaqəti və işgüzar nüfuzu müdafiə olunan zaman mənəvi zərərə görə ödənilməli olan kompensasiya məbləği (əvəz ödəmənin miqdarı) iki əsas məsələdən asılı olaraq müəyyən edilir: birincisi, iddiaçının (zərərçəkənin) hüquq və mənafelərinə toxunan məlumatın xarakterindən və məzmunundan; ikincisi, doğru olmayan, şəxsin şərəf və ləyaqətini alçaldan məlumatın yayılma dərəcəsindən. İşin faktiki hallarından, eləcə də toplanmış mötəbər sübutlardan da göründüyü kimi cavabdeh tərəfindən iddiaçı barəsində paylaşılmış məlumatlar xüsusi neqativ tərzdə təqdim olunmaqla, onun şəxsiyyətinə kəskin informativlik sonuncunu tanıyanlar arasında onun nüfuzdan düşməsinə və utanmasına səbəb olmuşdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə İddiaçı musiqi müəllimi kimi Salyan rayonun çalışır və şagirdləri və onların valideynləri tərəfindən tanınır. Cavabdeh tərəfində onun barəsində müvafiq dövlət orqanlarına müraciətlərin və onun çalışdığı yerin yaxınlığında ətrafda iddiaçının şagirdlərinin olduğu zaman onun ünvanına əxlaqi prinsiplərdən kənar ifadələr işlətməsi şəxsin mənəvi sarsıntı keçirməsinə səbəb olur. Bununla da, məhkəmə cavabdeh tərəfindən iddiaçı barəsində müxtəlif dövlət orqanlarına ünvanladığı məktublarda göstərilən ifadələrdə şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən (alçaldan) məlumatlara qiymət verərək hesab edir ki, həqiqətən də həmin ifadədə bildirilmiş şəxsiyyətinə uyğun olmayan, açıq-aşkar alçaldıcı məlumatlar nəticəsində iddiaçıların mənəvi sarsıntı keçirməsi, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna ziyan dəyməsi barədə dəlilləri əsaslıdır və onlara həqiqətən mənəvi ziyan dəymişdir. Dəymiş mənəvi zərərin məbləği müəyyən edilərkən məhkəmə cavabdehin yaşını və sağlamlıq vəziyyətini, həmçinin oğlunun işində nüfuzdan düşməsi ilə bağlı onun düşdüyü psixoloji vəziyyəti nəzərə alır və hesab edir ki, 8000 manat məbləğində mənəvi zərər tələbi ağılabatan deyildir, ona görə də iddia tələbi bu hissədə qismən 1000 manat məbləğində təmin olunmalıdır. İddiaçı iddia tələbində irəli sürdüyü “təkzib etmək vəzifəsinin yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra 1 ay ərzində cavabdehə həvalə edilməsi” və “ifadələrin təkzib edilməsinə dair yazı cavabdeh tərəfindən eyni qaydada (ərizə formasında) Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradovaya göndərilməsi və aidiyyəti icra qurumu tərəfindən təkzib yazısının göndərilib-göndərilməməsinin yoxlanılması” ilə bağlı hissəsində iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanununun 6-cı maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədləri sayılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. MPM-in 234.1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2024-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-linqvistik ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu və aparılmış məhkəmə-linqvistik ekspertizası tədqiqatının dəyəri 100 manat məbləğində xərc cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradovaya ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciətində qeyd etdiyi “balaca körpəsinin yanında əxlaqsız hərəkətlər edir, hətta belə uşağın və anasının yanında gülə-gülə cinsi orqanını göstərir, hamamdan lüt şəkildə çıxır və körpə uşağın yanında elə gəzir.” kimi söz və ifadələr şəxsin şərəf və ləyaqətini ləkələyən və ya alçaldan, həqiqətə uyğun olmayan məlumatlar kimi həmin məlumatların yayılması üsuluna uyğun, “təkzib” başlığı altında Cavabdeh tərəfindən eyni qaydada Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradovaya ünvanlanan müraciət şəklində təkzib olunmalı, dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 (min) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, məhkəmə-linqvistik ekspertizasının tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı barəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradovaya ünvanlanmış xx.xx.2025-ci il tarixli müraciətində qeyd etdiyi “balaca körpəsinin yanında əxlaqsız hərəkətlər edir, hətta belə uşağın və anasının yanında gülə-gülə cinsi orqanını göstərir, hamamdan lüt şəkildə çıxır və körpə uşağın yanında elə gəzir.” kimi söz və ifadələr şəxsin şərəf və ləyaqətini ləkələyən və ya alçaldan, həqiqətə uyğun olmayan məlumatlar kimi həmin məlumatların yayılması üsuluna uyğun, “təkzib” başlığı altında Cavabdeh tərəfindən eyni qaydada Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradovaya ünvanlanan müraciət şəklində təkzib olunsun. Dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Məhkəmə-linqvistik ekspertizasının tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh alınaraq, dövlət büdcəsinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar