Məhkəmə qərarları › İş №2(057)-1111/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1111/2024

07.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1111/2024 07.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi və aliment ödəməkdən azad edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, 20 may 2009-cu il təvəllüdlü X1 cavabdehdən alınıb onun himayəsinə verilməsi, aliment ödəməkdən azad edilməsi və artıq ödənilmiş aliment pullarının geri qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, 20 may 2009-cu il təvəllüdlü X2 və 10 noyabr 2011-ci il təvəllüdlü X4 anasının yanında qalması və onların saxlanılması üçün məhkəməyə müraciət olunan 08 avqust 2018-ci il tarixdən başalayaraq hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment ondan tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Hərbiçi olduğuna görə aliment onun əmək haqqına yönəlmişdir. 02 noyabr 2022-ci il tarixdən X2 onun yanına gəlmiş və onunla birlikdə yaşayır. 29 noyabr 2022-ci il tarixdən Salyan rayonu, Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbin Vİİİ sinfində təhsil alır. Aliment əmək haqqına yönədliyi üçün hər ay əmək haqqından hazırda yanında qalan 20 may 2009-cu il təvəllüdlü X2 üçün aliment çıxılır. Bu barədə Salyan rayon İcra və Probasiya Şöbəsinə məlumat versədə, onlar bunun üçün məhkəmə qətnaməsinin lazım olduğunu bildirmişlər. Artıq 1 il 5 aydır ki, əmək haqqından yanında qalan uşaq üçün aliment ödəyir. Cavabdehin yanında qalan Mələkxanım ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh Mələkxanımın maddi, mənəvi və sosial durumu ilə qətiyyən maraqlanmır. Cavabeh yeni ailə həyatı qurmuşdur. X1 himayəsində qalmağını özü də təsdiq edə bilər. Qızı Mələkxanım onunla yaşadığı üçün hesab edir ki, Salyan Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli 2(057)-32/2019 saylı qətnaməsi ilə Mələkxanım üçün ödənilən aliment borcunu ödəməkdən azad edilməli və 29 noyabr 2022-ci il tarixdən bu günə kimi artıq ödənilmiş aliment pulları geri qaytarılmalı, qızının ehtiyaclarına xərclənməlidir. Qeyd olunanlara əsasən, 20 may 2009-cu il təvəllüdlü X1 onun himayəsində olmasının müəyyən edilməsi, aliment ödəməkdən azad edilməsi və artıq ödənilmiş aliment pullarının geri qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə 07 may 2009-cu ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Salyan Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 20 may 2009-cu il təvəllüdlü X2 və 10 noyabr 2011-ci il təvəllüdlü X4 onun yanında saxlanılması və hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq ona verilməsi qət edilmişdir. 2022-ci il tarixdən qızı Mələkxanım Süleymanova könüllü olaraq atasının yanına getmişdir. Qızının iddiaçının himayəsinə verilməsinə, həmçinin həmin uşağa görə iddiaçının aliment ödəməkdən azad edilməsinə etirazı yoxdur. Lakin iddiaçının bu vaxta qədər ödənilmiş aliment pullarının geri qaytarılmasına etiraz edir. Belə ki, həmin aliment pulları yanında qalan oğlunun saxlanılması üçün xərclənmişdir. Odur ki, qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında fikri dinlənilmiş 20 may 2009-cu il təvəllüdlü X2 atasının yanında qalmaq istədiyini bildirərək, göstərmişdir ki, hazırda atası ilə birlikdə yaşayır. Anası və qardaşı ilə də görüşür. Lakin bundan sonra atasının himayəsində yaşamaq istəyir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan Rayon Məhkəməsinin 2(057)-32/2019 nömrəli, 18 yanvar 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 ilə cavabdeh İddiaçı arasında xx.xx.2009cu il tarixdə Salyan rayon Yenikənd kənd İƏN-də 06 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X7 nikah pozulandan sonra anaları iddiaçı X3 yanında qalması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün məhkəməyə müraciət olunan xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı alınaraq, iddiaçı X5 verilsi qət edilmişdir. Salyan rayon İcra hakimiyyəti başçısının Həsənli kınd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X2 xx.xx.2022-ci il tarixdən atası ilə birlikdə yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 20 may 2009-cu il təvəllüdlü X2 və və 10 noyabr 2011-ci il təvəllüdlü X7 doğulmuşdur. 20 may 2009-cu il təvəllüdlü X2 hal-hazırda atası ilə birlikdə yaşayır. İddia tələbindən görünür ki, 20 may 2009-cu il təvəllüdlü X1 anası Cavabdeh alınaraq iddiaçının himayəsinə verilməsi, aliment ödəməkdən azad edilməsi və artıq ödənilmiş aliment pullarının geri qaytarılması məhkəmədən xahiş olunmuş, cavabdeh tərəfindən isə iddia tələbi qismən etiraf edilmişdir. Həmçinin məhkəmə iclasında fikri dinlənilmiş 20 may 2009cu il təvəllüdlü X2 atasının himayəsində qalmaq istədiyini bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 51.1-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 7-ci bəndində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini, həmçinin, cavabdehin razılığını, uşağın gələcək inkişafına təsir edəcək digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, 20 may 2009-cu il təvəllüdlü X2 atası İddiaçı himayəsinə verilməlidir. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq Hüquqları Haqqında Konvensiya»sının 9-cu maddəsinin İ bəndinin mənasından görünür ki, uşağın ən yaxşı mənafeyi üçün valideynlər bir-birindən ayrı yaşadıqda, uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda və ya digər konkret halda, uşağın valideynlərinin birindən və ya hər ikisindən ayrı düşməsi barədə məhkəmə qərar qəbul edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlilir. Həmin Qanunun 6-cı maddəsindən görünür ki, uşaqlar valideynlərinin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının bir ata olaraq uşaqların böyüyüb boya-başa çatmasındakı rolu, uşaqlara daha sıx bağlı olması, həmçinin, əxlaqi və digər şəxsi keyfiyyətləri, uşaqların yaşı və uşaqların inkişafı və tərbiyəsi üçün iddiaçının normal şəraitinin olması nəzərə alınaraq uşağın atasının yanında qalması məqsədyönlü və uşaqların mənafeyinə uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4. maddəsində göstərilir ki, valideynlər ayrı yaşadıqda və uşaqların yaşayış yeri barədə onların arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmçinin məhkəmə 20 may 2009-cu il təvəllüdlü X1 anasından alınaraq atasının himayəsinə verilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin uşağa görə ödənilən aliment tələbindən azad etmə hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddia tələbinin alimentin ödənilmiş məbləğinin geri qaytarılmasına dair hissədə isə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 109.2-ci maddəsində qeyd olunmuşdur ki, aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Göründüyü kimi, qanunvericilikdə alimentin ödənilmiş məbləğinin geri qaytarılması üçün 3 istisna hal nəzərdə tutulmuşdur ki, həmin hallardan da heç biri məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, qanunvericiliyin yuxarıda göstərilən tələblərini və uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikahlarından dünyaya gəlmiş 20 may 2009-cu il təvəllüdlü X2 İddiaçı himayəsinə verilməli, İddiaçı Salyan Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən, 20 may 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək müəyyən olunmuş aliment öhdəliyindən azad edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 20 may 2009-cu il təvəllüdlü X2 İddiaçı himayəsinə verilsin. İddiaçı Salyan Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə 20 may 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək müəyyən olunmuş aliment öhdəliyindən azad edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar