Məhkəmə qərarları › İş №2(057)-126/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-126/2025

27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-126/2025 27.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Vəkil Arif oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənəvi zərər”tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı barəsində 01 aprel 2024-cü il tarixdə özünə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində yaydığı “qeyrətin varsa, gəl boşanmaya qol çək, ay yazıq. 3 aydır məhkəməni yubadırsan” ifadəsi şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatlar hesab edilməsi, Cavabdeh üzərinə “qeyrətin varsa, gəl boşanmaya qol çək, ay yazıq. 3 aydır məhkəməni yubadırsan” ifadəsi eyni qaydada üzr istənilməklə “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində paylaşması vəzifəsinin qoyulması (paylaşımın müddəti 24 saatdan az olmamaqla saxlanılmaq və hər kəsə açıq olaraq paylaşılmaq şərti ilə), cavabdehdən mənəvi ziyan kimi 10000 manat məbləğində pul və 120 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onunla Salyan Rayon Məhkəməsində nikahın pozulması və digər qarşılıqlı mülki iddialarına baxılması səbəbindən mənafeləri arasında ziddiyyətlər yarandığı üçün ondan qisas almaq qərarına gələrək bu məqsədlə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 38.2.4-cü maddəsinə əsasən əldə olunmasına məhdudiyyətlər qoyulan, onun hər kəsdən sirr olaraq gizlətdiyi, onun sağlamlıq vəziyyəti ilə bağlı şəxsi həyatına dair məlumatlar hesab edilən, ona Salyan Rayon Mərkəzi Xəstəxanası Şorsulu Rayonlararası X5 tərəfindən “İpoxondrik nevroz” xəstəliyi diaqnozu qoyulduğu xx.xx.2009-cu il tarixli, 255 saylı “səhhətin müayinə edilməsi aktı”nın surətini, həmçinin ona xx.xx.2023-cü il tarixdə Salyan Rayon Mərkəzi Xəstəxanasında S43.4 “bazu oynağının kapsulbağ aparatının gətirilməsi və zədələnməsi” diaqnozu qoyulması, onun “sol çiyin oynağı rentgenoqrafiyası” üzrə xx.xx.2024-cü il tarixdə kardioloji müayinə üçün həmin tibb müəssisəsinə müraciət etməsi, həmin tarixdə ona “Taxikardiya” diaqnozu qoyulması, xx.xx.2016-cı il, xx.xx.2019cu il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə Poliklinika şöbəsində dövrü müayinələrdən keçməsi, xx.xx.2016-cı tarixdən F42.2 “İpoxondrik nevroz” diaqnozu ilə qeydiyyatda olması kimi məlumatları özündə əks etdirən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X7 direktoru Şirin Səmədova tərəfindən 08 aprel 2024-cü il tarixində X1 İdarəsinin Salyan Uşaq İncəsənət Məktəbinin direktoru Adilə Əliyevaya ünvanlanmış 18-1- 68/2-724/2024 nömrəli elektron məktubu onun məlumatı və razılığı olmadan istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən əldə etməklə qanunsuz toplayaraq istifadəsində olan Oppo A 78 markalı mobil telefonunun rəqəmsal yaddaşında saxlamış, həmin məlumatlardan xx.xx.2009-cu il tarixli, 255 saylı “səhhətin müayinə edilməsi aktı”nın fotoşəkilini və eyni məzmunlu mətn yazısını qanunsuz olaraq özünə məxsus olan ***-***- **-** saylı mobil telefon nömrəsi ilə işləyən “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində 01 aprel 2024-cü il saat 21:21 tarixindən 02 aprel 2024-cü il tarixinədək keçən dövr ərzində 20 saatadək müddətdə paylaşmaqla, eləcə də 18-1-68/2- 724/2024 nömrəli elektron məktubu 11 may 2024-cü il tarixdə saat 09:18-də X3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinə yuxarıda qeyd olunan nömrəsindəki profili vasitəsi ilə mesaj bölməsindən göndərməklə təkrarən yaymışdır. Nəticədə, Cavabdeh bu əməlinə Salyan Rayon Məhkəməsində hüquqi qiymət verilərək, məhkəmənin 1(057)-132/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Cəbiyeva X2 Respublikasının CM-nin 156.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cavabdeh ona qarşı törətdiyi bu cinayət onda dərin sarsıntılara, ağrı və iztirablara yol açmışdır. Cavabdeh onun barəsində cəmiyyətdə “dəli” imajı yaratmağa çalışmış, eyni zamanda hökmdə də sübutların siyahısında öz əksini tapdığı kimi “Whatsapp” tətbiqində “ 5-ci şəkildə “qeyrətin varsa, gəl boşanmaya qol çək, ay yazıq. 3 aydır məhkəməni yubadırsan (gülüş işarəsi)” ifadələri işlədərək onun şərəf və ləyaqətini alçatmışdır. Qeyd etməlidir ki, Cavabdeh onun şərəf və ləyaqətini alçaldılması və ona qarşı cinayət törətməsi onda dərin mənəvi sarsıntıların, depresiyaların yaranmasına səbəb olmuşdur. Baş vermiş bu hadisədən dərhal sonra, 2024-cü ilin aprel ayında psixoloji müalicə almağa məcbur qalmışdır. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2024-cü il tarixli arayış da bu faktın təsdiqidir. Cavabdeh tərəfindən onun barəsində qeyd edilmiş “qeyrətin varsa, gəl boşanmaya qol çək, ay yazıq. 3 aydır məhkəməni yubadırsan” ifadəsi onun şərəf və ləyaqətini alçaldan ifadədir. Həmin ifadənin yayılması onun mənəvi zərərə məruz qalmasına səbəb olmuşdur. Odur ki, hesab edir ki, yuxarıda qeyd edilən təhqiredici ifadə qanunvericiliklə müəyyən edilmiş qaydada təkzib edilməli, onun şərəf və ləyaqətinin ləkələnməsi və ona qarşı törədilən cinayət nəticəsində vurulmuş 10000 manat mənəvi ziyanın əvəzi isə cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Beləliklə, cavabdeh tərəfindən “Whatsapp” sosial şəbəkəsində onun barəsində əks olunmuş məlumatlar şərəf və ləyaqəti alçaldan məlumatlar hesab edilməsi, cavabdeh tərəfindən həmin məlumatların əks edildiyi “Whatsapp” sosial şəbəkəsində iddiaçıdan üzr istənilməsi, iddiaçıya aid edilən məlumatların təkzib edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, ona dəymiş mənəvi ziyan məbləğini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia əsassızdır, hökmlə artıq iddiaçının barəsində cərimə cəzası təyin edilmişdir. Edilən paylaşımlar işgüzar nüfuzun ləkələnməsinə səbəb ola bilməz. Məhkəmə işdə iştirak edən iddiaçının və cavabdehin nümayəndəsi vəkilin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçının ona mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin əməlinin qanuna zidd olması, cinayətin baş verməsində onun təqsirli olması, habelə onun əməli nəticəsində iddiaçının sağlamlığına zərər vurulması iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan Rayon Məhkəməsinin 1(057)-132/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 156.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən, Cavabdeh hazırkı iş üzrə tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla təyin olunmuş cəza yüngülləşdirilərək ona qəti olaraq 1200 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş psixoloq Z.Babazadə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 2024-cü il aprel ayında psixoloji terapiya almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “TƏBİB” X11 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X9 29 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən, Salyan Rayonu Şorsulu kənd sakini xx.xx.1999-cu il təvəllüdlü İddiaçı “İpoxondrik nevroz” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin 2(057)- 721/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 14 sentyabr 2020-ci ildə 141 nömrə ilə Salyan Rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək anası Cavabdeh himayəsinə verilməsi, uşaq yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancının və digər gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 1(057)-132/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh ona görə təqsirli bilinmişdir ki, o, iddiaçının hər kəsdən sirr olaraq gizlətdiyi xəstəliklərə dair məlumatları özünə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “WhatsApp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində 01 aprel 2024-cü il saat 21:21 tarixindən 02 aprel 2024-cü il tarixinədək keçən dövr ərzində 20 saatadək müddətdə paylaşmaqla, eləcə də 18-1-68/2-724/2024 nömrəli elektron məktubu 11 may 2024-cü il tarixdə saat 09:18-də X3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “WhatsApp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinə yuxarıda qeyd olunan nömrəsindəki profili vasitəsi ilə mesaj bölməsindən göndərməklə yaymışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonar - Mülki Məcəllə) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Mülki Məcəllənin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, iddiaçının şəxsi həyatın sirri olan məlumatları, belə məlumatları əks etdirən sənədləri, foto çəkiliş materiallarını qanunsuz toplayaraq yaymaqda cavabdehin təqsiri, habelə deliktin yaranmasını şərtləndirən digər dipozitiv əlamətlər qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edildiyindən İddiaçı cavabdehə qarşı iddia irəli sürməkdə haqlıdır. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında göstərilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. İşin mübahisəsiz halıdır ki, cavabdehin təqsirindən iddiaçının şəxsi həyatın sirri olan məlumatlar, belə məlumatları əks etdirən sənədləri, foto çəkiliş materialları yaymaqda cavabdehə zərər dəymişdir. Cinayət işi üzrə müəyyən edilmişdir ki, Cavabdeh 14 sentyabr 2020-ci il tarixində rəsmi nikaha daxil olduğu keçmiş əri İddiaçı ilə Salyan Rayon Məhkəməsində nikahın pozulması və digər qarşılıqlı mülki iddialarına baxılması səbəbindən mənafeləri arasında ziddiyyətlər yarandığı üçün ondan qisas almaq qərarına gələrək bu məqsədlə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 38.2.4-cü maddəsinə əsasən əldə olunmasına məhdudiyyətlər qoyulan, iddiaçının hər kəsdən sirr olaraq gizlətdiyi, sonuncunun sağlamlıq vəziyyəti ilə bağlı şəxsi həyatına dair məlumatlar hesab edilən, ona Salyan Rayon Mərkəzi Xəstəxanası Şorsulu Rayonlararası X5 tərəfindən “İpoxondrik nevroz” xəstəliyi diaqnozu qoyulduğu xx.xx.2009cu il tarixli, 255 saylı “səhhətin müayinə edilməsi aktı”-nın surətini, həmçinin iddiaçıya xx.xx.2023-cü il tarixdə Salyan Rayon Mərkəzi Xətəxanasında S43.4 “bazu oynağının kapsulbağ aparatının gərilməsi və zədələnməsi” diaqnozu qoyulması, onun “sol çiyin oynağı rentgenoqrafiyası” üzrə xx.xx.2024-cü il tarixdə kardioloji müayinə üçün həmin tibb müəssisəsinə müraciət etməsi, həmin tarixdə ona “Taxikardiya” diaqnozu qoyulması, xx.xx.2016-cı il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə Poliklinika şöbəsində dövrü müayinələrdən keçməsi, xx.xx.2016-cı il tarixdən F42.2 “İpoxondrik nevroz” diaqnozu ilə qeydiyyatda olması kimi məlumatları özündə əks etdirən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X7 direktoru Şirin Səmədova tərəfindən 08 aprel 2024-cü il tarixində X1 İdarəsinin Salyan Uşaq İncəsənət Məktəbinin direktoru Adilə Əliyevaya ünvanlanmış 18-1-68/2-724/2024 nömrəli elektron məktubu İddiaçı məlumatı və razılığı olmadan istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən əldə etməklə qanunsuz toplayaraq istifadəsində olan OPPO A 78 markalı mobil telefonunun rəqəmsal yaddaşında saxlamış, həmin məlumatlardan xx.xx.2009-cu il tarixli, 255 saylı “səhhətin müayinə edilməsi aktı”-nın fotoşəkilini və eyni məzmunlu mətn yazısını qanunsuz olaraq özünə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “WhatsApp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində 01 aprel 2024-cü il saat 21:21 tarixindən 02 aprel 2024-cü il tarixinədək keçən dövr ərzində 20 saatadək müddətdə paylaşmaqla, eləcə də 18-1-68/2-724/2024 nömrəli elektron məktubu 11 may 2024-cü il tarixdə saat 09:18-də X3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “WhatsApp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinə yuxarıda qeyd olunan nömrəsindəki profili vasitəsi ilə mesaj bölməsindən göndərməklə təkrarən yaymışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 7-ci bəndinə əsasən Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Mülki Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Mülki qanunvericiliyə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Mülki Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının şəxsi həyatın sirri olan məlumatları, belə məlumatları əks etdirən sənədlərin yayılması nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı mənəvi zərərə görə pulu şərəf və ləyaqətinin alçaldılması, dərin mənəvi sarsıntı keçirtməsi və depresiyaya düşməsi ilə bağlı cavabdehdən barəsində ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində yaydığı eyni məzmunlu mətni yazmaqla, eyni qaydada 24 saat müddətində paylaşmaqla üzr istəməsini mənəvi ziyan kimi 10000 (on min) manat məbləğində pul və ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun əvəzini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh tərəfindən onun barəsində yayılmış yalan məlumatların eyni məzmunda və eyni qaydada üzr istənilməklə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində 24 saat paylaşılmalıdır. Belə ki, cavabdehin təqsirli hərəkətləri ilə iddiaçının şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların və nalayiq ifadələrin “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi vasitəsilə yayılması və bununlada ona mənəvi zərər vurulması nəticəsində iddiaçının psixoloji stress, sarsıntı və emosional gərginlik keçirməsi və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların yayılması, vurulmuş mənəvi zərərin ağırlıq dərəcəsini, habelə baş vermiş hadisəyə görə cavabdehin barəsində Salyan Rayon Məhkəməsinin hökmü ilə 1200 (bir min iki yüz) manat miqdarında cərimə cəzası təyin edilməsini nəzərə alır. Həmçinin, məhkəmə araşdırması zamanı o, da müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdehin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay İddiaçıdan cavabdehin xeyrinə aliment tutulur. Həmçinin, cavabdehin maddi imkanı ilə bağlı məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlarda cavabdehin müəllim işlədiyi aşkar edilmişdir. Belə olan halda cavabdehin ailə və əmlak vəziyyətini, ona qarşı irəli sürülmüş tələbi ödəmək iqtidarında olduğuna dair işdə yetərli sübut olmadığını nəzərə alaraq mənəvi zərərə görə kompensasiyanın miqdarını ağlabatan məbləğdə, yəni 1000 (bir min) manat məbləğində müəyyən etməyi məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 30 (otuz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə “qeyrətin varsa, gəl boşanmaya qol çək, ay yazıq. 3 aydır məhkəməni yubadırsan” ifadəsi, eyni qaydada üzr istənilməklə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində 24 saat paylaşması vəzifəsi qoyulmaqla, 1000 (bir min) manat məbləğində pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 30 (otuz) manat pul tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh üzərinə “qeyrətin varsa, gəl boşanmaya qol çək, ay yazıq. 3 aydır məhkəməni yubadırsan” ifadəsi eyni qaydada üzr istənilməklə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində 24 saat paylaşması vəzifəsi qoyulsun. Cavabdeh 1000 (bir min) manat məbləğində pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar