Məhkəmə qərarları › İş №2(057)-1275/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1275/2024

05.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1275/2024 05.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qiyməti 2700 manat olan, Türkiyə istehsallı, 585 əyyarlı, qızıl çəkisi 22 qram olan badam formalı boyunbağı, qolbağı, fianit qaşlarla bəzədilmiş sırğa-üzük dəstindən ibarət olan qızıl komplekt, qiyməti 2000 manat olan, Türkiyə istehsallı, 585 əyyarlı, qızıl çəkisi 18 qram olan üzəri sünbül formasında toxunmuş 1 ədəd qızıl qolbağı, qiyməti 400 manat olan, Rusiya istehsallı, 583 əyyarlı, qızıl çəkisi 3.6 qram olan üzəri təkqaş formasında, ortasında iri fianit qaşlı, qıraqları naxışla bəzədilmiş 1 ədəd qızıl üzük, qiyməti 450 manat olan, Türkiyə istehsallı, 585 əyyarlı, qızıl çəkisi 3.8 qram olan dördkünc formasında, fianit qaşlarla bəzədilmiş 1 ədəd qızıl üzük, qiyməti 300 manat olan, Rusiya istehsallı, 583 əyyarlı, qızıl çəkisi 2.4 qram olan gül formasında 1 ədəd qızıl üzük, qiyməti 600 manat olan, Türkiyə istehsallı, 585 əyyarlı, qızıl çəkisi 5.2 qram olan sünbül formalı klonla birlikdə 1 ədəd qızıl boyunbağı, qiyməti 1700 manat olan, İtaliya istehsallı, 750 əyyarlı, qızıl çəkisi 6.7 qram olan brilyant qaşlarla bəzədilmiş 1 ədəd qızıl nişan üzüyü, qiyməti 700 manat olan İtaliya istehsalı, 750 əyyarlı qızıl çəkisi 5.6 qram olan 1 ədəd qızıl qolbağın və yaxud onların dəyərinin və ödənilmiş 108.50 manat dövlət rüsumunun və əmlakın qiymətləndirilməsi üçün mütəxəssisə ödənilən 80 manat məbləğin, həmçinin mediasiyaya ödənilən 50 manat rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, Cavabdeh ilə xx.xx.2023-cü ildə faktiki ailə quraraq evlənmişlər. Bu nikahdan övladları olmamışdır. Hazırki tələbinin əsasını qızıl-zinət əşyası tələbi təşkil edir ki, həmin zinət əşyası hazırda cavabdehdədir. Bu əşyalar ondan toydan 10 gün sonra məcburi alınaraq cavabdehdə saxlanılmış hal-hazırda ondadır. Cavabdehdən bu zinət əşyalarını dəfələrlə istədə həmin əşyalar bu günə kimi ona qaytarılmamışdır. Bir neçə dəfə əşyaları götürməyə cəhd etsə də evdən qovularaq, döyülərək çıxarılmışdır. Onda olan heç bir əşyanı aparmağa ona imkan verməmiş, çünki bu zinət əşyaları cavabdehin nə üzərində saxlanılmış, nədəki ona aid onun bilmədiyi saxlanc yerində saxlanılmışdır. Qızıl zinət əşyaları tamlığı ilə əlindən alınmışdır. Bu səbəbdən də bu günə kimi zinət əşyası cavabdehdə qalmaqdadır. Cavabdeh yaşadığı evin qapısını bağlayaraq onu evinə buraxmamış, bütün digər əşyaları da həmin evdə qalmışdır. Qiyməti 2700 manat olan, Türkiyə istehsallı, 585 əyyarlı, qızıl çəkisi 22 qram olan badam formalı boyunbağı, qolbağı, fianit qaşlarla bəzədilmiş sırğa-üzük dəstindən ibarət olan qızıl komplekt, qiyməti 2000 manat olan, Türkiyə istehsallı, 585 əyyarlı, qızıl çəkisi 18 qram olan üzəri sünbül formasında toxunmuş 1 ədəd qızıl qolbağı, qiyməti 400 manat olan, Rusiya istehsallı, 583 əyyarlı, qızıl çəkisi 3.6 qram olan üzəri tək qaş formasında, ortasında iri fianit qaşlı, qıraqları naxışla bəzədilmiş 1 ədəd qızıl üzük, qiyməti 450 manat olan, Türkiyə istehsallı, 585 əyyarlı, qızıl çəkisi 3.8 qram olan dördkünc formasında, fianit qaşlarla bəzədilmiş 1 ədəd qızıl üzük, qiyməti 300 manat olan, Rusiya istehsallı, 583 əyyarlı, qızıl çəkisi 2.4 qram olan gül formasında 1 ədəd qızıl üzük, qiyməti 600 manat olan, Türkiyə istehsallı, 585 əyyarlı, qızıl çəkisi 5.2 qram olan sünbül formalı klonla birlikdə 1 ədəd qızıl boyunbağı, qiyməti 1700 manat olan, İtaliya istehsallı, 750 əyyarlı, qızıl çəkisi 6.7 qram olan brilyant qaşlarla bəzədilmiş 1 ədəd qızıl nişan üzüyü, qiyməti 700 manat olan İtaliya istehsalı, 750 əyyarlı qızıl çəkisi 5.6 qram olan 1 ədəd qızıl qolbağın və yaxud onların dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə təqdim edərək, aktla ona təhvil verilmiş zinət əşyasından, yəni tələbin həmin hissəsindən imtina edərək, iddianın 1-ci sırasında qeyd olunmuş türkiyə istehsallı, 585 əyyarlı, qızıl çəkisi 22 qram olmaqla 1 ədəd boyunbağı, 1 ədəd sırğa, 1 ədəd qolbaq, 1 ədəd üzükdən ibarət olmaqla 2700 manat dəyərində olan komplektin, habelə 108,50 manat dövlət rüsumunun və əmlakın qiymətləndirilməsi üçün ödənilən 80 manat, həmçinin mediasiyaya ödənilən 50 manat dövlət rüsumun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Almuradov X2 Leyla Habil qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd 600 manat qiyməti olan mobil telefon və toy mərasimi zamanı iddiaçı tərəfindən ona hədiyyə olaraq verilən 500 manat qiyməti olan nişan üzüyünün İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, əvvəllər qeyri-rəsmi yaşadığı Yevlax şəhər sakini İddiaçı “qızıl-zinət əşyalarının tələbi haqqında” Salyan rayon məhkəməsində ona qarşı iddia qaldırmışdır. Həmin iddia ərizəsinin surəti poçt vasitəsi ilə ona göndərilmiş və məhkəmənin bildirişində qeyd edilmişdir ki, 20 gün müddətində həmin iddiaya qarşı öz etirazını bildirsin. O, iddia ərizəsi ilə tanış olduqdan sonra həmin iddiada Leylanın etdiyi tələblərini əsassız və ədalətsiz hesab etdiyindən həmin iddianı qismən qəbul edir. İddiaçı tələb etdiyi qızılların qiymətini özü bildiyi qaydada arayış alaraq bütün qızılların qiymətlərini şişirdilmiş rəqəmlərlə göstərmişdir. O, iddia ilə tanış olduqdan sonra həmin iddiaya qarşı öz etirazını bildirməklə onun vurduğu maddi və mənəvi ziyanın ödənilməsini də ondan tələb edir. Eləcə də, toy zamanı ona aldığı qızılların hamısını ona qaytarmaqla Almurada aldıqları və özü ilə apardığı nişan üzüyünü də ondan tələb edir. Etirazını aşağıdakı faktlarla sübut edir. 1.Bildirir ki, onunla Leyla arasında heç bir rəsmi nikahları olmamışdır. O, toylarından sonra ona dəfələrlə təklif etmişdir ki, nikahlarını qeyd etdirsin. Lakin Leyla bundan imtina etmişdir. Hələ toylarından əvvəl ona və valideynlərinə bildirmişdir ki, həkim müayinəsindən keçib nikahlarını qeyd etdirsinlər. Lakin Leylada müxtəlif xəstəliklər mövcud olduğundan özü və valideynləri Leylanın həkim müayinəsinə getməyinə və nikahlarını rəsmiləşdirilməsinə razı olmamışlar. Bütün bu səbəblərə görə də hazırki vaxta kimi onların nikahı qeyd olmamışdır. 2. Nişanları zamanı o Leylaya bir ədəd brilliyant qaşlı, 700 (yeddi yüz) manat qiyməti olan nişan üzüyü vermişdir. İddia ərizəsində isə həmin nişan üzüyünün qiymətini 1700 manat göstərmişdir. Leylanın özünün toyu günü o, əlavə olaraq ona qiyməti 2000 (iki min) manat olan 2 komplekt vermişdir. Həmin komplektin tərkibində bir boyunbağı, bir qolbaq, bir üzük və 1 cüt sırğa olmuşdur. Leyla iddiasında həmin qızılın qiymətini əsassız olaraq 2700 manat göstərmişdir. Onun toy günü vaxtı isə 1 ədəd 200 (iki yüz) manat qiymətində qardaşı tərəfindən qızıl üzük verilmişdir. İddia ərizəsində isə həmin üzüyün qiymətini 450 manat göstərmişdir. Onun toyu günü əmisi tərəfindən ona 230 manat qiyməti olan üzük verilmişdir. İddia ərizəsində isə həmin üzüyün qiymətini 400 manat göstərmişdir. Onun toyunda bibisi ona 200 manat qiyməti olan gül formalı üzük vermişdi. Lakin ərizədə həmin üzüyün qiymətini də 300 manat göstərmişdir. Onun toyunda digər bibisi ona sünbül formalı klonu olan 240 manat qiymətində boyunbağı vermişdir. Lakin ərizədə həmin boyunbağının qiymətini 600 manat göstərmişdir. Onun toyunda 3-cü bibisi ona 250 manat qiyməti olan qızıl qolbaq vermişdir ki, ərizədə onun qiymətini 700 manat göstərmişdir. Faktiki olaraq o nişanda, Leylanın toyunda və onun toyu günü Leylaya-bir ədəd 700 manat qiyməti olan nişan üzüyü, 2000 manat qiyməti olan komplekti vermişdir. Həmin qızılları könüllü olaraq ona qaytara bilər. Mediasiyaya çağırılan zaman o oraya getmədi və istəyirdi ki, həmin qızılları məhkəmə zamanı ona qaytarsın. Bütün bunlarla yanaşı onun Leyladan da tələbi var. Belə ki, onların özlərinin toyları zamanı ona 500 manat qiyməti olan nişan üzüyü hədiyyə etmişdilər. Həmin üzüyü Leylanın cehizlərini aparan zaman onun bibisi Ruhiyyə özü götürüb aparmışdır. Toylarından sonra özünə məxsus 600 manat qiyməti olan mobil telefonunu işlətmək üçün Leylaya vermişdir ki, həmin telefonu Leyla özü ilə aparmışdır. Onun toy günündə əmisi tərəfindən və bibiləri tərəfindən Leylaya verilmiş qızıl-zinət əşyaları hamısı əmisi və bibilərindədir. Yəqin məhkəmədə onlar özləri təqdim edəcəklər. Göstərilənlərə əsasən, iddiaçi İddiaçı iddiasını həddən artıq şişirdilmiş şəkildə verildiyindən həmin iddianı qismən qəbul edir və toydan əvvəl və toy günü ona verdiyi qızılları naturada ona qaytamağa hazırdır. Əmisi və bibiləri tərəfindən ona verilmiş qızılları isə həmin şəxslər özləri qaytara bilərlər. Toylarından sonra istifadə üçün Leylaya verdiyi bir ədəd 600 manat qiyməti olan mobil telefonu və nişan zamanı onlar tərəfindən ona verdikləri 500 manat qiyməti olan nişan üzüyünün ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, qiyməti 2700 manat olan komplekt hissəsi istisna olmaqla digər zinət əşyalarının ona məhkəmədə qaytarıldığını bildirmişdir. Qarşılıqlı iddia tələbini qəbul etməyərək, onunla əsaslandırmışdır ki, iddiaçının tələb etdiyi 600 (altı yüz) manat qiyməti olan mobil telefonu və 500 (beş yüz) manat dəyərində olan nişan üzüyünü o, gedərkən özü ilə aparmamış, həmin əşyalar iddiaçının özündə qalmışdır. Odur ki, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi Vəkil bildirmişdir ki, məhkəmə prosesində Cavabdeh iddianı etiraf etmiş, bu barədə rəsmi ərizəni imzalamaqla bu halı təsdiq etmişdir. Mübahisələndirilən qiyməti 2700 manat olan komplekt hissəsi istisna olmaqla digər zinət əşyaları onlara məhkəmədə qaytarılmışdır. Odur ki, iddia tələbinin həcminin azaldılaraq iddianın bu hissəsinin və 108,50 manat dövlət rüsumunun, mütəxəssisə ödənilən 80 manat və mediasiyada ödənilən 50 manat dövlət rüsumunun təmin olunmasını xahiş etmişdir. Qarşılıqlı iddiaya münasibətdə isə bildirmişdir ki, tələb tam əsassızdır. Necə ola bilər ki, bütün zinət əşyaları bu şəxsdə olduğu halda onun üzüyü Leylada olsun? Bu tam yalandır və iftiradır. Ona görə də, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbini qismən qəbul edərək, qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı toydan sonra istifadə üçün ona verdiyi bir ədəd 600 manat qiyməti olan mobil telefonu evlərinə gedən zaman özü ilə aparmış və hazırda geri qaytarmaq istəmir. O, bu barədə polis şöbəsinə şikayət etdiyini bildirmişdir. Qiyməti 600 (altı yüz) manat dəyərində olan həmin mobil telefonun, bundan əlavə toyda iddiaçı tərəfindən ona hədiyyə olaraq verilən 500 (beş yüz) manat dəyərində, 4,5 qram çəkidə olan üzüyün ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının tələb etdiyi 1 cüt sırğa,1 ədəd qolbaq, 1 ədəd boyunbağı və 1 ədəd üzükdən ibarət qızıl komplekti isə Leyla müalicə olunan zaman borc pul götürdüyünü, Leyla öz evlərinə gedən zaman borc aldığı şəxslər pullarını tələb etdiklərindən həmin qızılları 1100 (bir min yüz) manata sataraq borcunu ödədiyini və hazırda həmin qızılın onda olmadığını və qızılı Bakı şəhərində satdığını və satdığı şəxsləri də tanımadığını bildirmişdir. O, qızılla bağlı ekspertin rəyi ilə razıdır. Türkiyə istehsallı, 585 əyyarlı, badam formalı boyunbağı, qolbağı, fianit qaşlarla bəzədilmiş 22 qram ağırlığında sırğa-üzük dəstindən ibarət olan qızıl komplektin dəyəri 1870 manat dəyərində olmuşdur. Odur ki, ilkin iddianın qismən, qarşılıqlı iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 bildirmişdir ki, cavabdeh onun qardaşı oğludur. Cehiz aparılan günü iddiaçının bibisi Almurada aldığı üzüyü qaytarmasını bildirmiş, o da həmin qızılı iddiaçının bibisinə vermişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 bildirmişdir ki, 2024-cü ilin mart ayında günorta vaxtı Almurad onlara gəlməyini ona demiş, o da həmin vaxt iddiaçı tərəfindən evdəki cehiz əşyalarının aparıldığını görmüş, həmçinin Leylanın bibisinin Almurada aldığı üzüyü istədiyini, bibisi Rənanın da üzüyü qaytardığını görmüşdür. Məhkəmə iclasında iştirak edən şahid X4 bildirmişdir ki, cavabdehin əmisidir. Cehiz aparılan vaxt o da orada olmuş və cehizlərin aparıldığını görmüşdür. Leylanın bibisinin üzüyü tələb etməsini, bacısı Rənanın da üzüyü onun yanında onlara qaytardığını görmüşdür. Məhkəmə iş üzrə tərəfləri dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə Yevlax 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, Cavabdeh İMS-də iştirak etməmişdir. "xxxx" MMC-nin Baş Direktoru Ruhin Qaraşovun əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatdan görünür ki, İddiaçı təqdim etdiyi foto şəkillərə əsasən 8 (səkkiz) sayda qızıl-zinət əşyalarının müqayisə yanaşması ilə real bazar dəyərinin müəyyən edilməsi məqsədilə əmlakın qiymətləndirilməsi təşkilatın qiymətləndiricimütəxəssisləri tərəfindən araşdırma aparılmış və aparılan araşdırma və təhlillərə əsasən İddiaçı təqdim etdiyi foto şəkillərə əsasən 8 (səkkiz) sayda qızıl-zinət əşyalarının müqayisə yanaşması ilə xx.xx.2024-cü il tarixə real bazar dəyəri 8850 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, mülki iş materialında göstərilən 07 adda zərgərlik məmulatlarının 2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5291,00 manat, 2024-cü ilin sentyabr ayına 5622,00 manat müəyyən olunmuşdur. 01 ədəd İtaliya istehsallı 750 əyyarlı, brilyant qaşlarla bəzədilmiş 1 ədəd qızıl nişan üzüyün üzərində olan brilyant qaşların sayı, keyfiyyəti, ölçüsü və sair məlum olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin zərgərlik məmulatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində qeyd olunmuşdur: Türkiyə istehsallı, 585 əyyarlı, badam formalı boyunbağı, qolbağı, fianit qaşlarla bəzədilmiş sırğa-üzük dəstindən ibarət olan qızıl komplektin qiyməti 2023-cü il tarixə 1870 manat müəyyən edilmişdir. Məhkəmənin 16 oktyabr 2024-cü il tarixdə keçirilmiş iclasında İddiaçı və onun nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, Cavabdeh 1 ədəd naxışlı sünbül üzük, 1 ədəd brilyant nişan üzüyü, 1 ədəd dördkünc qaşlı qızıl üzük, 1 ədəd gül qaşlı qızıl üzük, 1 ədəd klonla qızıl sep, 1 ədəd sünbül toxunuşlu qızıl qolbağı İddiaçı təhvil verilmişdir. Ümumi çəkisi 22 qram olan 1 ədəd sırqadan,1 ədəd qolbağdan, 1 ədəd boyunbağıdan və 1 ədəd üzükdən ibarət komplekt dəst ona verilmədi. Verilməmə səbəbi şəxsin məhkəmədə dediyi kimi satması və müalicəyə sərf olunması fərziyəsi olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü ildə faktiki nikaha daxil olmuşlar. Bu nikahdan tərəflərin uşaqları olmamışdır. Sonradan tərəflərin münasibətləri pisləşmiş və iddiaçı faktiki olaraq evi tərk etmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi əmlakların cavabdehlə ər–arvad münasibəti pozulduqdan sonra ata evinə gələrkən və sonradan cehiz əşyalarını cavabdehin evindən götürməyə getdiyi zaman ona verilmədiyini, cavabdehin özündə saxladığını qeyd etmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi qiyməti 2700 manat olan komplekt dəst istisna olmaqla, digər zinət əşyaları məhkəmədə akt əsasında ona qaytarılmışdır. Digər tərəfdən, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh toydan sonra istifadə üçün Leylaya verdiyi bir ədəd 600 manat qiyməti olan mobil telefonu və nişan zamanı ona hədiyyə olaraq verilən 500 manat qiyməti olan nişan üzüyünün ona qaytarılmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, hazırda tərəflər arasında olan mübahisə ilkin iddia tələbi üzrə iddiaçının cavabdehdən tələb etdiyi türkiyə istehsallı, 585 əyyarlı, qızıl çəkisi 22 qram olmaqla boyunbağı, qolbağı, fianit qaşlarla bəzədilmiş sırğa-üzük dəstindən ibarət olan komplekt və qarşılıqlı iddia tələbi üzrə iddiaçının cavabdehdən tələb etdiyi bir ədəd 600 manat qiyməti olan mobil telefon və nişan zamanı ona hədiyyə olaraq verilən 500 manat qiyməti olan nişan üzüyüdür. İlkin iddia tələbi üzrə Cavabdeh həmin komplekti sataraq iddiaçının müalicə olunan zaman pul borca aldığını, Leyla öz evlərinə gedən zaman pul borc aldığı şəxslər pullarını tələb etdiklərindən həmin qızılları 1100 (bir min yüz) manata sataraq borcunu ödədiyini və hazırda həmin qızılın onda olmadığını və qızılı Bakı şəhərində satdığını və satdığı şəxsləri də tanımadığını bildirmişdir. Qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı isə iddiaçının tələb etdiyi 600 manat qiyməti olan mobil telefon və 500 manat qiyməti olan nişan üzüyünün onda olmadığını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçınin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birınə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli Qərarının 5.10-cu bəndində qeyd edilir ki, nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinəs əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə əsasən, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. Sadalanan qanunvericilik aktları normalarına əsasən, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları nikaha daxil olanadək İddiaçı məxsus olduğundan, habelə ona gəlin köçərkən hədiyyə şəklində verildiyindən, mübahisə predmeti olan qızıl-zinət əşyaları yalnız İddiaçı əmlakıdır. Buna görə də, İddiaçı göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi olduğundan həmin əşyaları tələb etməkdə haqlıdır. Belə ki, cavabdehin izahatından da aydın olur ki, Cavabdeh qeyd edilən qızıl-zinət əşyalarının olmasını etiraf etmiş, həmin əmlakların bir hissəsini məhkəmə zalında iddiaçıya qaytarmışdır. Lakin qızıl komplekti isə Leylanın müalicə olunan zaman pul borca aldığını, Leyla öz evlərinə gedən zaman pul borc aldığı şəxslər pullarını tələb etdiklərindən həmin qızılları 1100 (bir min yüz) manata sataraq borcunu ödədiyini bildirmişdir. Belə olan halda, qeyd edilən halları Cavabdeh etiraf etdiyindən, iddiaçı tələbinin həmin qızıl komplektin mövcud olmasını sübut etmək yükündən azad olmuş, həmin komplektin satılmasını sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Odur ki, məhkəmə həmin qızıl komplektin həqiqətən tərəflərin birgə nikahda olduqları dövrdə satılması halının iddiaçı tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Məhkəmə bildirir ki, iddia tələbinin qızıl komplekt ilə bağlı hissəsində Cavabdeh iddiaya etiraz edərək həmin komplektin satıldığını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Deməli, iddiaya etiraz edən Cavabdeh etirazının əsası ilə bağlı bu halı, yəni həmin komplektin satıldığını sübut etməlidir, lakin cavabdeh məhkəməyə belə bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin qızıl komplekt və ya onun dəyəri cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Lakin həmin komplektin dəyərini iddiaçı 2700 manat kimi qeyd etsə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, Türkiyə istehsallı, 585 əyyarlı, badam formalı boyunbağı, qolbağı, fianit qaşlarla bəzədilmiş 22 qram ağırlığında sırğa-üzük dəstindən ibarət olan qızıl komplektin dəyəri 1870 manatdır. Buna görə də, məhkəmə hesab edir ki, həmin komplekt və ya onun dəyəri olan 1870 manat pulun qətnamə icra olunan vaxt cavabdehdən tutulması məqsədəmüvafiqdir. Digər tərəfdən, qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, qarşılıqlı iddia tələbinin 500 manat dəyərindəki nişan üzüyünün qaytarılması ilə bağlı hissəsinə münasibətdə, məhkəmə tərəflərin izahatı və toy şəkillərini əsas tutaraq hesab edir ki, həmin qızıl və ya onun dəyəri cavabdeh İddiaçı alınaraq iddiaçıya verilməlidir. Qarşılıqlı iddia tələbinin bir ədəd 600 manat qiyməti olan mobil telefonun qaytarılması ilə bağlı hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin mobil telefon Leylaya bağışlanmış, Leyla həmin hədiyyəni qəbul etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia bu hissədə təmin oluna bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməli, 1870 (bir min səkkiz yüz yetmiş) manat dəyərində qızıl komplekt və ya qətnamə icra olunan vaxt qeyd edilən əmlaklar olmadığı təqdirdə isə onun dəyəri, 108,50 manat ödənilmiş dövlət rüsumu, 50 manat mediasiya üçün ödənilmiş pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, 500 (beş yüz) manat dəyərində olan üzük və ya qətnamə icra olunan vaxt qeyd edilən əmlak olmadığı təqdirdə isə onun dəyəri cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməli, və aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməli, ilkin və qarşılıqlı iddialar qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. 1870 (bir min səkkiz yüz yetmiş) manat dəyərində olan boyunbağı, qolbağı, fianit qaşlarla bəzədilmiş sırğa-üzük dəstindən ibarət olan qızıl komplekt və ya qətnamə icra olunan vaxt qeyd edilən əmlak olmadığı təqdirdə isə onun dəyəri, ödənilmiş dövlət rüsumu əvəzində 108,50 manat və 50 manat mediasiya üçün ödənilmiş pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. 500 (beş yüz) manat dəyərində olan qızıl üzük və ya qətnamə icra olunan vaxt qeyd edilən əmlak olmadığı təqdirdə isə onun dəyəri cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar