Məhkəmə qərarları › İş №2(057)-1309/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1309/2024

06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1309/2024 06.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment ” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Salyan rayon Qeydiyyat şöbəsində 35 saylı akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X3 doğulmuşdur. Hal-hazırda cavabdehlə birgə yaşamır, uşaqları ilə birlikdə anası evində yaşaır. Cavabdeh onu hamilə olan zaman atıb getmiş və o vaxtan bəri aralarındakı münasibət kəsilmişdir. Cavabdeh uşaqları ilə maraqlanmamış və maddi kömək göstərməmişdir. Göstərilənləri nəzərə alaraq, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay hər uşağa 235 manat olmaqla ümumilikdə 705 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X6 ilə xx.xx.2017-ci il tarixdə Salyan rayon Qeydiyyat şöbəsində rəsmi nikah daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 35 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Salyan 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, İddiaçı və Cavabdeh İMS-də iştirak etməmişdirlər. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış 29 iyul 2024-cü il tarixli ərizədə birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2024cü il təvəllüdlü X2 hər ay hər uşağa 235 manat olmaqla ümumilikdə 705 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsini xahiş etmişdir. Hal-hazırda “sabit məbləğdə aliment” tələbinin dəyişdirilərək rəsmi qazancına və digər gəlirlərə” dair tələb edilməsi zərurəti yaranmışdır. Cavabdeh rəsmi iş yeri olduğunu və onun aylıq qazancının 1900 manat məbləğində təşkil etdiyini qeyd etmişdir. Odur ki, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək aliment cavabdehin rəsmi qazancının və əlavə gəlirlərinin yarısından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş məhkəmənin elektron sorğusundan görünür ki, Cavabdeh "xxxx" MMC-də maşinist işləyir və aylıq 1285.0 manat əmək haqqı alır. Məhkəmənin 31 iyul 2024-cü il tarixli keçirilmiş iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Cavabdeh ilə xx.xx.2016-cı ildə el adəti ilə ailə quraraq, nikahlarını xx.xx.2017-ci il tarixdə Salyan rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü Ali Gülağa oğlu və xx.xx.2024-cü il təvəllüdlü X3 doğulmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdehlə yola getmədiyi üçün onu evdən qovmuşlar. Həmin vaxt 3-cü övladına 4 aylıq hamilə olmuşdur. Həmin vaxtdan atasının evində yaşayır. xx.xx.2024-cü il tarixdə Zeynəb adlı qızı doğulmuşdur. Aralarındakı nikahları pozulmamışdır. Cavabdehdən uşaqların saxlanmasına görə aliment tələb edir. Cavabdeh işləyir, əmək haqqı alır, onun yarısının tutulmasını tələb edir. Məhkəmənin 31 iyul 2024-cü il tarixli keçirilmiş iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçı ilə xx.xx.2016-cı ildə quraraq, nikahlarını xx.xx.2017-ci il tarixdə Salyan rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü Ali Gülağa oğlu doğulmuşdur. 2023-cü ilin oktyabr ya noyabr ayında Leyla ona xəyanət etdiyi üçün qardaşlarına zəng edərək gəlib aparmalarını bildirmişdir. Qardaşları gəlib Leylanı aparmışlar. Leyla gedərkən özü ilə iki uşağı aparmışdır. Üçüncü uşaq iddiaçının atası evində doğulub, nə vaxt doğulduğunu bilmir. 2 uşağa görə aliment verə biləcəyini, 3-cü uşaq onun olmadığı üçün ona aliment verə bilməyəcəyini qeyd etmişdir. Əlavə olaraq xx.xx.2024-cü il təvəllüdlü Zeynəb adlı uşağın DNT analizinin keçirilməsini tələb etmişdir. Məhkəmənin 31 iyul 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə genetik ekspertizası təyin edilərək, iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyinin ekspertinə həvalə edilmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi- Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 xx.xx.2024-cü il tarixli 9/872 saylı məktubu ilə Cavabdeh iştirak etməməsi səbəbindən ekspertizanın keçirilməsi mümkün olmadığı üçün mülki iş məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, uşaqların saxlanmaları üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-ci ilin yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Məhkəmə uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, cavabdehin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq. məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh 31 may 2024-cü ildən başlayaraq hər ay hər uşağa 120 (yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat miqdarında aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar