Məhkəmə qərarları › İş №2(057)-1540/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1540/2024

04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1540/2024 04.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə qızıl və cehiz əşyaları tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdehlər Salyan şəhər sakinləri Cavabdeh1, onun anası Cavabdeh2 toyunda ona hədiyyə olaraq verilmiş 1500 manat qiyməti olan qızıl dəst, bir ədəd 600 manat qiyməti olan nişan üzüyü, bir ədəd qızına hədiyyə edilmiş 300 manat qiymətində üstündə kulonu olan boyunbağı, anası tərəfindən hədiyyə olaraq verilmiş 400 manat olan üzüyü naturada, əgər mümkün olmazsa onların dəyəri olan 2800 manat pulun, 1 ədəd soyuducu və 1 ədəd uşaq şkafının, 1 ədəd 548 manat qiyməti olan mobil telefonun, mümkün olmasa onların dəyəri 1598 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Cavabdeh1 ilə 2015-ci ildə evlənmiş və birgə nikahdan iki uşağı olmuşdur. xx.xx.2024-cü il tarixdən ayrı yaşayırlar. Həmin günü baldızı onlara gəlmiş və evdə onunla əl-qolla danışmış və dalaşmışlar. Hadisədən sonra atası evinə getmiş, əşyalardan yataq dəsti, qonaq dəsti,televizor, servant, stol, stul, divan, qab-qaşıq, mətbəx mebeli, paltaryuyan və sair əşyaları götürmüşdür. 1 ədəd soyducunu verməmişlər. Soyducunu 1 il əvvəl əri ilə birlikdə yaşayan vaxtı 400 manata almış, işləyərək ayda 40 manat pul ödəmişdir. Bir ədəd şkafı 2 il bundan əvvəl 400 manata anası hədiyyə almışdır. 1500 manat dəyərində olan qızıl dəst ona toyda hədiyyə olunmuşdur. Həmin qızıl dəsti mart ayında qaynanası ona qaytarmağını demiş o da dava-dalaş olmaması üçün qaytarmışdır. Nişan üzüyü və qaynı tərəfindən hədiyyə verilmiş klonu da qaynanasına qaytarmışdır.Anası tərəfindən hədiyyə edilmiş üzük isə evdə yox olmuşdur. Özünün tək qaş üzüyü olmuş o da evdə qalmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddiaçı ilə 2015-ci il tarixdə evlənmiş və birgə nikahdan iki uşağı olmuşdur. İddiaçı 2024-cü ilin aprel ayında evdən getmişdir.Qızıllara baxmaq üçün ondan soruşduqda 6 gün sonra qızılları ona göstərmişdir. Qardaşı tərəfindən hədiyyə olunmuş zənciri yoxlatdırmış və həmin zəncir qızıldan olmamışdır. Sırğa, üzük, nişan üzüyü alınmış, həmin qızıllar iddiaçının özündədir. Ondan alınmamışdır. Soyducunu özü almış və 400 manat pulu da özü ödəmişdir. Şkafı Arzu almış pulunun yarsını da özü vermişdir. İddianı qəbul etmir və təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X1 bildirmişdir ki, tərəflər 2015-ci ildə evlənmiş və 2 uşağı olmuşdur.İddiaçıya dəst, nişan üzüyü, ayaqaçdıya bir üzük verilmişdir.Başqa qızıl görməmişdir.Elçinə bir üzük və qolbağ qarşı tərəf vermişdir.2023-cü ildə iddiaçı özünə sadə qızıl alaraq əsil qızılları hara qoyduğunu bilməmişdir.Qızılların evdə olmaması barədə ona məlumat verilmişdir.Evi axtarmışlar, lakin qızılları tapmamışlar.7-8 gün sonra anası evinə gəlmiş və qızılları soruşmuş,qızıllara baxdıqda bir ədəd nişan üzüyü, qardaşının qolbağısı və üzüyü olmamışdır.Qardaşının iddiaçının uşağına hədiyyə verdiyi qızıl zəncir və kulon da olmamışdır.İddiaçıdan qardaşının gətirdiyi zənciri tələb etmiş, iddiaçı əvəzində bir ədəd qızıl olmayan zəncir vermiş, qalan qızılların satıldığını demişdir.Arzu bir dəstin zəncirini vermiş və həmin zənciri servantın üstünə qoymuşlar.Ondan sonra anası içəri girib qızılları götürüb iddiaçı ilə birlikdə evdən getmişlər.Soyuducu və şkaf qardaşı almışdır.Odur ki, verilmiş iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, gəlinə boyunbağı, qolbağ, sırğa, nişan üzüyü, bir ədəd ayaq açdıya üzük verilmişdir. Arzunun anası oğluna nişanda üzük və qolbaq vermişdir.2024-cü ilin mart ayında gəlindən qızılların harada olduğunu soruşduqda gizlətdiyini demişdir. Lakin baxdıqda orada olmadığını görmüşdür. 6 gün sonra qızıllar ortaya gəlmiş, özü də qızılları aparıb şkafa qoymuşdur. Sonra Arzunun anası gələrək, 102-yə zəng etmiş və qızının döyüldüyünü demişdir. Arzunun anası qızını özü ilə aparmış və gedən vaxt paltarları və qızılları da özü ilə aparmışdır. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2016-ci il təvəllüdlü Cavabdeh2 Elçin qızı və xx.xx.2018-ci il təvəllüdlü X2 doğulmuşdur. İş materiallarına əlavə olunmuş, iddiaçının təqdim etdiyi fotoşəkillərdə üzərində qızıl əşyaları əks olunmuş olsa belə həmin qızılların konkret olaraq tələb olunan qızılların olmasını müəyyənləşdirmək mümkün deyildir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı iddiasının tam həcmdə təmin olunması üçün məhkəməyə kifayət qədər sübut təqdim etməmiş, təqdim olunmuş sübutlar iddianın təmin olunması üçün kifayət etməmişdir.İddiaçının tələb etdiyi soyuducu və bir ədəd paltar şkafı tərəflərin birgə nikahı dövründə alındığı üçün həmin əmlak onların birgə mülkiyyəti hesab olunmalıdır.Ona görə də həmin əmlaklar tərəflər arasında bərabər qaydada bölünməlidir.Məhkəmə iddiaçının qadın olduğunu, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq həyat üçün daha vacib olan bir ədəd soyuducunun iddiaçıya verilməsini daha əsaslı və qanuni hesab edir. İddiaçının tələb etdiyi digər əşyalar tələbi barədə məhkəmə qeyd edir ki, qarşı tərəf iddianı həmin hissədə etiraf etməmiş, iddiaçının təqdim sübutlar da iddianın təmin ounması üçün yetərli olmamışdır.Ona göər də məhkəmə iddianı həmin hissədə təmin olunmamasını qanuni və əsaslı hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir.Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsində qeyd olunmuşdur ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Həmin Məcəllənin 35-ci maddəsində qeyd olunmuşdur ki, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ərarvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 36.6. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. 36.7. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dəyəri 400 manat olan bir ədəd soyuducu qətnamə icra olunan vaxt həmin əmlak olmadığı halda onun dəyəri, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 5,85 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar