Məhkəmə qərarları › İş №2(057)-1594/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1594/2025

22.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1594/2025 22.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(057)-273/2023 saylı qətnaməsi ilə xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində tutulmuş aliment dəyişdirilərək sabit pul məbləğində sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(057)-273/2023 saylı qətnaməsi ilə xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutularaq alınıb ona verilməsi barədə qətnamə çıxarılmışdır. Tutulan alimentin miqdarı 135 manat edir ki, bu da ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumum yarısından az edir. Hazırda həmin vaxtdan 2 il müddət keçmişdir, uşaq böyümüşdür və xərcləri kifayət qədər artmışdır, verilən aliment uşağın xərclərini ödəmir. Qanunvericiliyə əsasən uşaq yaşayış minimumundan az aliment ala bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə verdiyi ifadəsində bildirmişdir ki, verdiyi iddia əsaslı olduğundan təmin edilməsini xahiş edir. İddia ərizəsinin müdafiə edərək bildirir ki, aralarında faktiki ailə münasibətləri pozulduqdan bəri iddiaçı evə qayıdaraq onlarla yaşamışdır. Hazırda iddiaçı Türkiyə Respublikasında yeni ailə həyatı qurub, uşaq isə onunla qalıb. Aliment hazırda uşağın saxlanılması üçün bəs deyil. Həmçinin bir ata kimi cavabdeh uşağın lazımi xərclərini ödəmir və baxmır. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil verdiyi ifadəsində bildirmişdir ki, iddianın rədd edilməsini xahiş edir. Əgər iddiaçı uşağa baxmaqda çətinlik çəkirsə ataya verilməsini xahiş etmiş, həmçinin, məhkəmə prosesində cavabdehin Türkiyə Respublikasına köçərək uşağı valideynlərinin himayəsinə verməsi ata kimi onun uşağı üçün narahat olmasına gətirib çıxardığından uşağın anadan alınıb, ataya verilməsini xahiş etdiklərini bildirmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Haqzırki mülki işdə iddia ərizəsində mediasiya prosesində iştirakla bağlı qeyd yoxdur, iş materiallarında da mediasiya prosesində iştirakı təsdiq edən müvafiq arayış mövcud deyildir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın tətbiqi dairəsinə aid edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizənin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Odur ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçının ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması iddiaçıya izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar