Məhkəmə qərarları › İş №2(057)-1622/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1622/2025

19.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1622/2025 19.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi və sabit pul məbləğində tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi və sabit pul məbləğində tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 avqust 2019-cu il təvəllüdlü X7 və 04 fevral 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(057)-1122/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2013-cü ilin dekabr ayının 18-dən etibarən rəsmi qaydada nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 24 avqust 2019-cu il təvəllüdlü X7 və 04 fevral 2016-cı il təvəllüdlü X6 adlı iki nəfər uşaqları dünyaya gəlmişdir. Aralarındakı nikah Salyan rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra 24 avqust 2019-cu il təvəllüdlü X7 və 04 fevral 2016-cı il təvəllüdlü X6 onun yanında qalmış, 24 avqust 2019-cu il təvəllüdlü X7 və 04 fevral 2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. 04 fevral 2016-cı il təvəllüdlü X6 xəstədir. Onun əqli geriliyi vardır. Mütəmadi olaraq onun dava dərmanlarına və müalicəsinə kifayət qədər vəsaiti çıxır və cavabdeh bunlarda ona heç bir köməklik etmir. İki uşağa görə cəmi 170 manat aliment alır. Məhkəmədə hüquqi savadsızlığından alimentin 3/1 hissənin nə olduğunu bilməmişdir. İcra məmurunun yanında olduqdan sonra bilmiş ki, alimentin məbləği çox azdır. Üstəlik uşağı xəstədir. Alimentin sabit pul məbləğində kəsilməsini istəyir. Ona ödənilən aliment uşaqlarının maddi xərclərini ödəmir. Ona görə də, alimentin sabit pul məbləğində kəsilməsini istəyir. Ona görə də, 24 avqust 2019-cu il təvəllüdlü X7 və 04 fevral 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(057)-1122/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin etibarnamə üzrə nümayəndəsi vəkil X5 məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin xx.xx.2025-ci il tarixli keçirilmiş iclasında məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş cavabdeh izahatında iddiaya qarşı etiraz edərək bildirmişdir ki, "xxxx" MMC-də sürücü işləyir, aylıq 588.85 manat əmək haqqı alır. 24 avqust 2019-cu il təvəllüdlü X7 və 04 fevral 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(057)-1122/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimenti hər ay ödədiyini bildirərək, alimentin artırılmasına razı olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X2 ksero surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 24 avqust 2019-cu il təvəllüdlü X7 və 04 fevral 2016-cı il təvəllüdlü X6 doğulmuşdur. İş materiallarında olan X10 həkim-nevropatoloq Talıb Talisiniski tərəfindən verilmiş müayinə vərəqəsindən görünür ki, X6 xəstədir və minimal beyin tutması diaqnozu ilə həkim müayinəsində olmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1122/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, məhkəmənin həmin tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və nikah pozulduqdan sonra 24 avqust 2019-cu il təvəllüdlü X7 və 04 fevral 2016-cı il təvəllüdlü X6 anası İddiaçı yanında qalmış və uşaqların saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. İş materiallarında olan X3 iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixində sessiya keçirilmiş və cavabdehin iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış şəxsi hesabdan çıxarışdan görünür ki, "xxxx" MMC-də işləyir və aylıq 529.24 manat əmək haqqı alır. Beləliklə, məhkəmə baxış iclasında iş materiallarına əsasən müəyyən olundu ki, tərəflərin iki uşaqları var. Hal-hazırda uşaqlar iddiaçının yanında qalır. Salyan Rayon Məhkəməsinin 2(057)-1122/2024 saylı, xx.xx.2024 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı xeyrinə tutulur. İddiaçı hazırda həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə ilə müəyyən olunmuş alimentin sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: - könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); - məcburi - məhkəmə qərarı əsasında. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. Həmin Qərarda, həmçinin, qeyd edilmişdir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarına və Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən, alimentin məbləğinin dəyişdirilməsi üçün tərəflərdən birinin ailə və maddi vəziyyətində mühüm dəyişikliklər baş verməlidir. Hazırki halda, məhkəmə iş materialarından aydın olduğu kimi, cavabdehin övladı Təhmazlı Pərvin Amil oğlunun sağlamlıq vəziyyəti ağırdır – ona minimal beyin tutması (epileptik tutma) diaqnozu qoyulmuş və bu, nevropatoloqun müayinəsi ilə təsdiq olunmuşdur. Bu hal, uşağın xüsusi qayğı və əlavə maliyyə vəsaiti tələb etməsi ilə nəticələnir. Qanunvericilikdə uşağın sağlamlığının pisləşməsi və müalicəsi üçün yüksək xərclərin zəruriliyi, aliment məbləğinin artırılması üçün əsaslardan biri kimi göstərilmişdir. Bu baxımdan, uşağın xəstə olması və əlavə tibbi ehtiyaclarının yaranması ailə vəziyyətində əhəmiyyətli dəyişiklik sayıldığından, məhkəmə aliment məbləğinin artırılmasını əsaslı hesab edir. Məhkəmə iddiaçının cavabdehdən 24 avqust 2019-cu il təvəllüdlü X7 və 04 fevral 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 250 manat sabit pul məbləğində aliment tələb etməsi ilə bağlı qeyd edir ki, İddiaçı tələbin həmin həcmdə təmin olunması üçün məhkəməyə kifayət qədər sübut təqdim etməmişdir. Həmçinin iddiaçı hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tələb etdiyini bildirmişdir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki iddia qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)-1122/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, hazırkı ərizə məhkəməyə verildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq 24 avqust 2019-cu il təvəllüdlü X7 və 04 fevral 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 ( iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-1122/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq 24 avqust 2019-cu il təvəllüdlü X7 və 04 fevral 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 ( iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar