Məhkəmə qərarları › İş №2(057)-1650/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1650/2023

17.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1650/2023 17.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X16 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan tutulan alimentin miqdarının azaldılaraq 28 iyun 2013-cü il təvəllüdlü X13 və 11 yanvar 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavadbeh Cavabdeh ilə birgə nikahlarından 28 iyun 2013-cü il təvəllüdlü X13 və 11 yanvar 2015-ci il təvəllüdlü X14 doğulmuşdur. Salyan Rayon Məhkəməsinin 2(057)-956/2020 saylı, 11 avqust 2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, 28 iyun 2013-cü il təvəllüdlü X13 və 11 yanvar 2015-ci il təvəllüdlü X1 üçün ondan hər ay hər uşağa 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə verilməsi qət edilmişdir. O, 27 yanvar 2023-cü il tarixdə X10 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 5 may 2023-cü il tarixdə X15 doğulmuşdur. O, X2 məxsus mağazada satıcı vəzifəsində işləyir və aylıq 300 manat əmək haqqı alır. Əmək haqqının 250 manatını uşaqlarına ödəyir. Özünə 50 manat qalır. Valideynlərinin köməkliyi ilə yaşayır. Hər gün işdə olur. Başqa işlə də məşğul olub, pul qazana bilmir. Əlavə başqa yerdən gəliri yoxdur. Hesab edir ki, əmək haqqının ikinci nikahdan doğulmuş uşaq və əvvəlki uşağının arasında bərabər şəkildə bölünməlidir. Qanunvericiliyə əsasən uşaqları maddi təminatının təmin edilməsində təkcə bir valideynin deyil, o cümlədən cavabdehə də vəzifə kimi şamil edilmişdir. Odur ki, ondan tutulan alimentin miqdarının azaldılaraq 28 iyun 2013-cü il təvəllüdlü X13 və 11 yanvar 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, göstərmişdir ki, o, başqa qadınla ailə həyatı qurmuşdur. Həmin nikahdan bir övladı vardır. Anası xəstədir. Hər ay hər uşaqa 125 manat aliment ödəməyə imkanı çatmır. Ona görə də, alimentin azaldılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Masallı Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində bağlanılmış 27 yanvar 2023-cü il tarixli, AZ-İİ № 559421 nömrəli X3 ksero surətindən görünür ki, İddiaçı ilə X10 nikahlarını 27 yanvar 2023-cü il tarixdə bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə № 90 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqda arvada Əsədova soyadı verilmişdir. İş materiallarında olan X4 ksero surətindən görünür ki, İddiaçı ilə X7 birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X15 doğulmuşdur. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu X6 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2023-ci il tarixində İlkin Mediasiya sessiyasının keçirilməsi üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində sessiya keçirilmiş və Cavabdeh iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-956/2020 saylı, 11 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X11 arasında Salyan rayon Qeydiyyat Şöbəsində 28 avqust 2012-ci il tarixdə bağlanmış 286 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2013-cü ildə anadan olmuş Aysu və xx.xx.2015-ci ildə anadan olmuş Yusif adlı uşaqlar cavabdeh X5 himayəsində saxlanılması, xx.xx.2013-cü ildə anadan olmuş Aysu və xx.xx.2015-ci ildə anadan olmuş Yusif adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər uşağa ayda 125 manat olmaqla, cəmi 250 manat miqdarında aliment alınaraq X8 verilməsi, Salyan Rayon Məhkəməsinin 2(057)-956/2020 saylı, 13 iyul 2020-ci il tarixli qərardadı ilə alimentin tutulmasına qətnamə qanuni qüvvəsini aldıqdan sonra xitam verilməsi qət edilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (azaldılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız о halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşağın layiqli həyat şəraitini təmin etmək mümkün olsun. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tətəflər arasında nikahın pozulması tələbinə dair mülki işə baxılarkən (Salyan Rayon Məhkəməsinin 2(057)- 956/2020 saylı, 11 avqust 2020-ci il tarixli qətnaməsi) hazırki iş üzrə iddiaçıdan hər bir uşaqa ayda 120 manat olmaqla, cəmi 250 manat aliment ödəməsi ilə bağlı qətnamədən narazı qalmamışdır. Hazırda isə məhkəmənin sualına cavab olaraq həmin vaxtdan, məhz əvvəlki işində çalışmaqla həmin məbləğdə bir az artıq əmək haqqı almasını bildirmiş, keçən müddət ərzində maddi vəziyyətində əhəmiyyətli pisləşmə olmasını təsdiq edəcək hər hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, onun hazırda maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. İddiaçının yenidən nikaha daxil olması və həmin nikahdan uşaqının olması məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının azadılması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının müəyyən olunmuş alimentin miqdarının azaldılmasının səbəbi kimi təqdim etdiyi əsas (əmək haqqısının az olması) məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində əhəmiyyətli pisləşmənin olmasına dəlalət edən hallar kimi qəbul edilə bilməz. Həmçinin, iddiaçının maddi qazancının az olması övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. İddiaçının həqiqətən də maddi vəziyyətində əhəmiyyətli pisləşmə olması sübuta yetirilmədiyindən, eyni zamanda daha az hər bir uşaq üçün alimentin (100 manat) ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etməyin mümkün olması, uşaqların böyümkdə davam etməklə onun müvafiq olaraq tələbatlarının artmasını da nəzərə alınmaqla mümkün görünmədiyindən məhkəmə hesab edir ki, alimentin məbləğinin azaldılması barədə tələb təmin edilməməlidir. Bundan başqa, iddiaçı iddiasının təmin edilməli olmasına digər bir əsas kimi yeni ailə qurması və uşaqının olması səbəbindən tələbatlarının artmasını göstərmişdir. Bu əsasa münasibətdə məhkəmə hesab edir ki, onun yenidən ailə qurması əvvəlki nikahından olan uşaqlarının saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının azaldılması üçün mütləq əsas kimi qəbul edilə və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, bu halı əsas gətirməklə alimentin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı həddə azaldılması uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına deyil, uşağın qabiliyyətinin inkişaf etdirilməsinin, onun maddi və mənəvi təlabatlarının təmin edilməsinin, hüquq və mənafelərinin mühafizəsinin pozulmasına gətirib çıxarar. Mübahisə ilə bağlı məhkəmə həmçinin aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etməklə yalnız minimum təminat səviyyəsini nəzərdə tutur. İddiaçı isə yaşayış minimumu, hətta əvvəlki təminat səviyəsindən xeyli az alimentin tutulmasını istəmişdir. Halbuki, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu belə heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Qeyd edilənləri nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş aliment məbləği göstərilən halların məcmusu baxımından da ədalətli və ağlabatandır. Göstərilən bütün halları məcmusu baxımından məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının Salyan Rayon Məhkəməsinin 2(057)- 956/2020 saylı, 11 avqust 2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin hər bir uşaq üçün 100 manatadək azaldılması barədə iddia rədd edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı Salyan Rayon Məhkəməsinin 2(057)-956/2020 saylı, 11 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin azaldılması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar