Məhkəmə qərarları › İş №2(057)-1656/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1656/2025

30.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1656/2025 30.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi, vəkil X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh 16 iyun 2005-ci ildə nikaha daxil olmuş, birgə nikanlarından 12 aprel 2007-ci il təvəllüdlü X6 və 07 mart 2011-ci təvəllüdlü X8 adlı iki övladları olmuşdur. Salyan Rayon Məhkəməsinin 2 (057)-435/2021 saylı 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə həmin nikah pozulmuş, X3 atası ilə, X5 isə onun yanında (anası ilə) qalması qət edilmişdir. Hal-hazırda X6 yetkinlik yaşına çatmış, onun (anasının) yanında qalan X9 isə yetkinlik yaşına çatmamışdır. X14 məktəblidir, onun saxlanması üçün lazim olan tərəfindən tam şəkildə ödənilə bilmir. Hesab edir ki, cavabdeh bir ata kimi uşaqlarını saxlamağa borcludur. Mediasiya prosesi keçirilsə də barışıq mümkün olmamış və Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən X4 sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. 60 manat mediasiya üçün rüsum ödənilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin onun nümayəndəsi, vəkil X7 məhkəmə iclasına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında və xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş İddiaçı bildirmişdir ki, iddianı müdafiə edir, Cavabdeh Bakı şəhərində avtobus sürücüsü işlədiyi üçün gəliri olduğunu, onun yanında qalması qət edilmiş X3 artıq yetkinlik yaşına çatdığını, anasının yanında qalması qət edilmiş X10 isə yetkinlik yaşına çatmadığı üçün xərcləri çox olduğundan iddianın təmin olunmasını və iddia ərizəsində göstərilmiş məbləğdə aliment təyin olunmasını xahiş etmişdir. Cavabdedhin nümayəndəsi, vəkil X7 iddia ərizəsini qismən qəbul etdiyini, cavabdehin "xxxx" MMC-də avtobus sürücüsü işlədiyini, 400 manat, yəni minimum əmək haqqı almasını nəzərə almaqla məhkəmədən nisbətən aşağı məbləğdə aliment təyin olunmasını xahiş etmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Salyan Rayon Məhkəməsinin 2 (057)-435/2021 saylı 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı 16 iyun 2005-ci il tarixli nikah pozulmuşdur. İş materiallarında olan X1 ksero surətlərindən görünür ki, tərəflərin birgə yaşadıqları müddətdə 12 aprel 2007-ci il təvəllüdlü X6 və 07 mart 2011-ci təvəllüdlü X8 doğulmuşdur. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu X4 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2025ci il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixində sessiya keçirilmiş və hər iki tərəf iştirak etsə də, barışıq əldə olunmamış, bundan sonra mediasiya prosesi davam etdirirlməmiş və müvafiq arayış verilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Cavabdehdən alimentin tutulmasına dair iddia tələbini araşdıraraq məhkəmə aşağıdakı nəticəyə gəlir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Minimum əmək haqqı məbləği isə 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək hər iki valideynin borcudur. Hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, İddiaçı cavabdehlə birgə yaşadıqları müddətdə doğulmuş 07 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, uşaqları saxlamaq, onların qayğılarına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaq iddiaçının yanında qaldığından onun saxlanılması ilə bağlı gündəlik qayğılar iddiaçının üzərinə düşür və onun uşağa qulluq etməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının uşaqların saxlanılmasında çətinlik çəkməsi, uşaqların böyüməsi ilə bağlı tələbatlarının artması, İddiaçı və cavabdehin maddi vəziyyəti və 2025-ci ildə olan minimum əmək haqqı da nəzərə alınaraq iddia qismən təmin edilməli, 07 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin hansı tarixdən tutulması ilə bağlı qeyd edir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablandığından alimentin tutulmasına iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən başlanmalıdır. MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 07 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulmalı və qətnamə dərhal icra edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, məhkəmə hesab edir ki, 70.92 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 07 mart 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh İddiaçı xeyrinə ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 60 (altmış manat) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni alimentin tutulmasına iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar