Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1661/2023 01.11.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə aliment tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində Cavabdeh ilə birgə rəsmi nikahlarından doğulmuş 6 aylıq uşağı X1 yetkinlik yaşına çatana qədər 250 manat alimentin əmək haqqından tutulması və uşağın baxılması üçün 3 yaşına qədər 150 manat əlavə xərclərə cəlb olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə İddiaçı ərizə ünvanlayaraq, aliment tələbini müdafiə etdiyini, iştirakı olmadan iclasın keçirilməsini və iddianın təmin olunması üçün cavabdehin X4 əməkdaşı olmasını və İİ Qarabağ Müharibəsi veteranı kimi müavinət almasını əsas götürülməyini xahiş etmişdir. Məhkəməyə Cavabdeh nümayəndəsi X5 ərizə ünvanlayaraq, Cavabdeh müharibə veteranı olmasını, onun X6 Şöbəsində Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsində işləməsini, aylıq əmək haqqının 344,10 manat təşkil etməsini, cavabdehin başqa heç bir yerdən gəlirinin olmamasını bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirib, iddianın qismən təmin edilməsi, alimentin əmək haqqında yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə əlavə olunmuş sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia qisməntəmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflər arasında nikah 22 avqust 2022-ci il tarixdə Salyan rayon Qızılağac kənd İƏDN-də 13 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü ildə təvəllüdlü X7 anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Salyan X2 № 3-13-17-43/342/2023 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh verilən aylıq əmək haqqının ələ çatası məbləği 344,10 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin məzmunundan göründüyü kimi, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulması xx.xx.2023-cü ildən hesablanmalıdır. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2023-cü ildə təvəllüdlü X3 İddiaçı himayəsində yaşaması təsdiq edildiyindən və alimentin yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulması qanunvericiliklə müəyyən edildiyindən həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə, valideynlərin uşaqların saxlanılması üçün məsuliyyət daşımasını nəzərə alaraq belə hesab edir ki, alimentin miqdarı göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla alimentin miqdarının hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilməsi məqsədəmüvafiqdir. Cavabdeh faktiki işlədiyindən və gəliri məlum olduğundan məkəmə alimentin hissə ilə tutulmasını əsaslı hesab edir. İddiaçının uşağın 3 yaşına qədər baxılması üçün hər ay əlavə xərclərlə bağlı 150 manat miqdarında pulun cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tələbin tam həcmdə təmin olunması üçün məhkəməyə sübut təqdim etməmiş,qarşı tərəf isə iddianı həmin hissədə etiraf etməmişdir, həmçinin tərəflər arasında nikah pozulmamış və cavabdehin bu miqdarda pulu ödəməyi üçün zəruri vəsaitə malik olmasını iddiaçı sübut etməmişdir. Ona görə də iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85-ci maddəsində qeyd edilib ki, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü ildən başlayaraq hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30,32 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə yazılmışdır. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1661/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1661/2023
01.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver