Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1664/2024 30.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə qızıl əşyaları tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində bildirmişdir ki, Cavabdeh ona hədiyyə edilmiş 700 manat dəyərində 583 əyarlı kvadrat qızıl saat, 100 manat dəyərində 585 əyarlı, 10 qram ağırlığında 2 ədəd qızıl zəncir, 450 manat dəyərində 583 əyarlı, 4,5 qram ağırlığında nişan üzüyü, 200 manat dəyərində 585 əyarlı 2 qram ağırlığında üzük,180 manat dəyərində 585 əyarlı,1,8 qram ağırlığında üzük, 350 manat dəyərində 585 əyarlı 3,5 qram ağırlığında üzük və 400 manat dəyərində 585 əyarlı 4 qram ağırlığında qolbağın özü ya eynisi və ya bunlar olmadıqda həmin qızıl əşyaların dəyəri olan 2380 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdehlə 28 iyul 2021-ci il tarixdə evlənmiş, birgə nikahdan bir uşağı olmuşdur. 2023-cü ilin iyul ayına kimi qaynatasına məxsus Yenikənd kəndindəki evdə yaşamış, əri isə hərbi hissədə olmuşdur.xx.xx.2023-cü ildə qonaq kimi atası evinə getmiş, atası evinə getməyi söz-söhbətə səbəb olmuş, əri ona niyə atası evinə getdiyini soruşmuş, onunla mübahisə etmiş və bu səbəbə görə bir daha geri qayıtmaq istəməmişdir. Cehiz əşyalarını xx.xx.2023-cü il tarixdə götürmüş, lakin qızıl əşyaları verilməmişdir. 1 ədəd qızıl saatı qaynanası oğlan toyunda hədiyyə etmişdir. Qızıllara şəkil əsasında zərgər qiymət qoymuşdur. 2 qızıl zəncir olmuş, onlardan birini qaynanası, digərini isə ərinin dostu hədiyyə etmişdir. Nişan üzüyü nişanda verilmiş, 2 ədəd üzüyün birini İlyas əmisi, o birisini isə qaynanası vermişdir. Başqa üzük olmamışdır. 3 qramlıq üzük artıq yazılıb, o üzük dəstin üzüyü olmuş, onu da qaynatası qaytarmışdır.1 ədəd qolbağı qaynanası ad günündə ona vermişdir. Atası evinə gedən zaman qızılları özü ilə aparmamışdır. Bakı şəhərində kirayədə qaldığı üçün qızılları özü ilə saxlamamışdır. Boşanandan sonra da qızıllar ona qaytarılmamışdır.Bir qızıl dəstini kəndə atasına qaytarmışlar.Qızıllar satılmamış, cavabdehdə qalmışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh bildirmişdir ki, iddiaçı ilə 28 iyul 2021-ci il tarixdə evlənmiş, birgə nikahdan bir uşağı olmuşdur. Hərbçi olduğu üçün ezamiyyətdə olmuş, evlənəndən bir həftə sonra iddiaçı ilə birlikdə Bakı şəhərində kirayədə yaşamışlar. 2023-cü ilin iyun ayında Fəridə onun valideynləri barədə nalayiq sözlər yazdığı üçün, valideynlərini Salyandakı evlərinə dəvət etmiş, onlara ailəsini Bakıya aparacağını bildirmişdir. Fəridə əsəbi olduğu üçün atası onu atası evinə aparmış, özü də ona bir saat oturub qayıtmasını bildirmişdir. Lakin Fəridə ona qayıtmayacağını demişdir. İddiaçıya qızıl alınmış, lakin nə qızıl alındığını dəqiq bilmir. Qızıl saat anasına məxsus olmuş, həmin qızılı toyda iddiaçıya anası vermişdir. 2 ədəd zəncir ananın olmuş, iddiaçıya taxmaq üçün vermişdir. Nişan üzüyü alınmış, lakin 2023-cü ilin iyun ayından əvvəl satılmışdır. Borcu olmuş, iddiaçı ilə bir yerdə razılığa gəlmiş, qızılları aparıb sataraq, 670 manat pul əldə etmişdir. Özünün əmək haqqısı 1250 manat olmuşdur. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Salyan rayon Qeydiyyat şöbəsinin rəisi R.Hüseynov tərəfindən verilmiş 10 may 2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Salyan Rayon Məhkəməsinin 28 mart 2024-ci il tarixli qətnaməsinə əsasən 30 aprel 2024-cü il tarixdə tərəflər arasındakı nikaha xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-ci il tarixli 75 nömrə ilə qeydiyyata alınmışdır. Salyan Rayon Məhkəməsinin 28 mart 2024-ci il tarixli 2(057)-149/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Nəcəfli (Məmmədova) Fəridə Vüsal qızı ilə Cavabdeh arasında 1 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixdə 1633 saylı akt qeydi ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2023-cü il təvəllüdlü X1 iddiaçı Nəcəfli (Məmmədova) Fəridə Vüsal qızının yanında qalması müəyyən edilmiş, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, aylıq əmək haqqının ¼ (dördə bir) hissəsi miqdarında aliment xx.xx.2023cü il tarixdən hesablanmaqla tutularaq iddiaçı Nəcəfli (Məmmədova) Fəridə Vüsal qızına ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş, 11 iyul 2024-cü il tarixli Neftçala şəhəri, 20 Yanvar D- 1/2 küçəsində yerləşən 49 saylı zərgərlik emalatxanasının zərgər mütəxəsisi X3 tərəfindən verilmiş rəydən görünür ki, 700 manat dəyərində 583 əyarlı kvadrat qızıl saat, 100 manat dəyərində 585 əyarlı, 10 qram ağırlığında 2 ədəd qızıl zəncir, 450 manat dəyərində 583 əyarlı, 4,5 qram ağırlığında nişan üzüyü, 200 manat dəyərində 585 əyarlı 2 qram ağırlığında üzük,180 manat dəyərində 585 əyarlı,1,8 qram ağırlığında üzük, 350 manat dəyərində 585 əyarlı 3,5 qram ağırlığında üzük və 400 manat dəyərində 585 əyarlı 4 qram ağırlığında müəyyən olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda göstərmişdir ki, mütəxəssis qızılları görmədən qızıllara qiymət qoymuşdur. Fəridə ilə ailə qurduqdan sonra Bakı şəhərində kirayədə yaşamışlar. Bakı şəhərində kirayədə yaşadıqları müddətdə çətinlikləri olmuşdur. Birlikdə yaşadıqları müddətdə anası Fəridəyə verdiyi 7 adda qızılları Bakı şəhərində Laçın ticarət mərkəzində satmışlar. Cəmi 670 manat pul çıxartmışdır. Bakıda yaşadıqları müddətdə dolanışığ üçün xərcləmişlər. Fəridə həmin vaxt qızılların satılmasına etiraz etməmişdir. Üstündən 3 il keçəndən sonra indi qızılları tələb edir. Kirayədə yaşadıqları zaman Fəridənin qızıllarının qalan hissəsi Xalac kəndində atasına məxsus evdə olmuşdur. Həmin qızıllar Fəridənin atası Vüsala verilmişdir. Qanunun tələbinə görə gəlinə toy və nişan vaxtı alınan qızıllar ona çatmalıdır. Qızlları bizdən heç kim tələb etməsədə bunu qaytarmışlar. Həmin qızılların onlarda olmasını dansaydı və ya vermək fikri olmasaydı qaytarmazdıq. Fəridənin valideynləri tərəfindən ona verilmiş nişan üzüyünü də onlara qaytarmışlar. Əslində həmin nişan üzüyü ona hədiyyə alınmışdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarmağınızı xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh tərəf iddiaçıya hədiyyə olunmuş qızılları aralarında narazılıqlar baş verməyə başladıqdan sonra satmış və bu halı cavabdeh özü də etiraf etmişdir.Məhkəmə iddiaçının dediklərini daha əsaslı hesab edərək iddianın qismən təmin olunmasını daha əsaslı və qanuni hesab edir. İddiaçının dəst qızıla aid olan üzüyün iddia ərizəsində artıq yazıldığını qeyd edərək həmin üzüyün onda olduğunu bildirmişdir.Ona görə də iddia həmin hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir.Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsində qeyd olunmuşdur ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Resçpublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində qeyd olunmuşdur ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 700 manat dəyərində 583 əyarlı Kvadrat qızıl saat, 100 manat dəyərində 585 əyarlı, 10 qram ağırlığında 2 ədəd qızıl zəncir, 450 manat dəyərində 583 əyarlı, 4,5 qram ağırlığında nişan üzüyü, 200 manat dəyərində 585 əyarlı 2 qram ağırlığında üzük, 180 manat dəyərində 585 əyarlı,1,8 qram ağırlığında üzük və 400 manat dəyərində 585 əyarlı 4 qram ağırlığında qolbaq, qətnamə icra olunan vaxt həmin əmlaklar olmadığı halda onların dəyəri və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 37,50 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1664/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1664/2024
30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver