Məhkəmə qərarları › İş №2(057)-1699/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1699/2025

01.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1699/2025 01.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əflatun oğlunun iştirakları ilə İddiaçı Cavabdeh Əflatun oğluna qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh Əflatun oğluna (bundan sonra - cavabdeh) qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 iyun 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh Əflatun oğlundan hər ay üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh Əflatun oğlu ilə nikahlarını 04 avqust 2022-ci il tarixdə rəsmi qeyd edərək ailə qurmuşlar. Cavabdehlə birgə nikahlarından 09 iyun 2022ci il təvəllüdlü X8 adlı 1 nəfər uşaqları doğulmuşdur. Münasibətləri pisləşmiş artıq uzun müddətdir ki, valideynlərinin yanında yaşayır. Bu müddət ərzində cavabdeh onlarla maraqlanmamışdır. Hesab edir ki, cavabdeh bir ata kimi uşağını saxlamağa borcludur. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, iddianı müdafiə edir. Faktiki olaraq 6 aydır ayrı yaşayırlar. Birgə nikahlarından 1 uşaqları var. O, ər evində türmə həyatı yaşamışdır. Ona telefon işlətməyə icazə verməmişdir. Əvvəllər iri həcmli nəqliyyat vasitəsi olan TİR idarə edirdi. Hazırda kənd içərisində taksi sürür. Aylıq 400-450 manat gəliri var. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, əvvəllər iri həcmli nəqliyyat vasitəsi olan TİR idarə sürücüsü işləmişdir. Hazırda səhhətində olan problemlə bağlı işləmir. Uşağını saxlamaqdan imtina etmir. 6 ay ərzində hər həftə bazarlıq edərək uşağına aparmışdır. 10 gündür ki, uşağını görmür. Müəyyən məbləğ ödəyə bilər. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” X9 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş X2 ksero surətindən görünür ki, Cavabdeh ilə X6 nikahlarını xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” X7 bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2937 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Paşayeva soyadı verilmişdir. İş materiallarında olan X3 ksero surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X8 doğulmuşdur. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu X5 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2025-ci il tarixində sessiya keçirilmiş və cavabdehin iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Cavabdehdən alimentin tutulmasına dair iddia tələbini araşdıraraq məhkəmə aşağıdakı nəticəyə gəlir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Minimum əmək haqqı məbləği isə 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşağın qayğısına qalmaq və onu tərbiyə etmək hər iki valideynin borcudur. Hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, İddiaçı cavabdehlə birgə nikahlarından doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, uşağı saxlamaq, onun qayğısına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaq iddiaçının yanında qaldığından onun saxlanılması ilə bağlı gündəlik qayğılar iddiaçının üzərinə düşür və onun uşağa qulluq etməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Cavabdehin üzərinə 2025-ci il üzrə müəyyən edilmiş hər ay üçün minimum əmək haqqı məbləğinin 0.58 misli miqdarında sabit pul məbləğində aliment öhdəliyinin qoyulması qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, cavabdehin gəlirləri barədə iddiaçı tərəfindən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə qətnaməsi əsaslı olmaqla icrası mümkün olmalıdır. Cavabdehin üzərinə qətnamə əsasında 2025-ci il üzrə müəyyən edilmiş hər ay üçün minimum əmək haqqı məbləğinin 0.58 misli miqdarında alimentin ödənilməsi öhdəliyi qoyulması qismən olaraq faktiki icrasız qalmasına səbəb olmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinə görə cavabdeh vətəndaşın cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yarada bilər. Nəzərə almaq lazımdır ki, 250 manat məbləğində alimentin tutulması işsiz şəxs (gəlirləri müəyyən deyil) üçün mövcud iqtisadi şərtlər, cavabdehin şəxsi mənafeyi, məhkəmə qətnaməsinin icrası perspektivi nəzərə alınmaqla məqsədə müvafiq deyil. Məhkəmə qeyd edir ki, uşağın valideynlərin birinin yanında saxlanılması digər valideynin uşaqlarla ünsiyyət hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsində müəyyən edilmiş hallar istisna olmaqla valideyn-övlad münasibətlərinə əsassız, qeyri-legitim məhdudlaşdırmaların tətbiq edilməsi yolverilməzdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkməsi, uşağın böyüməsi ilə bağlı tələbatlarının artması, İddiaçı və cavabdehin maddi vəziyyəti və 2025-ci ildə olan minimum əmək haqqı da nəzərə alınaraq iddia qismən təmin edilməli, 07 may 2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh Əflatun oğlundan İddiaçı xeyrinə ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin hansı tarixdən tutulması ilə bağlı qeyd edir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablandığından alimentin tutulmasına iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən başlanmalıdır. MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 07 may 2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh Əflatun oğlundan İddiaçı xeyrinə ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulmalı və qətnamə dərhal icra edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, məhkəmə hesab edir ki, 41.60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 07 may 2025-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay Cavabdeh Əflatun oğlundan İddiaçı xeyrinə ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh X1 41.60 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar