Məhkəmə qərarları › İş №2(057)-1860/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1860/2025

25.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1860/2025 25.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsində saxlanılması” tələbinə tələbi dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Salyan rayon Qızılağac kənd inzibati ərazi nümyəndəliyində İddiaçı ilə Cavabdeh 14 .09.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 22 nömrə ilə qeydiyyat aparılmışdır.

2. Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 623228 saylı X2 surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 ana qrafasında Cavabdeh, ata qrafasında - İddiaçı qeyd olunmuşdur.

3. Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 122967 saylı X2 surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X5 ana qrafasında Cavabdeh, ata qrafasında - İddiaçı qeyd olunmuşdur.

4. Salyan Rayon Məhkəməsinin 2(057)-194/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikhaın pozulması və uşaqların yaşayış yerinin müəyyən edilməsi” barədə iddia tələbi təmin edilmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-659/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Salyan Rayon Məhkəməsinin 2(057)-194/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2015-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 İddiaçı himayəsində saxlanması hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi, xx.xx.2015-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 Cavabdeh verilməsi və xx.xx.2015-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, alimentin ödənilməsi uşaqların iddiaçıdan alınaraq cavabdehə verildiyi tarixdən hesablanması qərara alınmışdır.

6. Salyan rayon İcra və Probasiya şöbəsinə Cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 659/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2015-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 ataları İddiaçı oğlundan alınaraq ona verilməsi və hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat aliment pulunun X10 və X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh ödənilməsi qərara alınmışdır. Mən- Rzayeva X9 Razi Namus oğlu ilə razılığa gələrək azyaşlı X10 və X1 üçün onun himayəsinə vermişəm. Hal-hazırda uşaqlar atasının himayəsindədir. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-659/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icra vərəqəsinin icra edilmədən məhkəməyə qaytarılmasını xahiş edirəm. İmza: xx.xx.1992-ci ildə Salyan Rayonunda anadan olmuş, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olan Cavabdeh.

7. Salyan rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərar ilə Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-659/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

8. Salyan 1 saylı Mediasiya Təşkilatında keçirilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞS/MT-028/2025/0208A saylı, xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, İddiaçı Cavabdeh ilə aralarında olan xx.xx.2015-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 onun himayəsində olmasının müəyyən edilməsinə dair mübahisə predmeti barədə mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir və müvafiq Arayış tərtib olunmuşdur.

9. Cavabdeh tərəfindən Salyan Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, yazıb Sizə bildirirəm ki, xx.xx.2025-ci il Salyan rayon İcra və Probasiya şöbəsinə göndərdiyim mövqedə qalır. Yəni xx.xx.2015-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X7 öz istəyimlə könüllü şəkildə ataları İddiaçı himayəsinə vermişdir. Hal-hazırda uşaqlar ataları ilə qalır və onun himayəsindədir. Odur ki, X10 və X5 qəyyumluğunun ataları İddiaçı verilməsini xahiş etmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların birgə nikahlarından doğulmuş xx.xx.2015-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 onun himayəsinə verilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddianın əsaslarına görə, onunla Cavabdeh arasında olmuş nikahdan doğulmuş xx.xx.2015-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 hazırda onun himayəsindədir. X6 Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi əsasında verilmiş 2(106)-659/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi cavabdehin teleqramında qeyd etdiyi iradəsinə ifadə etdiyi münasibətdə xitam olunmuşdur.Hazırda birgə nikahdan doğulmuş uşaqlar onun himayəsindədir. X12 Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi mövcuddur. Həmçinin cavabdeh tərəf yenidən nikaha daxil olmuşdur və uşaqların onun himayəsində qalmasına etiraz etmir.

a) iddiaya etiraz

12. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

b) məhkəmə icraat iştiakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, iddianı müdafiə edir. Aliment tələbi yoxdur. Uşaqlar hazırda onunla qalır. Uşaqların onun yanında saxlanması ilə bağlı cavabdeh tərəfindən icra mərhələsində teleqramla müraciət etmiş və uşaqların onun yanında saxlanmasına etiraz etməmişdir. Qeyd etdiyi halları nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.Uşaqların onun yanında saxlanmasına dair mövqeyini bildirməsi üçün ondan teleqram vurulmasını xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən 27 sentyabr 2015-ci il təvəllüdlü X10 təhsil aldığı Qızılağac kənd orta məktəbinin təlim-tərbiyə işləri üzrə müdir müavini X3 iştirakı ilə dindirlən zaman bildirmişdir ki, hazırda 5-ci sinifdə oxuyur, sinifinin əlaçısıdır. Atası və digər ailə üzvləri ilə bərabər yaşayırlar. Atası,nənəsi və atasının yenidən nikaha daxil olduğu sinif rəhbəri ona və qardaşına yaxşı baxır, təhsili ilə maraqlanır və qayğı göstərirlər. Lakin analarından həmin qayğı və diqqəti görmədiklərindən yenidən onunla qalmaq istəmirlər.

15. Məhkəmə iclasında iştirak edən xx.xx.2018-ci il təvəllüdlü X11 təhsil aldığı Qızılağac kənd orta məktəbinin təlim-tərbiyə işləri üzrə müdir müavini X3 iştirakı ilə dindirlən zaman bildirmişdir ki, hazırda 2-ci sinifdə oxuyur, dərslərini yaxşı oxuyur. Atasının yenidən nikaha daxil olduğu Aygün müəllimə onun sinif rəhbəridir. Atası, nənəsi və Aygün müəllimə ilə birlikdə yaşayırlar. Onlar ona və qardaşına yaxşı baxır, təhsili ilə maraqlanır və qayğı göstərirlər. Lakin analarından həmin qayğı və diqqəti görmədiklərindən yenidən onunla qalmaq istəmirlər. Atası ilə qalmaq istəyir.

16. Məhkəmə iclasında iştirak edən Salyan rayonunun Qızılağac kənd orta məktəbinin təlim-tərbiyə işləri üzrə müdir müavini X8 məhkəmədə bildirmişdir ki, İddiaçı Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2015-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X11 hazırda Qızılağac tam orta məktəbində müvafiq olaraq 5-ci və 2-ci siniflərdə təhsil alırlar. Dərslərində fəal və oxumağa meylli şagirdlərdəndirlər. Ataları İddiaçı mütəmadi olaraq özü və onun həyat yoldaşı olan məktəbin müəliməsi Aygün müəllimə də uşaqların sinif rəhbəri kimi daim onları nəzarətdə saxlayır. Uşaqların ataları ilə daim sıx ünsiyyətdə olduğunun və ona bağlı olduqlarının şahidi olmuşdur.

17. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

18. Azərbaycan Respunlikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

19. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2-ci maddəsinə əsasən, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli; 22.2.3-ci maddəsinə əsasən, ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı; 22.2.4-ci maddəsinə əsasən, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. 49.1-ci maddəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-ci maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 58.3-cü maddəsinə əsasən, valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. 58.4-cü maddəsinə əsasən, valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 60.4-ci maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1-ci maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanunun: 20-ci maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

22. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı : 7.1-ci bəndinə görə, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. 7.2-ci bəndinə görə, valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. 7.3-ci bəndinə görə, nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. 7.4-ci bəndinə görə, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. 7.6-cı maddəsinə əsasən, məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmələrə izah edilsin ki, məhkəmə qətnaməsinin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşağın həmin valideynin yanında olmadığı hallarda onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsini həll etməklə yanaşı, həmin valideynlə uşaq arasında uzun müddət ərzində ünsiyyətin olmaması nəticəsində yaranan və buna görə də, gələcəkdə qətnamənin icrasını çətinləşdirə biləcək dərəcədə bağlılığın zəyiflədiyini, münasibətlərin soyuduğunu müəyyən etdiyi halda uşağın mənafeyi baxımından Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə uyğun olaraq qətnamənin nəticə hissəsində icra qaydası və müddətini göstərməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun əvəzinin ödənilməsini tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

24. Məhkəmə iddiaçı və cavabdehin mövqeyini nəzərə almaqla, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

25. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından 27 sentyabr 2015-ci il təvəllüdlü X10 və 30 aprel 2018-ci il təvəllüdlü X11 doğulmuşdur. Tərəflər arasında nikah Salyan Rayon Məhkəməsinin 2(057)-194/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqların İddiaçı himayəsinə verilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-659/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə isə Cavabdeh şikayəti təmin olunaraq qətnamə hissəvi ləğv olunmuş, birgə nikahdan doğulmuş uşaqların ananın himayəsinə verilməsi qərara alınmışdır. Qeyd olunan qətnamənin qanuni qüvvəsini aldıqdan sonra verilmiş icra vərəqəsi əsasında qətnamə icra mərhələsində olduğu zaman Cavabdeh teleqramla müraciət edərək, könüllü şəkildə qətnamə ilə onun himayəsinə verilmiş birgə nikahdan doğulmuş 27 sentyabr 2015-ci il təvəllüdlü X10 və 30 aprel 2018-ci il təvəllüdlü X5 ataları İddiaçı himayəsinə verməsini və bu səbəbdən qətnamə əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hazırki məhkəmə mübahisəsinin predmetini təşkil edən münasibət Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qüvvədə olan qətnaməsi ilə müyyən olunmuş uşaqların valideynlərdən birinin himayəsinə verilməsi ilə bağlıdır ki, qətnamə ilə uşaqların ananın himayəsinə verilməsi qət olunsa da, həm icra mərhələsində Cavabdeh teleqramla öz iradə ifadəsini bildirmiş, həmçinin hazırki məhkəmə baxışında da eyni məzmunlu teleqramla məhkəməyə müraciət edərək, uşaqların atanın himayəsinə verilməsinə etirazının olmadığını və uşaqların artıq uzun müddətdir ki, atanın himayəsində olduğunu məhkəməyə bildirmişdir. Həmçinin məhkəmə araşdırması zaman tərəflərin birgə nikahlarından doğulmuş 27 sentyabr 2015-ci il təvəllüdlü X10 (10 yaş) və 30 aprel 2018-ci il təvəllüdlü X5 (7 yaş) təhsil aldıqları təhsil müəssisəsində çalışan pedaqoq Rafət Əliyevin iştirakı ilə fikirləri dinlənilərkən müəyyən olunmuşdur ki, uşaqlar artıq uzun müddətdir ataları İddiaçı himayəsindədirlər. Ataları mütəmadi onlarla maraqlanır, onların daim qayğısına qalır, həmçinin təhsil mərhələsindəki davranışlarını daim izləyir və atası ilə bərabər bu işdə onun nənəsi və atasının ikinci nikah bağlaması ilə həyat yoldaşı olan Aygün adlı xanım da onlara qarşı xüsusi həssaslıq göstərir. Bu səbəblərdən atalarından gördükləri nəvazişə və qayğıya görə onunla qalmaq istədiklərini məhkəmə iclasında məhkəmənin diqqətinə çatdırdılar. Qeyd olunan halları ümumiləşdirən məhkəmə iş materiallarına əsasən qeyd etməyi zəruri hesab edir ki,

26. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsində müəyyən edilmiş hallar istisna olmaqla valideyn-övlad münasibətlərinə əsassız, qeyri-legitim məhdudlaşdırmaların tətbiq edilməsi yolverilməzdir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, üzərinə düşən sübutetmə (təkzibetmə) funskiyasını təşkil etməmişdir, lakin məhkəməyə teleqram vurmaqla öz iradə ifadəsini bəyan etməklə bu funksiyanı əksinə təsdiqetmə istqamətində istifadə etmişdir.

27. Odur ki, mövcud iqtisadi şərtlər nəzərə alınmaqla yetkinlik yaşına çatmayan uşağın mənafelərinin qorunması, psixoloji müdafiəsin dövlət tərəfindən zəmanət verilməsi, təhsil, tərbiyə xərclərinin, istirahət və digər mədəni hüquqlarının minimum səviyyədə qarşılanması, layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan 27 sentyabr 2015-ci il təvəllüdlü X10 və 30 aprel 2018-ci il təvəllüdlü X11 İddiaçı himayəsinə verilməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı “uşaqların atanın yanında saxlanılması” tələbinə dair iddiası təmin edilsin. Yetkinlik yaşına çatmayan 27 sentyabr 2015-ci il təvəllüdlü X10 və 30 aprel 2018-ci il təvəllüdlü X11 İddiaçı yanında saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar