Məhkəmə qərarları › İş №2(057)-1989/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1989/2024

14.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1989/2024 14.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə nikaha daxil olaraq evlənmişdir. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X9 doğulmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir-birilərini başa düşmüşlər və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Onlar ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları isə onun himayəsindədirlər. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. O isə uşaqların təminatını ödəməkdə çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, uşaqları onun himayəsindədir. Hazırda cavabdehin valideyinlərinin evində qalır. Cavabdeh Bakı şəhərində usta işləyir. 05 ildir ki, cavabdeh onlara baxmır. Qaynatası hər ay aylıq 300-400 manat məbləğində bazarlıq edərək onlara maddi köməklik edir. Özü işləmir. Ona görə də, hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsi və “AZEMİS” vasitəsi ilə “SMS” bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında mülki iş üzrə Cavabdeh istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlanılmış, o bildirmişdir ki, ona qarşı iddia ərizəsi verildiyi və məhkəmə iclası barədə məlumatlıdır. Məhkəmə baxışı iclasına gəlməyəcəkdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon Sarvan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İİ № seriyalı, 245214 nömrəli X5 ksero surətindən görünür ki, Cavabdeh ilə X3 arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış, həmin tarixdən nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əzizova soyadı verilmişdir. İş materiallarında olan X1 ksero surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X9 doğlumuşdur. İş materiallarında olan X6 sonra prosesin davam etdirilə bilməməsi barədə mediator X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞS/MT-028/2024/0427A saylı arayışdan görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2024-cü il tarixində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər X6 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Cavabdeh alimentin tutulmasına dair iddia tələbini araşdıraraq məhkəmə aşağıdakı nəticəyə gəlir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valedeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən aliment tutulması ilə bağlı ilk növbədə qeyd edir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək hər iki valideynin borcudur. Hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh ilə birgə nikahlarından doğulmuş X7 və X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, uşaqları saxlamaq, onların qayğılarına qalmaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar iddiaçının yanında qaldığından onların saxlanılmaları ilə bağlı gündəlik qayğılar iddiaçının üzərinə düşür və onun uşaqlara qulluq etməsi cavabdehdən tutulacaq alimentin məbləği müəyyən edilərkən diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının uşaqların saxlanılmasında çətinlik çəkməsi, uşaqların böyüməsi ilə bağlı tələbatlarının artması, iddiaçı və cavabdehin maddi vəziyyətini və uşaqlar üçün müəyyən edilmiş hazırki yaşayış minimumu da nəzərə alınaraq iddia qismən təmin edilməli, birgə nikahlarından doğulan xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 190 olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin hansı tarixdən tutulması ilə bağlı qeyd edir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablandığından alimentin tutulmasına iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2024-cü il tarixdən başlanmalıdır. MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahınlarından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalı, alimentin tutulması 30 avqust 2024-cü il tarixdən etibarən hesablanmalı, qətnamə aliment hissəsində dərhal icra edilməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, məhkəmə hesab edir ki, 65.60 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment 30 avqust 2024-cü il tarixdən tutularaq İddiaçı verilsin. Cavabdeh 65.60 (altmış beş manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar