Məhkəmə qərarları › İş №2(057)-1997/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1997/2024

30.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1997/2024 30.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X15 Yaqub oğlunun sədrliyi Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il təvəllüdlü X1 üçün 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi – atası Nümayəndə iddianı onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehlə nikahları xx.xx.2021-ci ildə Salyan RİHB Şorsulu kənd İƏD-də nümayəndəliyində rəsmiləşdirilmişdir. Birgə nikahlarından anadan olmuş xx.xx.2021-ci il tarixdə X7 hazırda iddiaçının yanındadır. Cavabdeh bu günə qədər uşağın saxlanılmasına köməklik göstərmir. 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun məbləğinin 235 manat müəyyən edilməsini nəzərə alaraq o cavabdehdən uşağın saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin mediasiya üçün müraciət edildiyi xx.xx.2024-cü il tarixindən tutulmasını istəyir. X3 apardığı ilkin mediasiya prosesində iddiaçı tərəf iştirak etmiş və cavabdeh iştirak etmədiyi üçün “mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış təqdim edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddianı müdafiə edir, cavabdehin hər ay 140 (bir yüz qırx) manat aliment ödəməsinə razıdır. Ərizəsinin nəzərə alınmasını xahiş edir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddianı 140 manata qədər hissədə qəbul edir, hər ay 140 manat aliment ödəməyə razıdır. Ərizəsini nəzərə alıb qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmədə onu nümayəndəsi – atası Nümayəndə təmsil etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddələrinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi- atası Nümayəndə iddia ərizəsinə uyğun izahat vermiş və göstərmişdir ki, iddianı qismən müdafiə edir, ilkin iddia ərizəsində göstərdiyi kimi xx.xx.2021-ci il təvəllüdlü X2 üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsini tələb etsə də, hazırda cavabdehin kredit borclarının olmasını nəzərə alaraq ondan hər ay 235 manat deyil, 140 manat miqdarında sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, iddianı 140 manata qədər hissədə qəbul edir, xx.xx.2021-ci il təvəllüdlü X2 üçün hər ay 140 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə ödəməyə razıdır. Ərizəsini nəzərə alıb qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, ərizələrini, iş materiallarını nəzərdən keçirərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İİ 420952 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 nikahları 26 fevral 2021-ci il tarixdə Salyan rayonu Şorsulu kənd İƏN-də 03 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İddiaçıya “Əkbərova” soyadı verilmişdir. İşdə olan AZ-İV 676754 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 05 dekabr 2021-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan 14 iyun 2024-cü il tarixli MŞS/MT-028/2024/0299A saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Əkbərov Cavabdeh Nübar Fərman qızı tərəfindən təsvir edilən aliment tələbinə dair mübahisə üzrə 14 iyun 2024-cü il tarixində, 17:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 280 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahlarından anadan olmuş Səbuhi adlı uşağın qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi hər ay 235 (iki yüz otuz beş) manat məbləğində deyil, 140 (bir yüz qırx) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, iddiaçının nümayəndəsi və cavabdeh bu barədə məhkəməyə ərizələr təqdim etmişlər. Hazırkı halda iddiaçının tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, onun hər hansı konkret gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamış, bu barədə iddiaçı tərəf məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. İddiaçının “alimentin mediasiya prosesi ilə bağlı müraciət olunduğu andan tutulması tələbi” ilə bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Bundan başqa, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Mediasiya prosesində tərəflər arasında razılıq əldə olunmağa çalışılır və bu zaman alimentin miqdarı, ödənilmə şərtləri və əvvəlki dövr üçün ödənişlər müzakirə edilir. Hazırki işin hallarından görünür ki, iddiaçı alimentin miqdarı, ödənilmə şərtləri ilə bağlı cavabdehlə aralarında razılıq əldə etmək üçün məhkəməyə müraciət edənədək xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixə saat 10:00-a təyin edilmiş mediasiya prosesinə gəlməməklə və ya cavabdehlə razılıq əldə olunmadığına görə bununla bağlı xx.xx.2024-cü il tarix tarixli müvafiq “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə”arayış tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, əgər mediasiya prosesi zamanı tərəflər arasında razılıq əldə olunsa idi, bu razılıq məhkəməyə təqdim edilərdi. Hazırki halda razılıq əldə olunmadığı üçün iddiaçı mübahisənin məhkəmə yolu ilə həll olunması məcburiyyətində qalmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında alimentin ödənilməsi ilə bağlı mübahisə müvafiq arayışın tərtib olunduğu xx.xx.2024-cü il tarixdən başlandığına görə həmin arayışın tərtib olunduğu andan etibarən alimentin tutulması məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın verildiyi tarixdən - yəni 14 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 1680 manat (12 X 140=1680) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1680 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 680 (1680-1000=680) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 6.80 manat, cəmi isə 36.80 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 1997-ci ildə Salyan rayonu Şorsulu kəndində anadan olmuş, Salyan rayonu Şorsulu Ərazi Dairəsi Boranıkənd kəndində yaşayan Cavabdeh İddiaçı xeyrinə 05 dekabr 2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışın verildiyi 14 iyun 2024-cü il tarixdən hesablansın. Cavabdeh 36 (otuz altı) manat 80 (səksən) qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar