Məhkəmə qərarları › İş №2(057)-2235/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2235/2024

04.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2235/2024 04.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Rusiya Federasiyası vətəndaşı olan cavabdehlə xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasında rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Birgə nikah dövründə aralarındakı münasibətlər kəskinləşmiş və 2024-cü ilin may ayında uşaqla birlikdə Azərbaycan Respublikasına qayıtmışdır. Həmin vaxtdan uşaq onun himayəsində yaşayır. Cavabdeh uşağın maddi təminatında iştirak etməkdən imtina edir. Uşağın bütün tələbatları onun tərəfindən ödənilir. Odur ki, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 235 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi vəkili X7 məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X2 Federasiyası Tatarıstan Respublikasında anadan olmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Rusiya Federasiyası vətəndaşı olan Cavabdeh ilə İddiaçı xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasında rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuşlar. MŞS/MT-028/2024/0419A saylı, xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Salyan 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, İddiaçı aliment üçün təşkilata müraciət etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün arayış tərtib edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasında rəsmi qaydada nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X4 adlı uşaqları olmuş və halhazırda uşaq iddiaçının himayəsindədir. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, uşağın saxlanmaları üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-ci ilin yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə uşaq yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmalıdır. Tərəflərin maddi, əmlak və s. vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, məhkəmə alimentin miqdarının sabit pul məbləğində iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay 235 manat deyil, hər ay 180 manat müəyyən olunmasını məqsədəuyğun hesab edir. Belə ki, iddiaçının uşağın saxlanılması üçün cavabdehdən tutulmasını tələb etdiyi məbləğ 2024cü ildə bir uşağın yaşayış minimumu kimi müəyyən edilmiş məbləğə (235 manat) bərabər olsa da, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəliri olması ilə bağlı hər hansı bir əsas gətirilməmiş, bu barədə sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib deyildir. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdehdən tutulmalı olan aliment 180 (yüz səksən) manat olmaqla sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X1 üçün 180 manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar