Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-2380/2025 18.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 mart 2011-ci il təvəllüdlü X2 və 30 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə, Cavabdeh ilə olan nikahları Salyan Rayon Məhkəməsinin 12 mart 2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehlə birgə nikahlarından 28 mart 2011-ci il təvəllüdlü X2 və 30 aprel 2012-ci il təvəllüdlü X3 adlı 2 nəfər uşaqları doğulmuşdur. Nikah pozulan zaman uşaqların saxlanılması üçün də aliment kəsilmiş, aralarında olan razılaşmaya əsasən o, daha sonradan alimentdən imtina etmişdir. Lakin cavabdeh tərəfindən həmin razılaşmaya əməl olunmamışdır. Hesab edir ki, cavabdeh ata kimi uşaqlarını saxlamağa borcludur.
Məhkəmə icraat iştirakçılarının izahatları
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; ... Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
6. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarı: 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”
Məhkəmənin mövqeyi
7. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, iş üzrə icraata xitam verilməlidir.
8. Belə ki, işdən görünür ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması tələbi ilə çıxış etmiş, bu zaman əsas olaraq, ölkə üzrə yaşayış minimumunun artımına əsaslanmışdır.
9. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarına əsasən əgər alimentin miqdarının artırılması barədə iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə iş üzrə icraata xitam verilməlidir.
10. Göründüyü kimi, hazırkı işdə də iddia minimum əmək haqqının artımına əsaslanır və belə olan halda işə məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir.
11. Odur ki, hazırkı işə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya icra icraatı qaydasında müraciət etmək hüququ izah olunmalıdır.
12. Göstərilənləri və MPM-nin 52, 191, 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı icra icraatı qaydasında alimentin indeksasiya barədə ərizə ilə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rüstəm Alıyev