Məhkəmə qərarları › İş №2(057)-343/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-343/2024

12.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-343/2024 12.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün mediasiyaya müraciət edilən xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər uşağa 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, 2017-ci ildə cavabdehlə evlənmiş və 2 uşağı olmuşdur. Nikah xx.xx.2022-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuş , 2 uşaq öz yanında qalmış və hər uşağa görə 120 manat olmaqla cəmi 240 manat aliment kəsilmişdir. Cavabdeh təqribən bir ildir ki, alimet vermir. xx.xx.2022-ci ildə Həbib uşaqları aparmış 7-8 ay özündə saxlamışdır. 2023-cü ilin oktyabr ayından uşaqlar öz yanındadır. Özünün alimentin verilməsi barədə qətnamənin olduğundan məlumatı var, lakin iddianı vəkili qaldırmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-235/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Salyan rayonu Qeydiyyat Şöbəsində xx.xx.2018-ci il tarixdə, 377 nömrə ilə qeydedilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 19 may 2018-ci il təvəllüdlü X3 və 29 iyun 2019-cu il təvəllüdlü X2 İddiaçı himayəsində saxlanılması və 19 may 2018-ci il təvəllüdlü X3 və 29 iyun 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər uşağa görə hər ay 120 manat olmaqla, cəmi 240 manat miqdarında alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-1665/2022 saylı qətnaməsinin surətindən görünür ki, 19 may 2018-ci il təvəllüdlü X3 və 29 iyun 2019-cu il təvəllüdlü X4 ataları Cavabdeh alınıb, anaları İddiaçı verilməsi qət edilmişdir. Salyan rayon Qeydiyyat Şöbəsinin 19 dekabr 2023-cü il tarixli arayışlarından görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü Sevinc və xx.xx.2019-cu il təvəllüdlü Büşra adlı uşaqları olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, məhkəmə qətnaməsi ilə 19 may 2018-ci il təvəllüdlü X3 və 29 iyun 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər uşağa görə hər ay 120 manat olmaqla, cəmi 240 manat miqdarında alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Artıq iddiaçının aliment tələbi üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə iddianın rədd olunmasını daha əsaslı hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsində qeyd olunmuşdur ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün mediasiyaya müraciət edilən xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər uşağa 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya rüsumunun tutularaq ona ödənilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar